17 Aprel 2026 08:15
202
SİYASƏT
A- A+
Azərbaycanın qlobal diplomatiyada çəkisi artır

Azərbaycanın qlobal diplomatiyada çəkisi artır


Prezident İlham Əliyev müstəqil və çoxvektorlu xarici siyasət strategiyasını uğurla həyata keçirir


Azərbaycanın xarici siyasət doktrinası balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa söykənən model üzərində formalaşıb. Bu strateji yanaşma ölkəmizin həm Qərb, həm də Şərq qütbləri ilə münasibətlərini paralel və səmərəli şəkildə inkişaf etdirməsinə imkan yaradıb. Xüsusən 2020-ci ildən sonra qlobal müstəvidə cərəyan edən proseslər, bəzi dairələrin qeyri-obyektiv yanaşması, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar və enerji bazarlarındakı kəskin dəyişikliklər Azərbaycanın tərəfdaşlıq coğrafiyasını genişləndirməsini zərurətə çevirib.

Azərbaycan ənənəvi tərəfdaşlarla yanaşı, Latın Amerikası və Afrika qitəsinin aparıcı dövlətləri ilə də yeni əməkdaşlıq körpülərinin qurulmasına rəvac verib. Ölkəmizin qlobal diplomatik fəallığı və Qoşulmama Hərəkatına sədrliyi dövründə formalaşdırdığı qarşılıqlı etimad mühiti fərqli coğrafiyalarda yerləşən dövlətlərlə ikitərəfli bağların möhkəmlənməsini sürətləndirib. Prezident İlham Əliyev aprelin 14-də Kolumbiya, Somali və Esvatini Krallığının yeni təyin olunmuş səfirlərini qəbul edib. Görüşlərdə bu ölkələrlə siyasi əlaqələrin müsbət səviyyəsi qeyd olunub, həmçinin iqtisadiyyat, investisiya, turizm, enerji və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirməyin vacibliyi vurğulanıb. Dövlətimizin başçısı Azərbaycanın sözügedən ölkələrlə BMT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalar çərçivəsindəki qarşılıqlı dəstəyini yüksək qiymətləndirərək, münasibətlərin çoxşaxəli inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Azərbaycan xarici siyasətini emosiyalar yox, rasional dövlətçilik maraqları üzərində qurur. Bakı hər zaman beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq formatlarına üstünlük verir. Ölkəmiz heç bir hərbi-siyasi blokun diktəsi ilə hərəkət etmir və başqa dövlətlərin maraqlarının alətinə çevrilmir. Bu çoxvektorlu yanaşma uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi dividendlərini artırmaqla yanaşı, qlobal diplomatiyada çəkisini də artırır. Məhz dövlətimizin başçısının siyasi gedişləri sayəsində ölkəmiz enerji resurslarının ixracatçısından mühüm tranzit qovşağına və sabitlik ixrac edən etibarlı dövlət statusuna yüksəlib. Azərbaycan regional təhlükəsizlik arxitekturasında vazkeçilməz tərəfdaş statusunu möhkəmləndirib. 

Bu kursun ən mühüm istiqamətlərindən birini Amerika Birləşmiş Ştatları ilə münasibətlər təşkil edir. Azərbaycan-ABŞ əlaqələri müasir dövrdə strateji tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik maraqları çərçivəsində yeni mərhələyə yüksəlib. Vaşinqton Azərbayacanı Avropanın enerji təhlükəsizliyində ən mühüm aktor və Avrasiya logistikasında mühüm qovşaq hesab edir. Xüsusilə ABŞ tərəfindən dəstəklənən TRIPP layihəsi kimi təşəbbüslər regionda iqtisadi inteqrasiyanın və dayanıqlı sülhün təmin olunmasına xidmət edir. İkitərəfli əlaqələr artıq təkcə karbohidrogen resurslar üzərində deyil, həm də "yaşıl enerji"yə keçid, antiterror mübarizəsi və Orta dəhlizin inkişafı kimi geniş geosiyasi istiqamətlər üzrə bərabərhüquqlu tərəfdaşlıq modelinə söykənir. 

Azərbaycanın Avropa ilə münasibətləri də strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı (Aİ) və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda imzalanmış memorandumlar Bakını qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirib. 

Hazırda tərəfdaşlıq karbohidrogen resurslarından bərpaolunan enerjiyə doğru transformasiya olunur. Azərbaycanın Xəzər dənizindəki külək enerjisi potensialının Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya nəqli layihəsi əməkdaşlığın gələcək miqyasını və hədəfini müəyyən edir. Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin ən mühüm halqası kimi Avropanın Asiya bazarlarına təhlükəsiz və qısa çıxışını təmin edir. Bu, Bakını qitə üçün önəmli ticarət və logistika məkanına çevirir. Ölkəmiz Aİ-nin əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.

