13 Mart 2024 08:00
7851
SİYASƏT
A- A+

Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır

 

Azərbaycanın və Qazaxıstanın karbohidrogen  ehtiyatları ilə zəngin olması  bu iki qardaş ölkəyə neft və qaz  sektorunda da əməkdaşlığı genişləndirməyə imkan verir.  İndi bu əməkdaşlıq  getdikcə  şaxələnir. Belə ki, "yaşıl  enerji" potensialı böyük olan ölkələrimiz enerji keçidi dövründə yeni layihələrə imza atır və bu sahədə sıx əlaqələr yaradırlar.
Qazaxıstan bizim enerji layihələrimizi həmişə dəstəkləyib. Hələ  1999-cu ilin noyabr ayında  İstanbul şəhərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəmərinin  marşrutunu müəyyənləşdirən sənədi Azərbaycan, Cürcüstan, Türkiyə, ABŞ prezidentləri ilə birgə Qazaxıstanın dövlət başçısı da imzalamışdı. 
2005-ci ilin may ayında BTC-yə ilk neft vurularkən Səngəçal terminalında keçirilən tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri ilə yanaşı, Qazaxıstanın dövlət başçısı da iştirak etmişdi.  Bu kəmərə xeyli müddətdir Qazaxıstan nefti də vurulur.
Elə bu yaxınlarda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Qazaxıstana səfəri çərçivəsində həmin ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşü zamanı da enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib. O cümlədən Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli tranziti üzrə praktiki addımlar atılması, bu xüsusda BTC kəməri ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətində SOCAR və "KazMunayQaz" arasında əməkdaşlıq yüksək qiymətləndirilib. 
Enerji əlaqələrinin karbohidrogen sektoru ilə yanaşı, bərpaolunan enerji üzrə genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən olduğu bildirilib.  Azərbaycanın və Qazaxıstanın energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Bu günlərdə Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin və  Qazaxıstanın "KazMunayQaz" Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyevin də görüşü olub. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bu xüsusda SOCAR ilə "KazMunayQaz" arasında ötən il imzalanan yol xəritəsinin əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirib, neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Martın 11-də isə Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə SOCAR-la "KazMunayQaz" iki mühüm sənəd imzalayıblar. Bunlar Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında memorandum və Qazaxıstan neftinin ölkəmizin ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında sazişdir.
Təsadüfi deyil ki, bütün bu məsələlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə "Azərbaycan" qəzetinə müsahibəsində, eləcə də səfər zamanı keçirilən görüşlərdə və mətbuata verilən bəyanatlarda geniş yer alıb. O cümlədən əməkdaşlıqda prioritet olan sahələr sırasında Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı da qeyd edilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu, elektrik enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün də imkan yaradır.
Hələ keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli (Azərbaycan, Özbəkistan, Qazaxıstan) görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə olunmuşdu. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səylərini təqdir etmişlər. Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildirmişlər və görüşün nəticəsi kimi birgə kommünike imzalanmışdı. Birgə Kommünikedə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" və "yaşıl ammonyak"ın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunmuşdur. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəlmişlər.
Bu gün bütün sivil dünya iqtisadiyyatın dərindən karbonsuzlaşdırılması məqsədinə doğru irəliləyir və bu baxımdan  Qazaxıstan da istisna deyil. Ölkə həmin  sahədə öz qarşısında mühüm hədəflər qoyub və bu da onun  "yaşıl enerji" potensialının   böyük olması ilə bağlıdır. Söhbət ildə 1 milyard GVt/saat enerjidən gedir. Bununla əlaqədar olaraq, dünyanın tanınmış şirkətləri Qazaxıstanda investisiya yatırmağa böyük maraq göstərirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanda "yaşıl enerji" layihələrinə sərmayə qoyan  Səudiyyə Ərəbistanının "ACWA Power" və  Birləşmiş Ərəb Əmirliklərinin  "Masdar"  kimi aparıcı  şirkətləri  Qazaxıstanın  bərpaolunan enerji layihələrinin həyata keçirilməsində də strateji rol oynayırlar.  
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Azərbaycan" qəzetinə müsahibəsində ölkələrimiz arasında "yaşıl enerji" əməkdaşlığının  perspektivinə toxunaraq deyib: "Qazaxıstanın nəhəng bərpaolunan enerji potensialını nəzərə alaraq, biz Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla, əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Ötən ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri Qazaxıstan və Özbəkistandan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə ediblər. Həmçinin "yaşıl energetika" sahəsində layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün yekununda ölkələrimiz Avropaya elektrik enerjisi ixracı üzrə birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasının hazırlanması barədə razılığa gəliblər. Beləliklə, Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video