XIX əsrin
birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin strukturuna
daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki,
ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirləşirik. Alimlər sübut edirlər
ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə binanın texniki
imkanları mühüm yer tutur. Teatr binasının arxitekturası müxtəlif şəkillərdə səhnə
sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii
səciyyələrini müəyyənləşdirir.
1873-cü ildə
görkəmli maarifçi Həsən bəy Zərdabi bir qrup azərbaycanlı ziyalı ilə Mirzə Fətəli
Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasına səhnə həyatı verir.
Bununla da milli teatr tariximizin ilk səhifəsi yazılır. Şərqdə ilk peşəkar teatrın
məhz Azərbaycanda - bizim ölkədə yaranması isə mədəniyyət tariximizin əhəmiyyətli
hadisəsi olur. Bu dövrdə dünya teatrının müxtəlif inkişaf mərhələlərində formalaşan bədii zövqlərə uyğun
olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük
və əsaslı dəyişikliklər aparılmağa başlanılır.
Şuşa teatrı
Bundan əvvəl
isə ilk həvəskar teatr tamaşası Şuşada qoyulmuşdur. Şuşanın iqtisadi cəhətdən əlverişli
güzəranı burada tamaşa binalarının, teatrın, sirkin yaranmasına səbəb olur. Sırf
bu məqsədlər üçün müxtəlif iri, uyğun binalardan istifadə edilirdi. Şuşa teatrı
özəl binada yerləşirdi. Müasirlərin fikrincə, o, "gözəl dekorasiyalara, zövqlə işlənmiş
lojalara malik idi və çoxsaylı tamaşaçı cəlb edirdi”.
Şamaxı teatrı
Beləliklə,
yeni memarlıq mövzusu olan tamaşa binaları artıq XIX əsrin birinci yarısının sonlarında
Azərbaycan şəhərlərinin strukturuna daxil olur. Quberniya mərkəzi sayılan Şamaxı
öz mədəni səviyyəsi ilə bir çox Qafqaz şəhərləri arasında seçilirdi. Burada
1857-ci ildən əhalinin artan marağına səbəb olan həvəskar tamaşalar qoyulurdu və
bu hal yerli teatr həvəskarlarını şəhərdə teatr təşkil etmək fikrinə gətirdi. Şamaxıda
yer tapmaq çətin idi. Özəl binalar uyğun gəlmirdi, dövlət binası isə yox idi. Yeni
teatr binasının inşasına vəsait də olmadı. Ancaq çıxış yolu tapıldı. Şəhərin mərkəzi
rayonlarının birində "Duz mağazası”nın köhnə, boş, iri daş binası təşəbbüskarların
diqqətini cəlb etdi. Qafqaz namestnikindən razılıq alındıqdan və Şamaxı sakini Ağa
bəy Zeynal bəy oğlunun rekonstruksiya üçün 1500 rubl vəsait ayırmasından sonra tikinti
işlərinin aparılmasına başlandı.
Təşkilatçılar
şəhər memarının müavini Qasım bəy Hacıbababəyova müraciət etdilər. Memar Qasım bəy
Avropa teatr binalarının spesifikasını bilməsə də, işin mahiyyətini dərk edərək,
şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşəkar teatrın xeyli sonralar
yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın
açılışı 17 aprel 1858-ci ildə olmuşdur.
Bakıda teatr binalarının inşası
Bakıda yerli
əhalinin teatr binasına olan ehtiyacı qubernator tərəfindən də qəbul edilirdi.
"Bakının yüksək cəmiyyətindən” xanımların təşəbbüsü ilə memar Qasım bəy tərəfindən
XIX əsrin 60-cı illərində tikilmiş ikimərtəbəli özəl binada (indiki Nizami adına
muzeyin binası) yerləşən Bakı Kübar Cəmiyyətinin zalında hər qış həvəskar tamaşalar
oynanırdı. Geniş sahədə yerləşən zalın bir tərəfdən estradası vardı və o, rəqs gecələrində
qadınlara qonaq otağı kimi xidmət edirdi, tamaşa günlərində isə bütün teatr atributlarına
malik improvizasiya səhnəsinə çevrilirdi.
Tezliklə şəhərdə
iki "teatr” deyilən bina yaranır, lakin bunların da heç biri səhnə tamaşalarına
uyğun deyildi.
