Elə insanlar var ki, onlar haqqında düşünəndə
özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə
pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də
öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.
Ziyalılıq
bir vəzifə deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol, yaşadığı həyat,
başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir. O da insanların
qayğılarına, düşüncələrinə yaxınlığı ilə ziyalı taleyinin seçdiyi insanlardandır.
Professor
Alış Qasımovu ilk dəfə tanıyanda o, hələ xeyli gənc idi. Elmdə, pedaqoji fəaliyyətində
ona uğur gətirən nailiyyətlərin çoxu hələ irəlidə idi. Bir çox yüksək titullar,
rəsmi təltiflər də ad və soyadına ömrün növbəti dönəmlərində əlavə olunacaqdı.
Antik yunan
filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar
haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən
həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə
çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki
işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər.
Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin
həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü
tapıb.
Ömrün indi
60-cı zirvəsinə ucalan Alış Qasımov da həyatının hər bir anında məhz belə olmağa
çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız,
dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
Onun ömür
yolu 1960-cı il yanvarın 10-da Beyləqan rayonunun Milabad kəndindən başlanır. Orta
təhsilini doğulub böyüdüyü kənd məktəbində alıb. Elə o illərdən dərslərə marağı,
çalışqanlığı, eşitdiyi və mütaliə etdiyi hər mətnin məzmununu, məqsədini dərindən
qavraması ilə seçilirdi. Bütün bunlar onun istedadından və işıqlı gələcəyindən xəbər
verirdi. Orta məktəbin son siniflərinə doğru qət etdi ki, hüquqşünas olacaq.
1977-ci ildə orta məktəbi bitirib Bakıya gəldi. Burada iki il fəhlə işlədi. Qarşıda
əsgəri xidmət vardı. İki il də ordu sıralarında xidmətdə keçdi. Əsgərlikdən qayıtdıqdan
sonra yenidən çalışdığı əmək kollektivinə qayıtdı. Hüquqşünas olmaq arzusu bir an
da olsun onu tərk etmirdi. Gecə-gündüz imtahanlara hazırlaşırdı. 1982-ci ildə Azərbaycan
Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olundu. Axşam şöbəsində oxuyur, gündüzlər
işləyirdi.
Universiteti
uğurla başa vurub hüquqşünas ixtisasına yiyələndikdən sonra Bakının Əzizbəyov rayon
xalq məhkəməsində çox kiçik bir vəzifədə işləməyə başladı və pillə-pillə irəlilədi.
1989-cu ildə həyat yolu artıq müəyyən iş təcrübəsi toplamış cavan hüquqşünası yenidən
məzunu olduğu BDU-ya gətirdi. Burada o, Hüquq fakültəsi dekanlığının metodisti kimi
fəaliyyətə başladı. Həmin vaxtdan üzübəri - artıq 30 ildən çoxdur Alış Qasımov şərəfli
müəllim ömrü yaşamaqdadır. O, metodistlikdən başlayaraq baş metodist, müəllim, baş
müəllim, dosent, dekan müavini kimi vəzifələrdə çalışıb. 2002-ci ildən Mülki proses,
əmək və ekologiya hüququ kafedrasının müdiri olub. 2011-ci ildən isə Əmək və ekologiya
kafedrasının müdiridir.
1994-cü ildə
o, "Əmək və bəzi mülki hüquq münasibətlərindən əmələ gələn əvəzli və əvəzsiz əmlak
səlahiyyətlərinin qarşılıqlı əlaqə sistemi” mövzusunda dissertasiya işini uğurla
müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2003-cü
ildə isə hüquqşünas-alim "Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi
məsuliyyət” mövzusuna həsr olunmuş doktorluq işini müvəffəqiyyətlə müdafiə etməklə
hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası Alış Qasımova 1997-ci il yanvarın 13-də dosent,
2010-cu il fevralın 5-də professor elmi adlarını verib. Ötən bu illər ərzində professor
Alış Qasımov öz sahəsinin peşəkar mütəxəssislərindən biri kimi hüquqşünas alimlərin
yetişdirilməsində böyük rol oynayıb. Onun elmi rəhbərliyi ilə onlarla gənc tədqiqat
sahəsində uğurlar qazanaraq elmi dərəcələr alıb. Professor Alış Qasımov hazırda
10-dan çox doktorant və dissertantın elmi rəhbəridir.