Azərbaycan türk dünyasının birliyinin təmin edilməsində də mühüm rol oynayır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi regionda yeni güc mərkəzi yaradıb. Bu müttəfiqlik Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində digər üzv dövlətlər üçün də inteqrasiya nümunəsidir. Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi TDT-ni hərbi-siyasi və iqtisadi blok halına gətirir. Azərbaycanın Avrasiya məkanındakı çəkisi həm də nəqliyyat-logistika imkanları ilə ölçülür. Ukrayna müharibəsi fonunda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin riskli hala gəlməsi diqqəti Azərbaycan üzərindən keçən Orta dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəldib. 

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Çin istiqaməti qlobal iqtisadiyyata inteqrasiya və çoxqütblü dünya nizamında balansın qorunması baxımından mühüm yer tutur. Azərbaycan Çinin irəli sürdüyü qlobal logistika təşəbbüsünə dəstək verən ilk ölkələrdən biridir. Çin Azərbaycanı bu layihənin tərkib hissəsi olan Orta dəhlizin mərkəzi halqası hesab edir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çin mallarının Avropaya ən qısa və təhlükəsiz daşınmasını təmin edən strateji qovşaqdır. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin yüksəksəviyyəli siyasi etimada söykəndiyini göstərir. Pekin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyir, Bakı isə öz növbəsində vahid Çin siyasətinə sadiqliyini nümayiş etdirir. Azərbaycanın ŞƏT-lə dialoq tərəfdaşı statusu və bu qurumla genişlənən əlaqələri rəsmi Bakının Avrasiya təhlükəsizlik və iqtisadi sistemindəki mövqeyini möhkəmləndirir. 

Azərbaycanın geniş coğrafi diplomatiya kursu Yaxın Şərqin nüfuzlu dövlətləri ilə münasibətlərdə də özünü büruzə verir. İsraillə siyasi-iqtisadi və hərbi əməkdaşlıqla paralel, nüfuzlu ərəb ölkələri, BƏƏ və Səudiyyə Ərəbistanı ilə qurulan strateji tərəfdaşlıq Azərbaycana yönəlik investisiyaların miqyasını bir qədər də genişləndirir. SOCAR-ın ADNOC ilə əməkdaşlığı və "Masdar"ın bərpaolunan enerji layihələri ölkəmizi ərəb kapitalı üçün ən cəlbedici region halına gətirib. Həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi bağların şaxələndirilməsi prioritetləşdirilir. 

Dövlətimizin diplomatik üfüqləri Afrika və Latın Amerikası ölkələrini də əhatə edir. Qoşulmama Hərəkatına sədrlik dövründə Afrika dövlətləri ilə qurulan institusional əlaqələr və "ASAN Xidmət" kimi milli brendlərin bu coğrafiyada tətbiqi Azərbaycanın qitədə mövqeyini və statusunu möhkəmləndirir. Latın Amerikası ölkələri ilə qurulan münasibətlər isə Azərbaycanın qlobal səviyyədə səs çoxluğu qazanması və milli maraqlarını müdafiə etməsi üçün mühüm diversifikasiya rolunu oynayır. 

Azərbaycanın çoxvektorlu siyasəti, bugünkü gücü və beynəlxalq nüfuzu bir neçə fundamental təməl üzərində dayanır. Bu gün dövlətimizin qərarvermə mexanizmi hər hansı xarici təzyiqdən uzaqdır. Dayanıqlı iqtisadi model Azərbaycanın siyasi müstəqilliyini təmin edən əsas amildir. İqtisadi asılılığın olmaması Bakıya beynəlxalq arenada manevr imkanı və sərbəstlik verir. Müasirləşdirilmiş maddi-texniki baza və yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu milli təhlükəsizliyimizin qarantıdır. Bu güc istənilən xarici təhdid və ya təxribatın qarşısını almağa qadirdir. 

Nəticə etibarilə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşdırdığı çoxvektorlu model Azərbaycanın müstəqil qərarvermə iradəsini möhkəmləndirib. Məhz buna görə ölkəmiz qlobal proseslərin istiqamətlənməsində iştirak edən, sabitlik və təhlükəsizlik ixrac edən güclü siyasi tərəfə çevrilib. Bu strateji kurs Azərbaycanın gələcək onilliklər üçün iqtisadi dayanıqlığını, müstəqil xarici siyasətini və beynəlxalq nüfuzunu sığortalayır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!