BTC-nin tikintisinə 23 il əvvəl necə başlanıldı
Bu ilin yanvar-mart aylarında Azərbaycandakı magistral kəmərlərlə 6 milyon 206 min ton neft nəql olunub. Dövlət Statistika Komitəsi bildirir ki, nəqletmənin 76,9 faizi Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə həyata keçirilib. Hazırda BTC Azərbaycan nefti ilə yanaşı, Türkmənistan və Qazaxıstandan daxil olan nefti də daşıyır.
Bu faktların özü də göstərir ki, BTC regionun neft ixracı arteriyasıdır. Bir infrastruktur olaraq da bu kəmər üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. Təsadüfi deyil ki, onun tikintisi bir neçə il davam etdi.
BTC-nin təməli 2002-ci il sentyabrın 18-də qoyulsa da, geniş hazırlıq tədbirlərindən sonra fiziki tikinti işlərinə növbəti ilin aprelində başlandı. 23 il əvvəl Səngəçaldan üzü Umbakı dağlarına doğru qazılmağa başlayan xəndəklərə ilk borular düzülürdü. Bu, BTC-nin boruları idi. Həmin vaxtdan kəmərin çəkilişi üçün 220 min boru hissəsi qaynaqla bir-birinə calandı. Tikintinin ən qızğın dövründə işə 22 min insan cəlb edildi. Bunların 80 faizə qədəri inşaat işləri gedən ərazilərin öz sakinləri idi. Kəmərin araya-ərsəyə gəlməsi üçün 110 milyondan artıq adam-saat sərf edildi.
Uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Gürcüstanda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman Maraş, Osmaniyyə və Adanadır.
BTC-nin gündəlik ötürücülük gücü 2009-cu ilin yazınadək 1 milyon barel idi, həmin vaxtdan indiyədək isə 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. Üç tranzit ölkə ərazisində kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Ölkəmizdəki daha bir stansiya Yevlax rayonu ərazisindədir. Növbəti iki stansiya Gürcüstanda və dördü Türkiyədə fəaliyyət göstərir.
Bu unikal kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir. Kəmər eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. Öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan BTC Xəzər neftini dünya bazarlarına təhlükəsiz, etibarlı, sakit və ekoloji baxımdan minimum risklə nəql edir. Regionun neft ixracı arteriyası sayılan bu kəmərin salnaməsi qısa olsa da, zəngindir.
Qeyd edildiyi kimi, xəttin tikinti işləri bir neçə il davam etdi. 2005-ci ilin mayında TC-nin Azərbaycan, oktyabrında isə Gürcüstan hissəsi istifadəyə verildi. Kəmər tam bir sistem kimi 2006-cı ilin iyul ayında istismara daxil oldu.
BTC haqlı olaraq dünya miqyasında dövrümüzün ən böyük və ən mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".
Kəmər Bosfordan yan keçməklə, onsuz da yüksək hərəkət sıxlığı olan boğazlar vasitəsilə neftin nəqlinin və bununla bağlı ekoloji risklərin azaldılmasına xidmət edir.
BTC-ni səssiz kəmər də adlandırırlar. Çünki boruları torpaq altında basdırılıb, bu isə müasir dövrdə karbohidrogenlərin nəqlinin ən təhlükəsiz yolu sayılır.
BTC tikinti mərhələsindən başlayaraq regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. Layihəyə start verildiyi vaxtdan kəmərin marşrutu boyunca yüzlərlə icma ilə sıx əməkdaşlıq şəraitində çoxsaylı sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət davamlı xarakter daşıyır.
Bir vacib nüansı da əlavə edək. BTC-nin bir hissəsi Türkiyənin 2023-cü ildə zəlzələ baş vermiş rayonlarından keçir. Nə xoş ki, bu təbii fəlakət zamanı kəmərin yeraltı boruları zərrə qədər də zədə almadı. Bu da kəmərin nə dərəcədə etibarlı olduğunu, necə keyfiyyətlə inşa edildiyini bir daha təsdiqlədi.
Flora SADIQLI,
"Azərbaycan"