Azərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Bu çərçivədə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistan ilə əlaqələrin strateji mütəffiqlik səviyyəsinə qaldırılması xüsusi əhəmiyyət daşıyır. Köklü tarixə, mənəvi bağlara söykənən bu münasibətlər iki ölkənin milli maraqlarının üst-üstə düşməsi ilə daha da möhkəmlənir.
İki dövlətin münasibətlərinin yüksək səviyyəyə qalxmasında dövlət başçılarının səmimi və intensiv təmasları həlledici rol oynayır. Bu mənada Azərbaycan-Özbəkistan münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Ümummilli Liderin uzaqgörən xarici siyasət strategiyasında Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tuturdu. Bu siyasət Azərbaycanın tarixi və mədəni bağlar əsasında regional əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaratdı. Ulu Öndərin 1997-ci ildə Özbəkistana rəsmi səfəri və səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Yəni mövcud yüksəksəviyyəli əlaqələrin təməlində illər ərzində formalaşdırılmış siyasi etimad, qarşılıqlı hörmət və ardıcıl dövlət siyasəti dayanır.
Bu gün isə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi və xüsusi diqqəti ilə Azərbaycan-Özbəkistan münasibətləri özünün yüksək siyasi mərhələsinə, müttəfiqlik səviyyəsinə qalxıb və bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq əlaqələri formalaşıb. Dövlətimizin başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə qarşılıqlı inam və etimada əsaslanan dostluq münasibətlərinə malik olması bu əlaqələrin inkişaf dinamikasına mühüm təkan verib və əməkdaşlığın genişlənməsində xüsusi rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 3 dövlət səfəri və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət və 7 işgüzar səfər edib. Son beş ildə həyata keçirilən çoxsaylı dövlət və işgüzar səfərlər bu dinamik tərəfdaşlığın və ali səviyyəli siyasi dialoqun bariz göstəricisidir.
Əsas məqamlardan biri liderlər arasındakı ali etimadın dövlət institutlarının davamlı fəaliyyət mexanizminə inteqrasiya olunmasıdır. Müttəfiqlik Müqaviləsi, Ali Dövlətlərarası Şura və müntəzəm təmaslar uzunmüddətli koordinasiyanın möhkəm bünövrəsini təşkil edir. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm institusional mexanizmə çevrilib.
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərinin strateji xarakterini və tərəflər arasında siyasi dialoqun intensivliyini bir daha nümayiş etdirdi. Bu səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirildi və mühüm sənədlər imzalandı. Xüsusən, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" iki ölkə arasındakı münasibətləri hüquqi baxımdan ən ali mərtəbəyə, müttəfiqlik və əbədi dostluq müstəvisinə yüksəltdi. Bu tarixi sənəd tərəflərin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qarşılıqlı şəkildə qorumaq kimi mühüm təhlükəsizlik zəmanətlərini təsbit edir. Eyni zamanda müqavilə energetika, "yaşıl iqtisadiyyat", Cənubi Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizlərinin potensialının artırılması kimi strateji sahələrlə yanaşı, parlamentlərarası, elm-təhsil və mədəniyyət istiqamətlərində də dərin inteqrasiyanın bünövrəsini qoyur. Ən əsası bu sənəd, Azərbaycan-Özbəkistan qardaşlığını rəsmiləşdirərək sarsılmaz müttəfiqliyi gələcək nəsillər üçün də hüquqi zəmanət altına alır.
Münasibətlərin əbədi dostluq və müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkə arasında tarixən mövcud olan sarsılmaz qardaşlıq və qarşılıqlı dəstək ənənəsinə söykənir. Azərbaycan torpaqları işğal altında olarkən Özbəkistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən ölkələrdən biri olub. Keçmiş münaqişə zamanı beynəlxalq təşkilatların tribunasından BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb edən Özbəkistan Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq bu ölkədə səfirlik açmaqdan imtina edib. Post-münaqişə dövründə də Özbəkistan qardaşlıq dəstəyini davam etdirib.
İki dövlət demək olar ki, üzv olduqları bütün beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də BMT, İƏT, TDT, AQEM, Qoşulmama Hərəkatı, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Azərbaycan Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri ilə müstəsna xarakter daşıyan əlaqələrinin həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə xüsusi əhəmiyyət verir.
Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü mühüm rol oynayır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə olaraq 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutub. 2023-cü ildə və 2024-cü ildə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib. 16 noyabr 2025-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib. Bu qərar Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu bir daha nümayiş etdirib. Azərbaycanın prosesə fəal qoşulması nəticəsində indiyə qədər C5 adlanmış əməkdaşlıq formatı faktiki olaraq C6 formatına yüksəlib. Regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun və əhatə dairəsi qazanıb.
İkitərəfli əlaqələrin çoxtərəfli əməkdaşlığa çevrilməsinin və inkişafının təməlini Türk Dövlətləri Təşkilatı (TDT) təşkil edir. Türk dünyasının gələcək nüfuzunu yalnız mədəni həmrəylik deyil, konkret nəqliyyat dəhlizləri, enerji bağlantıları və investisiya mexanizmləri müəyyən edir. Bakı-Daşkənd oxu bu həmrəyliyin real iqtisadi gücə necə çevrildiyini nümayiş etdirir. TDT-nin gələcəkdə iqtisadi və siyasi əməkdaşlıqla yanaşı, təhlükəsizlik və müdafiə sahəsində də daha sıx inteqrasiyası mümkündür. Əlbəttə, burada söhbət hərbi blokun yaradılmasından yox, terrorçuluq və transmilli cinayətkarlığa qarşı mübarizə, kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, hərbi təhsil və təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq kimi istiqamətlərdən gedir.
Bakı ilə Daşkəndin strateji yaxınlaşmasının mühüm geoiqtisadi ölçülərindən biri də nəqliyyat-logistika şəbəkəsidir. Azərbaycanın Qərbə açılan qapısı ilə Özbəkistanın Mərkəzi Asiyanın coğrafi imkanlarını birləşdirməsi strateji tranzit modeli formalaşdırır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta dəhliz və TRIPP vasitəsilə inteqrasiyası Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün Avropa bazarlarına ən qısa marşrut açır. Beləliklə, Orta dəhliz Avrasiyanın müxtəlif iqtisadi qütblərini birləşdirən çoxşaxəli platformaya çevrilir.
Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun dayanıqlılığını müəyyən edən əsas amil onun real iqtisadi məzmun qazanmasıdır. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 795 milyon dollara çatması və 2026-cı ilin ilk aylarında müsbət dinamikanın saxlanılması iqtisadi tutumun sürətlə genişləndiyini göstərir. 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, Azərbaycanda 130-dan çox Özbəkistan kapitalı ilə şirkətin fəaliyyəti, Özbəkistanda "PASHA Holding" və "Sea Breeze" layihələri, neft-qaz sektorunda "Turan Energy AFEZCO" birgə müəssisəsi əməkdaşlığın miqyasını əks etdirir. Ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəflənir.
Nəticə etibarı ilə, Azərbaycan-Özbəkistan tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid bağlantı sisteminə keçidini təmin edir. Bu müttəfiqlik Şərqlə Qərb arasında yeni geostrateji məkanın dayaq nöqtəsinə çevrilərək Avrasiyanın yeni bağlantı xəritəsini müəyyənləşdirir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"