1892-ci ildə kiçik əyalət şəhəri olan Ordubadda yeni bir maarif işığı yanmağa başladı. Burada "Əxtər", yəni "Ulduz" adlı məktəb yaradıldı. Bu məktəbi yaradan Məhəmməd Tağı Səfərov (Sidqi) idi. Görkəmli maarifçi mütəfəkkirin yaydığı bilik ziyası bütün Naxçıvanı bürüdü. M.Sidqi klassik maarifçilərlə yeni nəsil maarifçiləri arasında varislik körpüsü saldı. O, Azərbaycanda milli maarifçiliyin inkişafında ən yaxşı ənənələri yaradanlardan oldu. Ulu Öndər Heydər Əliyev maarif fədaisinin xidmətlərini yüksək dəyərləndirərək demişdir: "Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur".
Məhəmməd Tağı Sidqi çox qısa - cəmi 49 il ömür yaşayır. Lakin bu ömrü o, xalqının təhsillənməsi naminə fədakar fəaliyyətlə zənginləşdirir, sağlığında müasirləri tərəfindən "böyük ustad", "Xalq müəllimi" adlarını alır. 170 il bundan əvvəl, 1854-cü ildə Ordubadda anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini molla məktəbində alır, sonra mədrəsədə davam etdirir. Burada klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənir, ədəbi dərnəklərdə, şeir məclislərində iştirak edir, bədii yaradıcılıqla məşğul olur. Lakin xalq arasında təhsilə ciddi ehtiyac olduğunu görən maarifçi Məhəmməd Tağı Sidqi Ordubad şəhərində yeni məktəb yaradır.
"Əxtər"in yaranması o zaman təkcə Ordubad üçün deyil, bütün Naxçıvan elləri üçün əlamətdar hadisəyə çevrilir. Köhnə mollaxanalardan fərqli olaraq bura dərslərin ana dilində keçirildiyi bir məktəb idi. O, ruhani məktəblərindən həm də təlim və tərbiyə üsulları ilə fərqlənirdi. "Əxtər"ə rəğbət günbəgün artırdı. Sidqi məktəb üçün əlyazma şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı.
1894-cü ildə Sidqi dövrün qabaqcıl ziyalılarının, xüsusilə Cəlil Məmmədquluzadənin xahişi və təkidi ilə Naxçıvana gəlir. Gəldiyi ilk gündən də şəhərin mədəni həyatında fəal iştirak etməyə başlayır. Camaat burada da təxminən "Əxtər" kimi bir məktəbin yaradılması arzusu ilə Sidqiyə müraciət edir. Naxçıvanda eyni quruluşda yaratdığı məktəbə Sidqi "Məktəbi-tərbiyə" adını verir. Bu təhsil ocağında dünyəvi fənlər keçilirdi. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə Sidqinin burada tətbiq etdiyi "Ədəb qaydaları" bu günədək qorunub saxlanır. O zaman uşaqlara etika dərsləri də keçilirdi.
"Məktəbi-tərbiyə"yə hələ ilk dəfə 100-ə qədər şagird qəbul edilmişdi. Bu da məscid məktəblərinə vurulan zərbə demək idi. 1896-cı ildə "Məktəbi-tərbiyə" rus-Azərbaycan məktəbinə çevrilir və o, xalq məktəblər direksiyasının tabeliyinə keçir.
Sidqinin ən böyük arzularından biri azərbaycanlı qızların təhsil alması idi. Uzun sürən mübahisə və təbliğatdan sonra 1896-cı ildə o, "Qız məktəbi"ni təsis edir. Məktəb fəaliyyətə başlayanda orada cəmi 8 qız təhsil alırdı. Sidqi qızlara dünyəvi təhsil verməklə yanaşı, onlara "Töhfeyi-bənat, yainki qızlara hədiyyə" əsərini yazır. Mütəxəssislərin fikrincə, bu əsər indi də tərbiyəvi əhəmiyyətini itirməyib və onun Azərbaycan pedaqoji fikir tarixində öz yeri var.
Məhəmməd Tağı Sidqinin Azərbaycan maarifi qarşısındakı xidmətləri yalnız təşkil etdiyi məktəblərlə bitmir. O, "Tərbiyə" məktəbində müəllim və müdir kimi fəaliyyət göstərdiyi müddətdə "Heykəli-insana bir nəzər", "Puşkin", "Kəblə Nəsir" kimi mətbu, "Mənəviyyati-mədəniyyət", "Həkimanə sözlər", "Yüz il yatandan sonra" kimi ictimai-siyasi, fəlsəfi, etik və elmi-pedaqoji əsərlərini yazmışdır. Bundan əlavə, o, "Nümuneyi-əxlaq", "Coğrafiya xüsusunda məlumati-mücmələ", "Tənviri-əfkar" (Fikirlərin işığında), "Müxtəsər coğrafiya risaləsi" və "Təfhimi-insaniyyət" adlı dəyərli dərsliklər yaratmışdır.
