Azərbaycan xalqının çoxəsrlik dövlətçilik
tarixində xüsusi yer tutan 28 May – Müstəqillik Günü milli azadlıq iradəsinin,
müstəqil dövlətçilik ənənələrinin və xalqımızın siyasi yetkinliyinin parlaq təcəssümüdür.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Şərqdə
və müsəlman dünyasında ilk parlamentli demokratik respublikanı yaradaraq dünya
siyasi xəritəsində müstəqil dövlət kimi yer aldı. Bununla xalqımızın əsrlər
boyu yaşatdığı dövlətçilik ənənələri yeni məzmun qazandı, azadlıq və suverenlik
idealları siyasi gerçəkliyə çevrildi.
Bu sözləri Milli Məclisin deputatı Səbinə
Salmanova deyib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin məntiqi davamı idi:
“Tarixin müxtəlif mərhələlərində Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər
milli idarəçilik təcrübəsinin formalaşmasına, dövlətçilik təfəkkürünün
inkişafına mühüm töhfələr verib. XX əsrin əvvəllərində milli özünüdərk
prosesinin sürətlənməsi, maarifçilik ideyalarının geniş yayılması və
ictimai-siyasi fikrin yüksəlişi nəticəsində müstəqil dövlət qurmaq arzusu
reallığa çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə milli azadlıq idealının təntənəsi
deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin siyasi və hüquqi əsaslarının
formalaşdırıldığı tarixi mərhələ oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, Cümhuriyyət dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı.
Dövlət atributları təsis edildi, milli ordu yaradıldı, parlament
formalaşdırıldı, təhsil və mədəniyyət sahələrində mühüm qərarlar qəbul olundu.
Ana dilinin dövlət dili kimi inkişafına xüsusi diqqət yetirildi, maarifçilik
siyasəti genişləndirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis
olunması milli kadr hazırlığı tarixində mühüm hadisəyə çevrildi. Xarici siyasət
sahəsində görülən işlər nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanınmağa
başladı, dünyanın müxtəlif dövlətləri ilə diplomatik əlaqələrin əsası qoyuldu”.
Deputat bildirib ki, XX əsrin sonlarında Azərbaycan
xalqı yenidən tarixi fürsət əldə edərək dövlət müstəqilliyini bərpa etdi:
“Lakin müstəqilliyin ilk illəri ölkəmiz üçün son dərəcə mürəkkəb və ağrılı
sınaqlarla müşayiət olundu. Həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində
torpaqlarımız işğal olunur, iqtisadi böhran dərinləşir, dövlət idarəçiliyində
ciddi problemlər yaşanırdı. Təəssüf ki, hakimiyyətdə təmsil olunan AXC–Müsavat
cütlüyünün səriştəsiz fəaliyyəti, siyasi ambisiyalara əsaslanan idarəçilik
üsulu, daxili çəkişmələr və dövlət maraqlarının lazımi səviyyədə qorunmaması
mövcud vəziyyəti daha da ağırlaşdırdı. Hakimiyyət uğrunda mübarizə, qeyri-peşəkar
qərarlar və idarəetmədə yol verilən ciddi nöqsanlar nəticəsində Azərbaycan vətəndaş
qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qaldı. Dövlət institutları zəifləyir,
ölkədə anarxiya və özbaşınalıq meyilləri güclənirdi. Bütün bunlar bir daha göstərirdi
ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq və möhkəmləndirmək də güclü
siyasi iradə, peşəkar idarəçilik və milli məsuliyyət tələb edir”.
S.Salmanova qeyd edib ki, belə mürəkkəb və
taleyüklü bir mərhələdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi
missiyanı öz üzərinə götürdü: “Ümummilli Liderin uzaqgörən siyasəti, zəngin
idarəçilik təcrübəsi və qətiyyətli liderliyi nəticəsində ölkədə ictimai-siyasi
sabitlik bərpa olundu, qanunçuluq təmin edildi, dövlət institutları möhkəmləndirildi
və müstəqilliyimizin dönməz xarakter almasının əsası qoyuldu. Azərbaycanın gələcək
inkişaf strategiyası müəyyənləşdirildi, milli maraqlara əsaslanan xarici siyasət
kursu formalaşdırıldı, iqtisadi islahatlara start verildi. Ulu Öndərin müəyyən
etdiyi inkişaf yolu Azərbaycanı tənəzzüldən tərəqqiyə aparan möhkəm təmələ
çevrildi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası milli birliyin, həmrəyliyin
və dövlətçiliyin əsas sütunlarından biri kimi bu gün də öz aktuallığını
qoruyur”.
Deputat
vurğulayıb ki, bu gün Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli
dövrünü yaşayır: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz
regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə
artıb. Güclü iqtisadiyyatın qurulması, genişmiqyaslı infrastruktur layihələrinin
həyata keçirilməsi, sosial rifahın yüksəldilməsi, ordu quruculuğunun daha da
gücləndirilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın
dayanıqlı inkişafını təmin edib. Dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib,
Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş və nüfuzlu ölkə kimi qəbul olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik
tariximizin ən böyük nailiyyətlərindən biri də ölkəmizin ərazi bütövlüyünün və
dövlət suverenliyinin tam bərpa olunmasıdır. Azərbaycan Ordusunun şanlı Zəfəri
nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin bütün ərazisində dövlət
suverenliyi tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü, potensialını və gələcəyə
inamını nümayiş etdirir. Bu gün üçrəngli dövlət bayrağımız işğaldan azad
edilmiş torpaqlarda qürurla dalğalanır. Bu tarixi nailiyyət xalqımızın milli
birliyinin, güclü dövlət siyasətinin və sarsılmaz iradəsinin təntənəsidir”.
Deputat söyləyib ki müstəqillik tariximizə və
dövlətçilik ənənələrimizə verilən yüksək dəyər müasir Azərbaycanın inkişaf
strategiyasının mühüm istiqamətlərindən biridir: “Azərbaycan Xalq Cümhuriyyəti
irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan dövlətçiliyinin tarixi əsaslarının
tədqiqi, milli irsin qorunması və təbliği sahəsində görülən işlər xalqımızın
tarixi yaddaşının möhkəmləndirilməsinə xidmət edir. 2018-ci ilin “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan olunması və dövlətçilik irsimizin təbliğinə yönəlmiş
çoxsaylı layihələr bu siyasətin bariz təzahürüdür. Bu gün hər bir azərbaycanlı
yaxşı anlayır ki, müstəqillik yalnız tarixi nailiyyət deyil, həm də böyük məsuliyyətdir.
Dövlətimizin daha da güclənməsi, milli həmrəyliyin qorunması, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və dövlətçilik
ənənələrinin gələcək nəsillərə ötürülməsi müstəqilliyimizin əbədi olmasının əsas
təminatlarıdır. Azərbaycanın əldə etdiyi uğurların qorunması və daha da inkişaf
etdirilməsi hər bir vətəndaşın qarşısında duran mühüm vəzifədir”.
S.Salmanova vurğulayıb ki, 28 May – Müstəqillik
Günü xalqımızın dövlətçilik əzminin, azadlıq idealına sədaqətinin və milli
qürurunun rəmzidir: “Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu müstəqil
dövlətçilik ideyası Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində
qorunub saxlanılıb, möhkəmləndirilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə
yeni tarixi zirvələrə yüksəlib. Bu gün güclü dövlət, qüdrətli ordu, milli
birlik, iqtisadi dayanıqlıq və tam bərpa olunmuş suverenlik Azərbaycanın müstəqilliyinin
ən etibarlı təminatlarıdır. Xalqımızın iradəsinə, dövlətimizin gücünə və milli
həmrəyliyimizə söykənən Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunda
inamla addımlayacaq, yeni uğurlara imza atacaq, müstəqilliyini və dövlətçiliyini
daha da möhkəmləndirəcək”.
“Azərbaycan”