Son illər ərzində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri şəhid ailə üzvlərinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsinin gücləndirilməsidir. Postmüharibə dövründə aparılan sosial dəstək tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 132 min şəxsə 406 min xidmət göstərilib, sosial cəhətdən həssas kateqoriyaya aid müavinət və təqaüdlər orta hesabla iki dəfədən çox artırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbirdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
“Görülmüş tədbirlər nəticəsində bu kateqoriyadan olan şəxslərə postmüharibə dövründə 6900 mənzil təqdim edilib. Qeyd edim ki, ümumilikdə isə şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 16 minə yaxın mənzil bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Bu dövrdə müharibə əlillərinə 567 avtomobil təqdim edilib, ümumilikdə isə ötən müddətdə 7,8 minə yaxın avtomobilin bu kateqoriyadan olan şəxslərə verilməsi təmin olunub. Şəhid ailələrinə və müharibə əlillərinə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri daim diqqət mərkəzində saxlanılıb, 11 min nəfərə 93 minə yaxın xidmət göstərilib, 496 hərbçiyə 619 ədəd yüksək texnologiyalı protez verilib, 2397 müharibə əlili isə 85 min reabilitasiya vasitəsi ilə təmin edilib. Bu dövr ərzində 28,6 min şəhid ailəsi üzvü, müharibə əlili və veteran aktiv məşğulluq proqramlarına cəlb olunub. Həmin şəxslərdən 13,4 min nəfəri özünəməşğulluq proqramına, 1400-dən çox şəxs peşə hazırlığı kurslarına cəlb olunub, 13,8 min nəfər isə münasib işlə təmin edilib”, - deyə nazir əlavə edib.
Anar Əliyev vurğulayıb ki, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərin qayıdışı təmin olunub, hazırda keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir və bu şəxslərin iqtisadi inteqrasiyası məqsədilə əhəmiyyətli addımlar atılır: “Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, dövlət və özəl sektoru təmsil edən bütün işəgötürənlərlə əlaqələr qurulub. Belə ki, elan olunmuş vakansiyalar üzrə bilik və bacarıqları tələblərə uyğun gələn şəxslər arasında həmin ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərə üstünlük verilməsi təmin olunur. Nazirlikdə hər ay keçmiş məcburi köçkünlərin məşğulluğu məqsədilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən iri işəgötürənlərlə görüşlər keçirilir. Eyni zamanda, mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərin bilik və bacarıqlarının artırılması üçün aktual peşələr üzrə peşə hazırlığı kursları, işsiz şəxslərin özünəməşğulluğunun təşkili proqramları və əmək yarmarkaları təşkil edilir”.