ABŞ və İran arasında atəşkəs barədə razılığın əldə olunması müsbət haldır və bu, yalnız iki ölkə arasında gərginliyin azalması deyil, daha geniş regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə davam edən qarşılıqlı hücumlar Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə gərginləşdirərək regionu genişmiqyaslı qarşıdurma riskinə yaxınlaşdırmışdı. Belə bir ssenarinin reallaşması isə təkcə region ölkələri üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi təhdidlər yarada bilərdi.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, münaqişənin dərinləşməsi yalnız hərbi müstəvidə deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və beynəlxalq ticarət baxımından zəncirvari təsirlərə səbəb ola bilərdi. Xüsusilə Fars körfəzi regionunda sabitliyin pozulması qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırmaqla yanaşı, strateji kommunikasiya xətlərinin təhlükəsizliyini də sual altına qoyurdu. Bu baxımdan atəşkəsin əldə olunması daha genişmiqyaslı böhranın qarşısının alınması istiqamətində vacib addım kimi qiymətləndirilməlidir. "Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, münaqişənin gərgin mərhələsində bir sıra dövlətlər və beynəlxalq aktorlar vasitəçilik təşəbbüsləri ilə çıxış edərək vəziyyətin eskalasiyasının qarşısını almağa çalışdılar. Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin diplomatik səyləri, eləcə də Çin və Pakistan tərəfindən irəli sürülən təşəbbüslər göstərdi ki, regional problemlərin həllində çoxtərəfli diplomatiya və koordinasiya olunmuş yanaşma həlledici rol oynayır. Bu təşəbbüslərin nəticə verməsi beynəlxalq münasibətlər sistemində dialoq və qarşılıqlı anlaşmanın hələ də effektiv alət olaraq qaldığını bir daha təsdiqlədi", - deyə deputat qeyd edib.
Sevinc Fətəliyevanın sözlərinə görə, əldə olunmuş atəşkəsin uzunmüddətli sülhə çevrilməsindən hələ danışmaq tezdir. Mövcud ziddiyyətlərin dərinliyi nəzərə alınarsa, davamlı sabitliyin təmin olunması üçün tərəflər arasında etimadın bərpası, institusional dialoqun qurulması və beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması vacib şərtlər kimi çıxış edir. Əks halda, atəşkəs yalnız müvəqqəti fasilə rolunu oynayar, gərginlik yenidən alovlana bilər.
Azərbaycanın mövqeyinin bu kontekstdə ardıcıl və prinsipial olaraq qaldığını deyən S.Fətəliyeva vurğulayıb ki, ölkəmiz həm regionumuzda, həm də daha geniş coğrafiyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarıdır: "Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, tərəflər arasında mövcud problemlərin həlli istiqamətində konstruktiv və nəticəyönümlü dialoqun tərəfdarıdır. Azərbaycanın xarici siyasətində balanslı yanaşma, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər sistemi prioritet təşkil edir. Bugünkü mürəkkəb geosiyasi şəraitdə bu cür yanaşma əhəmiyyətlidir. Çünki müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi komponentlə məhdudlaşmır, eyni zamanda iqtisadi sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin fasiləsiz fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan da məhz bu prinsiplər əsasında regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir və qarşıdurma deyil, əməkdaşlıq modelinin təşviqinə üstünlük verir".
Deputat sonda qeyd edib ki, ABŞ və İran arasında atəşkəsin əldə olunması müsbət tendensiya olmaqla yanaşı, daha geniş proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bu mərhələdə əsas məsələ əldə olunmuş razılaşmanın davamlı sülhə transformasiyası və regionda yeni qarşıdurma risklərinin minimuma endirilməsidir. Bu isə yalnız dialoq, qarşılıqlı etimad və beynəlxalq hüququn aliliyinə əsaslanan yanaşma ilə mümkün ola bilər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"