Məlum olduğu kimi, İspaniyanın Madrid şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) on beşinci illik iclası keçirilib. İspaniyanın "COFIDES" qurumunun evsahibliyi ilə "Keçid dövründə investisiya" başlığı altında keçirilən tədbirdə artan neqativ tendensiyalar fonunda investorların yanaşmaları, enerji keçidi sahəsində yeni imkanların yaradılması, inflyasiyanın maliyyə bazarları və qlobal iqtisadiyyata təsiri mövzuları əhatə olunub.
Dörd gün davam edən tədbirdə həmçinin Suveren İnkişaf Fondları və digər maliyyə təşkilatları arasında birgə investisiya tərəfdaşlığı, rəqəmsal transformasiya mühitində kibertəhlükəsizlik və süni intellektin əhəmiyyəti kimi fərqli mövzuları əhatə edən təqdimatlar və panel sessiyaları keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti STBT-nin iclasında iştirak edib.
Suveren Fondların Beynəlxalq Forumunun fəaliyyəti, məqsəd və məramı nədən ibarətdir? SFBF-nin yaradılması haqqında qərar 2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu bu forumun üzvüdür.
ARDNF Suveren Fondların Beynəlxalq Forumu vasitəsilə digər suveren fondlarla əməkdaşlığını davam etdirir. Suveren fondların könüllülük prinsipi əsasında yaradılmış qrupu olan SFBF-nin üzvləri onların ümumi maraqlarına uyğun məsələlərin müzakirəsi ilə əlaqədar mütəmadi görüşür və fikir mübadiləsi aparırlar, habelə suveren fondların fəaliyyəti və Santyaqo Prinsiplərinin (SP) anlaşılmasına yardım edirlər. Onu da deyək ki, Suveren Sərvət Fondları maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır. Bu termin ilk dəfə 2005-ci ildə işlədilmişdir.
SFBF-nin ilk görüşü 2009-cu il oktyabr ayının 8-9-da Azərbaycan hökumətinin və ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. SP-nin 24-cü prinsipinə uyğun olaraq, ARDNF SP-nin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ildə hazırlamışdır. Bu hesabatlar illik əsasda nəzərdən keçirilir.
Xatırladaq ki, ARDNF Azərbaycanın neft-qaz sərvətlərinin xalqa davamlı şəkildə xeyir-bərəkət gətirməsi məqsədilə 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilmişdir. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-nin Əsasnaməsi təsdiq olunmuşdur. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilmiş və qurum əməli fəaliyyətə başlamışdır.
Analoji fondlar bir sıra ölkələrdə də fəaliyyət göstərir. ARDNF yaradılarkən həmin fondların təcrübəsinə müraciət olunmaqla yanaşı, yaşanan dövrün təxirəsalınmaz problemlərinin həllini nəzərə alan bir model seçilmişdir. Bir sözlə, ARDNF-nin fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulmuşdur. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır ki, onlardan da ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və s. xüsusilə əhəmiyyətli yer tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Neft ehtiyatlarının bərpa olunmadığı, yəni hasil edildikcə tükəndiyi hamıya yaxşı məlumdur. Ona görə də neft fondunun ən başlıca vəzifələrindən biri gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək üçün ehtiyat vəsaitlərin toplanmasıdır.
Bir sözlə, ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Ötən dövr ərzində fond institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmişdir.
ARDNF-nin hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, fəaliyyəti barədə illik hesabatları mətbuatda, fondun internet səhifəsində və sosial media səhifələrində mütəmadi dərc etdirir.
2007-ci ilin mayında ARDNF "BMT-nin Dövlət Qulluğu Mükafatı" ilə təltif edilmişdir. Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat sayılan "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur.
2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT (Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ) üzrə 4-cü beynəlxalq konfransda Azərbaycan həm də MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "MHŞT mükafatı" təqdim olunmuşdur.
Onu da vurğulayaq ki, SFBF-nin 15 illik qısa tarixində iki iclası Bakı şəhərində keçirilmişdir. Forumun ilk görüşü 2009-cu il oktyabr ayının 8-9-da Azərbaycan hökumətinin və ARDNF-nin təşkilatçılığı ilə burada baş tutmuşdu. On dördüncü illik iclas da ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə paytaxtımızda keçirilmişdir.
Flora SADIQLI,
"Azərbaycan"