Maraqlıdır ki, maarif mövzusu Sidqinin bədii yaradıcılığında da öz əksini tapmışdır. O, məktəbi obrazlı şəkildə "cəhalət dərdinin dərmanı", müəllimi isə "cəhalət bağının bağbanı" adlandırmışdır. Dünyanın abad olmasının elmlə mümkün olduğunu, digər dilləri öyrənməyin faydasını, kamil insan olmaq qayəsini poetik şəkildə çatdırmışdır. Oğlu Məmmədəliyə ünvanladığı öyüd-nəsihət də bədii şəkildə ifadə olunmuş tərbiyəvi əhəmiyyətli əsərdir.
M.T.Sidqi yaradıcılığının bir hissəsini də klassik lirika janrı, əsasən, qəzəllər təşkil edir. Lakin onun qəzəllərində bu janrın ənənəvi nümunələrindən fərqli cəhətlər çoxdur. Burada şair məhəbbəti deyil, ən çox azadlığı, yeni ictimai baxışları vəsf edirdi.
Görkəmli ədib rus, ərəb və fars dillərindən bir sıra dəyərli nümunələri Azərbaycan dilinə çevirmişdir. Azərbaycan teatrının inkişafına öz töhfəsini vermişdir. Qurbanəli bəy Şərifzadə, Mirzə Nəsrulla Əmirov, Cümşüd Paşa Sultanov kimi ziyalılarla əl-ələ verərək "Həvəskar aktyor dəstəsi" yaratmışdır. Sidqinin istedadı bu sahədə də özünü göstərmiş, o həm aktyor dəstəsinə rəhbərlik etmiş, həm də tamaşaların rejissoru olmuş və aktyor kimi çıxış etmişdir.
M.T.Sidqi elmi-pedaqoji dəyərə malik 7 dərsliyin müəllifidir. Bu dərsliklərin əlyazmaları AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Harada yaşamasından və işləməsindən asılı olmayaraq Sidqi daim yazıb-yaratmışdır. O, qələmini şeirdə, nəsrdə, publisistika və jurnalistikada sınaqdan keçirmişdir. Təsadüfi deyil ki, ədəbi irsinə 300-dən çox qəzəl daxildir. Sidqi "Mənəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumənin, 1912-ci ildə kitab halında nəşr olunmuş "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfi traktının, 20-dən çox hekayənin müəllifidir.
Sidqi publisistika sahəsində öz dəst-xətini göstərmişdir. O, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblümətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və digər qəzetlərlə əməkdaşlıq etmiş, onların səhifələrində maraqlı yazılarla çıxış etmişdir.
Azərbaycan bədii, elmi, ictimai fikrinin ilk daşıyıcılarının böyük bir dəstəsi - Hüseyn Cavid, M.S.Ordubadi, İbrahim Əbilov, Əziz Şərif, Rza Təhmasib, Əliqulu Qəmküsar, Bəhruz Kəngərli və neçə belə fikir-sənət bahadırı özünün müzəffər yürüşünə M.T.Sidqinin xeyir-duası ilə başlamışdır. Bu görkəmli pedaqoq, şair, publisist özünün 49 illik ömrü ilə Naxçıvan maarifində elə bir fırtına qoparmışdı ki, onun əks-sədası bütün Yaxın Şərqə yayılmışdı. M.Şahtaxtlı "Şərqi-Rus" qəzetini nəşr etməyə başlayanda onu alqışlayanlardan biri də məhz M.T.Sidqi olmuşdur.
M.Şahtaxtlı Sidqini qəzetdə işə də götürmək istəyib. Lakin Sidqi 1902-ci il yanvarın 1-də bu təklifə cavabında yazıb: "Mən özümü bu müqəddəs yolda iftixar etməliyəm. Bu, mənim üçün əbədi bir səadətdir. Lakin məni bu yoldan çəkindirən bir maneə varsa, o da ailə vəziyyətimlə əlaqədardır".
Sidqinin həmişə böyük sevgi ilə haqqında söhbət açdığı altı övladından biri oğlu Məmmədəli idi ki, o, ata yolunun davamçısı - müəllim, yazıçı, jurnalist kimi fəaliyyət göstərmişdir. Məmmədəli 1906-1908-ci illərdə "İrşad" qəzetində işləmişdi. 1910-1911-ci illərdə "Molla Nəsrəddin"in müvəqqəti redaktoru olmuşdu. 1913-cü ildə Bakıda müəllim işləmişdir. Eyni zamanda yerli qəzetlərə, "Molla Nəsrəddin"ə məqalələr yazmış, hətta bəzən həvəskar aktyorların tamaşalarında kiçik rollarda oynamışdır. Hətta 1917-ci ildə Bakıda A.M.Şərifzadənin rejissorluğu ilə səhnəyə qoyulmuş "Ölülər" pyesində Şeyx Nəsrullah rolunu ifa etmişdir.
1917-ci ildən Məmmədəli Sidqi "Sovqat" və "Kommunist" qəzetlərində işləmiş və beləliklə, ata yolunu davam etdirmiş, daşıdığı soyadının nüfuzunu uca tutmuşdur. Bu gün isə Məhəmməd Tağı Sidqinin yolunu yüzlərlə mənəvi övladı davam etdirir.
M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələni təşkil edir.
İradə ƏLİYEVA,
"Azərbaycan"