Tələbələri
onu çox sevirlər. Bu sevginin mənbəyi həm də Alış Qasımovun uzunmüddətli müəllimlik
təcrübəsi ilə auditoriyalarda oxuduğu yaddaqalan mühazirələr, tələbələrlə səmimi
ünsiyyət qurmaq bacarığı, onlara diqqət və qayğısıdır. Onun pedaqoji fəaliyyətinin
əhatə dairəsi təkcə "Əmək hüququ”, "Əmək hüququnun müasir problemləri”, "Əmək mübahisələri
və onların həlli qaydası”ndan oxuduğu mühazirələrlə məhdudlaşmır. Professor Alış
Qasımov tələbələrin bilik mənbələrinə olan ehtiyaclarını nəzərə alaraq mütəmadi
şəkildə yeni dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, elmi məqalələr yazır.
Öz əsərlərində əmək hüququ elminin müasir tendensiyalarına xüsusi diqqət yönəldir.
Təsadüfi deyil ki, o, 360-dan çox elmi əsərin, o cümlədən 3 dərsliyin, 13 dərs vəsaitinin,
10 monoqrafiyanın, 233 elmi məqalənin, 13 kitabın, 4 metodik vəsaitin, 17 tezisin,
150-dən artıq qəzet məqaləsinin müəllifidir. 80-ə yaxın tədris proqramı tərtib edib.
Amma hələ
bütün bunlar da professor Alış Qasımovun elmi-yaradıcı fəaliyyətinin yalnız müəyyən
bir hissəsidir. Görkəmli alim indiyədək 103 əsərin elmi redaktoru, 75 elmi əsərin
rəyçisi olub. Onun əsərlərinin bir çoxu xarici ölkələrdə nəşr olunub və alimə ölkə
hüdudlarından kənarda da nüfuz qazandırıb. Qələmə aldığı istənilən əsərlə ilk tanışlıq
anlarından bunların nə qədər gərgin zəhmət hesabına başa gəldiyini, əsl peşəkar
əməyinin nəticəsi kimi ortaya çıxdığını görürsən. Alış Qasımov xarakter etibarilə
tələbkar və prinsipial alim-müəllimdir. Bu tələbkarlığı isə ilk növbədə özünə qarşı
yönəlib. Ona görə də alimin kitablarında, məqalələrində səthi yanaşmalara, bəsit
məqamlara, başqaları tərəfindən irəli sürülmüş tezislərin dolayısı ilə təkrarına
rast gəlməzsən. Professorun öz həmkarlarında, rəhbərlik etdiyi kafedranın əməkdaşlarında,
yetirməsi olan alimlərdə görmək istədiyi ilk keyfiyyət məhz öz tədqiqatlarına yüksək
məsuliyyətlə yanaşmalarıdır. Elə bunun nəticəsidir ki, Əmək və ekologiya kafedrası
son illər bir-birindən sanballı araşdırmalar ortaya qoyub və bu da Alış Qasımovun
bir elm təşkilatçısı kimi malik olduğu keyfiyyətlərin xoş töhfəsidir.
O, "Azərbaycan
Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri” elmi məcmuəsinin,
"Qanun”, "Dövlət və hüquq”, "Hüquq və gənclik” jurnallarının, "AR DİN Polis Akademiyasının Elmi Xəbərləri”, Ali
Məhkəmənin bülleteninin redaksiya heyətinin üzvüdür. Professor Alış Qasımov həmçinin
Moskvada nəşr olunan "Trudovoe pravo v Rossii i za rubejom” ("Rusiyada və xaricdə
əmək hüququ”), "Probelı v Rossiyskom zakonodatelğstve” ("Rusiya qanunvericiliyində
boşluqlar”), Minskdə nəşr olunan "Trudovoe i soüialğnoe pravo” ("Əmək və sosial
hüquq”) jurnallarının da redaksiya heyətində üzv kimi təmsil olunur. İndiyə qədər
35-dən çox beynəlxalq, 40-dan çox respublika səviyyəli elmi-praktik konfransda sanballı
məruzələri, təqdimatları ilə Azərbaycanın hüquq elmini layiqincə təmsil edib.
