Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün rəsmi Bakının təşəbbüsü və cəhdi ilə irəliyə doğru mühüm yol qət edilib. Ermənistan ilə Azərbaycan liderlərinin Əbu-Dabi şəhərində keçirilən görüşü isə sülh müqaviləsinin imzalanmasına tezliklə nail olunacağına ilə bağlı böyük ümidlər yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən həmin görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılıb. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Beynəlxalq birliyin dəstəyi
İki ölkə arasında sülh istiqamətində əldə olunan müsbət irəliləyişlərə beynəlxalq birlik tərəfindən böyük dəstək oldu. Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən dərhal sonra ABŞ tərəfindən bölgədə sülh səylərinin dəstəkləndiyi ilə bağlı açıqlama verildi. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransında bildirib ki, ölkəsi Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir.
Bir neçə gün əvvəl isə ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağına inandığını bildirib. Bu barədə amerikalı lider Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib və bu, yaxşı nəticəyə gətirib çıxaracaq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş də iki ölkə lideri arasında keçirilən Əbu-Dabi görüşünü bölgədə dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı zamanı deyib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını diqqətlə izləyir: "Türkiyə Qafqazda sülhün təmin edilməsi üçün səyləri dəstəkləməyə davam edəcək".
"Biz Ermənistanın Cənubi Qafqazda sabitliyi təmin etmək səylərini, xüsusən də Azərbaycanla sülh danışıqlarında iştirakını və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı addımları yüksək qiymətləndiririk". Bu isə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın fikridir.
Sülh yeganə seçimdir
Son beş ilə yaxın zaman dilimində Azərbaycanın davamlı sülh səyləri müsbət nəticələr əldə olunmasına rəvac verib. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə artıq start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb. Qazax rayonunun işğal altında olmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri qaytarılıb. İki ölkə arasında 12,7 kilometrlik dövlət sərhədi razılaşdırılıb.
Bu ilin mayında Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesinin yekunlaşdığı barədə hər iki ölkə tərəfindən rəsmi məlumat verilib.
Torpaqlarının işğalı dövründə onilliklər boyu böyük səbir və təmkin nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həll olunmasına tərəfdar çıxan Azərbaycan postmünaqişə dövründə də sülh gündəliyinə sadiqlik nümayiş etdirir. Rəsmi Bakı bölgədə təhlükəsizliyin, sabitliyin nəhayət bərqərar olması üçün mühüm təşəbbüslərlə çıxış edir, normallaşmaya nail olunması üçün xüsusi səylər göstərir. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq milli maraqlarını tam təmin edən və sürətlə hərtərəfli sahələrdə inkişaf edən Azərbaycan bölgənin lider ölkəsi olmaqla yanaşı, qlobal məsələlərin həllində vacib rol oynayan aktora çevrilib. Bu mənada sülh müqaviləsinin tezliklə imzalanmasının təcavüzkar siyasəti nəticəsində özünü 30 ildir dalan ölkəyə çevirən Ermənistana daha çox lazım olduğu da gün kimi ortadadır. Lakin 44 günlük Vətən müharibəsindən ötən müddətdə də yaşananlar göstərdi ki, İrəvan xarici havadarlarına güvənərək hansısa xam xəyallara qapılmışdı və sülh prosesindən yayınırdı. Ancaq sülh təşəbbüsçüsü kimi çıxış edən Azərbaycan atdığı qətiyyətli addımlarla, yürütdüyü sərrast diplomatiya ilə ortaya qoydu ki, yerləşdiyi coğrafi bölgənin yenidən münaqişə, müharibə ocağına çevrilməsinə qətiyyən imkan verməyəcək və Ermənistanın sülhdən başqa yolu yoxdur.
Bölgədə de-fakto sülh mövcuddur
Məhz Azərbaycanın sülh prosesinə liderlik etməsinin nəticəsidir ki, Cənubi Qafqaz artıq münaqişə bölgəsi hesab edilmir. Bu da onu deməyə əsas verir ki, regionda artıq de-fakto sülh əldə edilib, sadəcə, bunu hüquqi çərçivəyə salmaq, sülh müqaviləsini imzalamaq lazımdır.
Bunun üçün isə Azərbaycan tərəfinin beynəlxalq hüququn tələblərinə uyğun irəli sürdüyü tələblər yerinə yetirilməlidir. İlk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olan konstitusiyasını dəyişdirməlidir. ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət ünvanlamalıdır. Həmçinin Aİ missiyası adı altında bölgədə yerləşdirilən üçüncü ölkələrin qüvvələri çıxarılmalıdır.
Vurğuladığımız kimi, rəsmi Bakının irəli sürdüyü bu tələblər beynəlxalq hüquqa dayanır və əgər Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlıdırsa, bu tələbləri şərtsiz yerinə yetirməlidir. Çünki əgər bu tələblər yerinə yetirilmədən sülh müqaviləsi imzalanarsa, bu, gələcəkdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiası güdməsinə, iki ölkə arasında yenidən münaqişəyə zəmin yaradar ki, Azərbaycan buna qətiyyən icazə verməyəcək.
Son iki ildə Ermənistan ilə Azərbaycan arasında sülh prosesi çərçivəsində irəliyə atılan addımlar, iki ölkə liderinin vasitəçilərə ehtiyac görmədən görüşmələri, eyni zamanda Azərbaycanın şərtlərinin yerinə yetiriləcəyi ilə bağlı İrəvan tərəfindən verilən müəyyən açıqlamalara əsasən, onu demək olar ki, prinsip etibarilə hazırda iki ölkə sülh müqaviləsini imzalamağa çox yaxındır. Sadəcə, İrəvan sonacan konstruktivlik nümayiş etdirməli, siyasi iradə ortaya qoymalıdır.
Rəsmi Bakının mövqeyi isə qəti və aydındır: bölgədə davamlı və dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn prinsip və çərçivələrinə uyğun irəli sürülən şərtlər yerinə yetirilməlidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"