Tağıyev teatrı
Milyonçu H.Z.Tağıyev
Bakıda "əsl teatr binası” inşa etmək fikrinə düşür. 1882-ci ildə o, təsdiq edilməsi
üçün idarəyə öz şəxsi ərazisində Qorçakovskaya və Merkuryevskaya küçələrinin tinində
tikiləcək binanın layihəsini təqdim edir. Sahə şəhərin mərkəzində yerləşirdi və
məkan baxımından varlılar yaşayan məhəllələrdən bir az kənarda yerləşən Teatr meydanını
üstələyirdi.
Layihə 35
vərəq üzərində hazırlandı. Binanın ucaldılmasına mühəndis-texnoloq Ferdinand Lemkul
nəzarət edirdi. XIX əsrin sonlarında tikilən Tağıyev teatrı Bakıda bu qəbildən yeganə
kapital bina olaraq, öz fəaliyyəti dövründə dəfələrlə rekonstruksiyaya məruz qalmış,
yanmış və yenidən bərpa edilmişdir. Və hər dəfə onun memarlıq-planlaşdırma kompozisiyası,
interyer bəzəkləri və fasad dekorunun keyfiyyəti yaxşılaşdırılmışdır. 1883-cü ilin sonlarında teatr Lemkulun nəzarəti
altında inşa edildi. Binanın təhvil-təslimi üzrə xüsusi komissiya planlaşdırma,
konstruktiv və yanğından mühafizə kimi çoxsaylı qüsurların qeyd edildiyi akt tərtib
etdi. Lakin bütün bunlarla yanaşı, fakt o idi ki, XIX əsrin sonlarında Bakının ehtiyac
duyduğu teatr binası şəhərə hədiyyə olundu. Teatrda yaruslar və parterlə birgə təqribən
578 yer var idi. Lakin Tağıyev teatrın populyarlıqdan məhrum olduğunu və ildən-ilə
teatr binası kimi onun aksiyalarının qiymətinin aşağı düşdüyünü gördükdə tikilisindən birdəfəlik qurtulmaq istədi. Tağıyev
teatrı binasının uçulma məsələsi çıxdıqda Bakının işgüzar adamları tərəfindən gəlir
mənbəyi nöqteyi-nəzərindən teatra maraq oyandı.
Yeni teatrın
tikintisi haqqında gedən söz-söhbətlər Tağıyevi öz teatrının yenilənməsi işi ilə
ciddi məşğul olmağa vadar etdi. Teatrın rekonstruksiya layihəsinin tərtibi və bütün
memarlıq-tikinti işlərinə nəzarəti 1898-ci ildə mülki mühəndis P.İ.Koqnovitskiyə
tapşırdı. Teatrın rekonstruksiyasında istedadlı memar Qoslovski də iştirak edirdi
və o, öz yaradıcılıq fantaziyasına sadiq qalaraq, gözəl layihə yaratmışdı. Tamaşaçı
zalında yerlərin sayı 1200-ə çatdırılmış, fasadların memarlığı Şərq üslubunda icra
edilmişdi, birinci yarusun balkonunun mərkəzində teatr sahibinin lojası yerləşdirilmişdi.
Tağıyev teatrı həm də texniki cəhətdən təkmilləşdirilmiş, elektrik işıqlandırma
sistemi çəkilmişdi. Lakin bina 1909-cu ildə yanğına məruz qalmışdı. Onu yenidən
tikmək lazım gəlirdi. Əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli, əlavə
600 nəfərlik daha tutumlu bina tikildi.
1918-ci il
fevralın 1-də Tağıyev teatrı yenidən yandı. Binanın yalnız daş və dəmir - beton
karkası qalmışdı. Teatr bir də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra,
1921-1922-ci illərdə bərpa olundu. Teatrın layihəsini Bakının baş memarı, mülki
mühəndis Zivər bəy Əhmədbəyov tərtib etmişdi.
Bakı Opera
Teatrı 1910-1911-ci illərdə memar N.Q.Bayevin layihəsi əsasında tikilmişdir.
1918-ci il oktyabrın18-də Azərbycan Xalq Cümhuriyyəti hökuməti binanı satın alaraq
rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir. Teatr 1928-ci ildə
M.F.Axundzadənin adını daşımış, 1959-cu ildən Akademik Opera və Balet Teatrı olmuşdur.
Hazırladı:
İ.ƏLİYEVA,
"Azərbaycan”