Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilir ki, iki ölkə liderinin 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində AZAL-a məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Qeyd edilib ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Birgə Bəyanatda həmçinin Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafın bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi bildirilir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin prinsipial mövqeyinin, güclü siyasi iradəsinin və ardıcıl diplomatik fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilən bu razılaşma, eyni zamanda təsdiqləyir ki, dövlət öz vətəndaşlarının hüquqlarını beynəlxalq müstəvidə müdafiə edir və bu istiqamətdə konkret nəticələr əldə edilir: "Qüdrətli Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını beynəlxalq səviyyədə qoruyan əsas təminatçı kimi çıxış edir. Əldə olunmuş razılaşma beynəlxalq münasibətlər sistemində milli maraqların qətiyyətlə müdafiə olunmasının nümunəsi kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən qətiyyətli və ardıcıl mövqe xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı hadisənin ilk günlərindən məsələni diqqətdə saxladı, ədalətli mövqenin ortaya qoyulmasına çağırışlar etdi. Prezident İlham Əliyevin həmin ərəfədə Azərbaycan Televiziyasına müsahibəsində jurnalistin "Cənab Prezident, bəs ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?" sualına cavabını xatırlatmaq istərdik: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırılıb. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək" .
Göründüyü kimi, Azərbaycan dövləti bu məsələdə prinsipial siyasət yürüdür və hər zaman öz vətəndaşının yanındadır.
V.Rəhimzadə qeyd edib ki, hadisənin obyektiv şəkildə araşdırılması və kompensasiyanın təmin olunması Azərbaycanın əsas və prinsipial tələblərindən idi. Bu yanaşma beynəlxalq hüquqa, müvafiq konvensiyalara əsaslanırdı. Bu prosesdə həm prinsipial mövqe, həm də çevik diplomatiya bir-birini tamamlayaraq nəticənin əldə olunmasına yönəlmişdi. Azərbaycanın bu yanaşması bir daha təsdiqləyir ki, milli maraqların müdafiəsi sistemli və ardıcıl siyasət tələb edir. Burada əsas məqam təkcə mövqenin ifadə olunması deyil, həmin mövqenin beynəlxalq müstəvidə qəbul etdirilməsi və nəticəyə çevrilməsidir. Bu baxımdan dövlətin həyata keçirdiyi diplomatik xətt praqmatizm və prinsipiallığın sintezi kimi çıxış edir.
Deputat vurğulayıb ki, hər zaman haqq-ədaləti bərpa etməyə qadir olan Azərbaycanın bu hadisənin təfərrüatlarını da təfsilatlı şəkildə öyrənəcəyi şübhə doğurmurdu: "Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət prosesin konkret nəticə ilə yekunlaşmasını təmin etdi. Sözügedən razılaşma bir daha bu reallığı da təsdiqlədi ki, belə mürəkkəb məsələlər qarşılıqlı hörmət, siyasi iradə və praqmatik yanaşma şəraitində həll oluna bilər. Nəticə etibarilə, əldə olunan razılaşma təsdiqləyir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial siyasət, məqsədyönlü diplomatik strategiyası beynəlxalq məsələlərdə həlledici rol oynayır. Bu, həm dövlətin siyasi iradəsinin, həm də beynəlxalq münasibətlərdə yerinin və rolunun, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Azərbaycan beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirir. Bu razılaşma regionda sabitliyin qorunması və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"