Professor
Alış Qasımovun peşəkar bacarıqlarından, öz sahəsinin eksperti kimi zəngin biliklərindən
digər əlaqəli sahələrdə də geniş istifadə edilir. Alim Təhsil Nazirliyi Elmi-Metodik
Şurasının "Dövlət və hüquq” bölməsinin katibi, Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü,
Ali Məhkəmə yanında Elmi-Məsləhət Şurasının, AMEA-nın Humanitar və ictimai elmlər
bölməsinin nəzdində Hüquq elmləri üzrə Problem Şurasının üzvü olub. Uzun müddət
hüquq üzrə elmi dərəcələr verən daimi və birdəfəlik dissertasiya şuralarının sədri
və üzvü kimi fəaliyyət göstərib. Hazırda isə Bakı Dövlət Universitetində yaradılmış
Dissertasiya Şurasının sədr müavinidir. Konstitusiya Məhkəməsinin plenumlarında
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin şərh edilməsi”ndə
ekspert qismində dəfələrlə iştirak etməsi onun yüksək ixtisaslı, bilikli və səriştəli
hüquqşünas olmasının daha bir göstəricisidir. O həm də Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvüdür.
Əsl ziyalı
cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç zaman biganə qalmır. Müəyyən bir
əqidənin daşıyıcısı kimi öz mövqeyini ortaya qoyur. Aydın baxışları, tutduğu yolla
onun rəyinə hörmət bəsləyən başqalarına, o cümlədən tələbələrinə düzgün yol göstərməyə
çalışır. Bu mənada Alış Qasımov əqidə adamıdır. O, hər zaman Azərbaycan dövlətinin
daha da qüdrətlənməsini istəyir. Cəmiyyətimizdə qanunun aliliyinin, insan hüquq
və azadlıqlarının, vətəndaş cəmiyyətinin, sosial ədalətin bərqərar olmasına, yüksək
siyasi mədəniyyətin formalaşmasına çalışır. Alim fəhmi ilə duyur ki, bütün bu amallara
yetişməyin yeganə yolu cəmiyyətdəki ictimai-siyasi sabitliyin, davamlı inkişaf mühitinin
qorunub saxlanmasından, insanların maariflənməsindən, xalqın birdən-birə inqilabi
sıçrayışla deyil, sosial təkamül yolu ilə öz hədəflərinə doğru irəliləməsindən keçir.
Bu isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji
inkişaf kursudur. Bu kursu böyük əzmlə davam etdirərək ölkəmizi tarixinin ən qüdrətli
mərhələsinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü milli inkişaf
siyasətidir.
Tanınmış alim
təkcə praktik tədrislə kifayətlənməyi özü üçün məqbul saymır. Cəmiyyətin hüquqi
cəhətdən yetkinləşməsi, ölkənin polis, məhkəmə, ədliyyə, prokurorluq sistemində
həyata keçirilən mütərəqqi ruhlu islahatların vətəndaşlara adekvat şəkildə çatdırılması
üçün biliyinin, qələminin gücünü əsirgəmir.
Cəmiyyətin
hüquqi maarifləndirilməsi prosesində yaxından iştirak edir. Ayrı-ayrı məqalələrində
Azərbaycanın qısa dövr ərzində keçdiyi demokratik inkişaf mərhələsinin mahiyyətini,
ölkəmizdə liberal dəyərlərin təminatını sürətləndirən proseslərin inkişaf dinamikasını,
iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas xüsusiyyətlərini
açıb göstərməyə çalışır.
Alış müəllimin elmi, pedaqoji, ictimai fəaliyyəti
də dövlət tərəfindən yüksək qiymətləndirilir. 2000-ci il fevralın 10-da Təhsil Nazirliyinin
Kollegiyası onu yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması sahəsindəki səmərəli
fəaliyyətinə görə və BDU-nun 80 illik yubileyi münasibətilə fəxri fərmanla təltif
edib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli sərəncamı
ilə "Tərəqqi” medalına layiq görülüb. Yüksəkixtisaslı kadrların hazırlanmasında
səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2010-cu il yanvarın 21-də Təhsil nazirinin
əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, elm və təhsilin
inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahənin inkişafına xüsusi
töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə
2019-cu il noyabr ayının 25-də "Bakı Dövlət Universitetinin 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə, qanunvericiliyin təkmilləşdirilməsi
və eyni zamanda, hüququn ayrı-ayrı sahələrinin inkişaf etdirilməsində verdiyi töhfələrə
görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xüsusi medalı, habelə AHİK
İcraiyyə Komitəsinin 13 aprel 2016-cı il tarixli qərarı ilə "Həmkarlar ittifaqında
xidmətlərinə görə” medalı ilə təltif olunub. Bu mükafatların hər biri onun alim-müəllim
əməyinə, xalqımızın maariflənməsinə, dövlətimizin inkişafına təmənnasız xidmətdə
keçən mənalı illərinə verilmiş layiqli qiymətdir.
Zahid CƏFƏROV,
Bakı Dövlət Universitetinin Əmək və ekologiya
hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru