Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün 13-14 fevral tarixlərində Almaniyaya səfəri zəngin məzmunu, geniş görüş proqramı və mühüm müzakirələrlə yadda qaldı. Dünyanın aparıcı dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, ekspertlər və biznes nümayəndələri Münxen Təhlükəsizlik Konfransında bir araya gələrək beynəlxalq münasibətlərin gələcək istiqamətlərini müzakirə ediblər. Prezident İlham Əliyevin tədbir çərçivəsində panel müzakirələrində iştirakı, keçirdiyi görüşlər və verdiyi müsahibələr Azərbaycanın beynəlxalq sistemdə artan nüfuzunun və mövqeyinin göstəricisi oldu.
Bu nüfuzlu platformada həm Azərbaycanın milli inkişaf strategiyası təqdim edildi, həm də ölkəmizin ədalətli və yeni dünya nizamının formalaşmasında sülh təşəbbüskarı kimi rol oynadığı vurğulandı. Eyni zamanda ölkəmizin iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mühüm əməkdaşlıq platforması kimi rolu ön plana çıxdı.
Bir sözlə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin daha da genişləndiyini və ölkəmizə artan marağı bir daha nümayiş etdirdi.
Regional daşımalar qovşağı
Azərbaycan strateji mövqeyi və infrastruktur layihələri sayəsində regionun əsas daşımalar və logistika qovşağına çevrilərək beynəlxalq nəqliyyat marşrutlarında vacib tərəfdaş rolunu oynayır.
Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələr zamanı Prezident İlham Əliyev moderatorun bu mühüm məsələ barədə ona ünvanladığı suala ətraflı cavab verdi: "Sonuncu dəfə panel sessiyasında görüşdükdən sonra regionumuzda dəhlizlər və bağlantılar baxımından xeyli dəyişikliklər olub. Həmin dövrdə Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir".
Azərbaycan hazırda öz ərazisində dəmir yolunun çəkilməsinə sərmayə yatırır. Azərbaycan ərazisində - ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur.
Prezident vurğuladı ki, bu yol çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta dəhlizin iki hissəsinə malik olacağıq: "Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək".
Bu isə ötən ilin avqust ayında Vaşinqtonda iki ölkə arasında əldə olunan razılaşmaların bölgə və daha geniş coğrafiyada əməkdaşlıq üçün praktik müstəvidə əhəmiyyətli imkanlar yaratdığını göstərir. Xüsusilə "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"nun (TRIPP) açılması Trans-Xəzər əməkdaşlıq çərçivəsini genişləndirir.
"...yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" tamamilə yeni vəziyyət yaradacaq. Çünki qeyd etdiyim kimi, Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək. Bu, bütün ölkələr üçün faydalı olacaq", - deyə dövlətimizin başçısı panel müzakirələr zamanı bildirdi.
Azərbaycanın liderliyi ilə yürüdülən sülh prosesinin Cənubi Qafqazda inkişaf, əməkdaşlıq və tərəqqi vəd edən yeni reallıqlar yaratması beynəlxalq aləm tərəfindən də diqqətlə izlənilir və təqdir edilir. "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə də bu, xüsusi qeyd edildi.
Sülhü əldə etmiş dövlət başçısı
Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə, sülh müqaviləsinin mətninin paraflanması faktiki olaraq regionda sülhü təmin edib. Sülh müqaviləsinin imzalanması isə Ermənistanın qarşıda siyasi iradə ortaya qoyaraq Konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddiasını çıxarmasından asılı olacaq.
Prezident İlham Əliyevin Münxendən bununla bağlı verdiyi mesaj da açıq idi: "Ümid edirəm ki, biz bu il sülh müqaviləsini imzalayacağıq... ...Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur. Bununla bərabər, biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq".
Dövlətimizin başçısı söylədi ki, imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır: "O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq".
Prezident İlham Əliyevin Münxendə keçirdiyi çoxsaylı görüşlər Azərbaycana beynəlxalq səviyyədə artan marağın, onun başçısına şəxsi ehtiram və hörmətin göstəricisi oldu.
Dövlətimizin rəhbərinin İraq Kürdüstan Regionunun başçısı, Bolqarıstan Prezidenti, Ukrayna Prezidenti, Slovakiya Baş nazirinin müavini, Bundestaqın xarici siyasət komitəsinin sədri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti, "Oracle" korporasiyasının baş icraçı direktoru ilə keçirdiyi görüşlər də bunu təsdiqlədi.
Prezident İlham Əliyevin Münxendə Azərbaycan telekanallarına və "France 24" telekanalına müsahibəsi də geniş diqqət çəkdi.
Prezidentin "France 24" telekanalına müsahibəsi həm də ölkəmizin ədalətə söykənən milli maraqlarının bu platformadan bir daha dünyaya bəyanı oldu. Ölkəmizin nəinki yerləşdiyi bölgədə, ümumiyyətlə, dünyada sülhə nail olunması üçün göstərdiyi səylər, irəli sürdüyü effektiv təşəbbüslər faktlarla ortaya qoyuldu.
Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın beynəlxalq aləmə çatdırdığı mesajlar qlobal sülhə yönəldi.
Azərbaycan telekanallarına müsahibəsində Prezident İlham Əliyev də söylədi ki, həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib: "İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq".
Bəli, ötən müddətdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət həm də Azərbaycanın bugünkü dünya nizamında tutduğu vacib yerini və rolunu müəyyənləşdirib. Cənubi Qafqazın bütün sferalarda ən inkişaf etmiş ölkəsi olan Azərbaycan qlobal siyasi böhranların həll edildiyi, təhlükəsizliklə bağlı mühüm çıxış yollarının arandığı masalarda söz sahibidir.
Prezident İlham Əliyevin Almaniyaya səfərinin zəngin və məhsuldar keçməsi Azərbaycanın qlobal sistemdə mövqeyinin möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqlədi. Qarşılıqlı maraqlara əsaslanan bu təmaslar Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, gələcək əməkdaşlıq perspektivləri üçün də möhkəm zəmin yaratdı.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"