Zəngilan Azərbaycanın qədim yaşayış məskənlərindən, tarixi yaddaşını təbiətinin gözəlliyi və insanlarının zəhmətkeşliyi ilə yaşadan yurd yerlərindən biridir. Arazın sahilində, Şərqi Zəngəzurun cənub-qərbində yerləşən rayon əsrlər boyu öz coğrafi mövqeyi, münbit torpaqları, çayları, meşələri və zəngin mədəni irsi ilə seçilib.
Həkəri, Oxçuçay, Bəsitçay və Araz çayı rayonun təbii mənzərəsini formalaşdıran əsas su hövzələrindəndir. Dağətəyi sahələrlə düzənliklərin qovuşması kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq və arıçılıq üçün əlverişli şərait yaradıb. Faydalı qazıntılar və tikinti materialları baxımından potensialı, eləcə də dəmir yolu infrastrukturu Zəngilanın iqtisadi həyatında vacib rol oynayıb. İşğaldan əvvəl rayonda 29 kolxoz və sovxoz, bir arıçılıq təsərrüfatı, dörd kooperativ və üç kəndli-fermer təsərrüfatı fəaliyyət göstərirdi.
1993-cü il oktyabrın 29-da Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bölgənin həyatında faciəli dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkədəki ağır siyasi-hərbi şərait, Füzuli və Cəbrayıl rayonlarının işğalı Zəngilanın əlaqə imkanlarını daraltmışdı. Rayon sakinləri təxminən 67 gün mühasirə şəraitində yaşamağa və müdafiə olunmağa məcbur qaldılar. Oktyabrın 25-dən 29-dək əhalinin böyük hissəsi doğma yurdunu tərk edərək Araz çayını keçdi. İnsanların ev-eşiyindən ayrılması, yaşayış məntəqələrinin dağılması, təsərrüfatların və infrastrukturun sıradan çıxması işğalın ağır nəticələrinə çevrildi. Bu hadisələrin mahiyyəti yalnız itirilmiş əmlakla ölçülmür: minlərlə insanın gündəlik həyatı, ailələrin taleyi və nəsillər boyu qorunan xatirələri də kökündən dəyişdi. İşğal dövründə Zəngilanın maddi və mənəvi irsinə də ciddi zərər dəydi. Şəhərdəki XIX əsrə aid tarixi məscidin tövlə kimi istifadə olunması dini-mədəni irsə vurulan zərərin ən sarsıdıcı nümunələrindəndir. İbadət məkanı insanların inancını, yaddaşını və mənəvi həyatını özündə birləşdirir. Belə məkanların təhqir edilməsi bütöv bir dini dəyərlərə hörmətsizlikdir.
Zəngilanın tarixi-mədəni irsi müxtəlif dövrləri əhatə edir. İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərinin məscidləri, Xanazor və Yeməzli kəndlərindəki Alban kilsələri rayonun dini tarixinin rəngarəngliyini əks etdirir. Məmmədbəyli kəndindəki XIV əsrə aid səkkizguşəli türbə, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi, Hacallı günbəzi, Şərifan abidələri, Şəhri Şərifan və Ağca Aşıq yaşayış yerləri, Qumlaq kəndindəki Qız qalası, Oxçuçay ərazisindəki Qəsr qalası, Şərifan və Yenikənd sərdabələri, Hacallı dairəvi bürcü, Sobu kəndindəki Tağlı körpü və digər abidələr bölgənin memarlıq və arxeoloji zənginliyindən xəbər verir. Ziya Baba ocağı, Xanazor piri, Soltan Heydər piri, Günqışlaq piri, İzzə piri, Buqakar piri və başqa ziyarətgahlar isə yerli əhalinin mənəvi yaddaşında xüsusi yer tutur. Quyudərə Xəştab nekropolu, Yeməzlidəki küp qəbirlər və Ağ Oyuq düzündəki Koroğlu daşı Zəngilanın qədim keçmişinə işıq salan arxeoloji nümunələrdəndir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyində həlledici mərhələyə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. Ordumuzun peşəkarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti müharibənin gedişində vacib rol oynadı. Cəbrayıl istiqamətində əldə edilən uğurlar Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilan istiqamətində əməliyyatların genişlənməsi, ardınca yaşayış məntəqələrinin azad edilməsi rayonun işğaldan qurtuluşunu yaxınlaşdırdı. 2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhərinin və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad edildiyini elan etdi. Sonrakı döyüşlər nəticəsində Zəngilan şəhəri, rayonun dörd qəsəbəsi və 49 kəndi işğaldan azad olundu. Bu qələbə Azərbaycan xalqının onilliklər boyu davam edən həsrətinə son qoyan tarixi hadisələrdən biri oldu.
Zəngilanın azadlığı Azərbaycanın dövlətçilik tarixində uzunmüddətli strategiyanın və milli iradənin nəticələrindən biri kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti müstəqil dövlətin möhkəmlənməsinə, milli maraqların qorunmasına və gələcək inkişaf üçün təməlin yaradılmasına xidmət edib. Sonrakı dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və hərbi potensialın gücləndirilməsi, ordunun müasirləşdirilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ölkənin müdafiə qabiliyyətinin artmasına töhfə verib. Vətən müharibəsində qazanılan qələbədən sonra qarşıda yeni vəzifə dayandı: azad edilmiş ərazilərdə təhlükəsizliyi təmin etmək, dağıdılmış infrastrukturu bərpa etmək, iqtisadi həyatı canlandırmaq və keçmiş məcburi köçkünlərin qayıdışını təşkil etmək. Bu prosesdə tarixi və dini abidələrin qorunması ayrıca əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun mədəni irsin mühafizəsi və bərpası istiqamətində fəaliyyəti bu yanaşmanın əsas hissəsidir. Zəngilan şəhər məscidinin bərpası və yeni ibadət məkanının inşası, tarixi yaddaşın qorunmasına və dini-mənəvi həyatın bərpasına yönələn addımdır. Mədəni irsə sahib çıxmaq keçmişi olduğu kimi qorumaq, zədələnmiş abidələri mümkün olduqca bərpa etmək və onların tarixini gələcək nəsillərə çatdırmaq deməkdir.
Zəngilanın dirçəlişində Böyük Qayıdış proqramı əsas istiqamətlərdən biridir. Proqram çərçivəsində yaşayış evləri, yollar, enerji və su təchizatı sistemləri, məktəblər, səhiyyə müəssisələri və sosial xidmətlər yaradılır. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu yenidənqurma modelinin nümunəsidir. Kənddə yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası, tibb məntəqəsi və ictimai məkanlar yaradılıb; rəqəmsal rabitə və dayanıqlı enerji həlləri tətbiq olunub. Çirkab suların təmizlənməsi və resurslardan səmərəli istifadə kimi yanaşmalar da layihənin tərkib hissəsidir. Bununla belə, Ağalının əsas dəyəri texnologiyaların özündə deyil, insanların təhlükəsiz şəraitdə yaşamaq, işləmək və gələcək qurmaq imkanındadır. Zəngilan şəhərində 84 ailə-339 nəfər, Ağalı kəndində 234 ailə-1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə-903 nəfər məskunlaşıb. Bu rəqəmlər qayıdışın mərhələli şəkildə davam etdiyini göstərir. Qayıdışın dayanıqlı olması üçün mənzillərlə yanaşı, iş yerlərinin, təhsil və səhiyyə xidmətlərinin, gündəlik həyat üçün zəruri imkanların yaradılması da vacibdir. İnsanların doğma yurdlarında yalnız yaşaması deyil, burada əmək fəaliyyəti göstərməsi, ailəsinin rifahını təmin etməsi və gələcəyə inamla baxması bərpanın əsas meyarıdır.
Zəngilan şəhərində yaşayış infrastrukturu da mərhələli şəkildə qurulur. 2026-cı il mayın 10-da Prezident İlham Əliyev şəhərdə 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. İki hektardan artıq ərazidə yerləşən kompleks 12 binadan, uşaq və idman meydançalarından, velosiped zolağından və avtomobil dayanacaqlarından ibarətdir. Mənzillərin 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub. Bu kompleksin əhəmiyyəti yeni binaların sayından daha genişdir: o, şəhər həyatının yenidən formalaşmasına və ailələrin doğma mühitə qayıdışına xidmət edir. Nəqliyyat və logistika layihələri Zəngilanın strateji mövqeyini iqtisadi üstünlüyə çevirmək üçün imkan yaradır. Zəngilan Beynəlxalq Hava Limanı rayonun regional əlaqələrini genişləndirir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə azad edilmiş ərazilərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirmək, yük və sərnişin daşımalarını asanlaşdırmaq baxımından əhəmiyyətlidir. Enerji infrastrukturu, elektrik yarımstansiyaları, rəqəmsal idarəetmə sistemləri və su elektrik stansiyaları rayonun dayanıqlı təminatına xidmət edir.
İqtisadi dirçəlişin digər istiqamətləri turizm və kənd təsərrüfatıdır. Zəngilanın çayları, dağətəyi əraziləri, meşələri və tarixi abidələri turizm üçün geniş imkanlar yaradır. Ağalı hotelinin fəaliyyəti, Zəngilan İstirahət Kompleksi ilə bağlı layihələr və 2026-cı il mayın 10-da təməli qoyulan “Zangilan City Park Hotel” xidmət sektorunun inkişafına yönəlib. Layihəyə əsasən, hotelin 116 nömrəsi olacaq, eyni vaxtda 241 qonaq qəbul ediləcək və 120 nəfər üçün iş imkanı yaradılacaq. Kənd təsərrüfatında isə Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi heyvandarlıq, bitkiçilik, emal və məhsulların saxlanması sahələrini əhatə edir. Bu təşəbbüslər yeni iş yerlərinin yaradılması və yerli iqtisadi fəallığın artırılması baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Zəngilana səfərləri bərpa prosesinin müxtəlif mərhələlərini əks etdirir. 2020-ci il dekabrın 23-də şəhərdə Azərbaycan bayrağının ucaldılması suverenliyin bərpasının rəmzinə çevrildi. 2021-ci ildə Ağalı kəndində “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının və avtomobil yolu layihələrinin təməli qoyuldu. Sonrakı illərdə yaşayış məntəqələrinin, məktəblərin, enerji obyektlərinin, yolların və ictimai məkanların tikintisi davam etdirildi. 2022-ci ildə Ağalı layihəsinin ilk mərhələsi açıldı; 2023 və 2024-cü illərdə şəhər məscidi, yaşayış kompleksləri, enerji və rəqəmsal idarəetmə infrastrukturu ilə bağlı işlər irəlilədi. 2025-ci ildə Ağalının ikinci mərhələsi və Məmmədbəyli kəndi üzrə açılışlar, 2026-cı ildə isə şəhərin ilk 104 mənzilli yaşayış kompleksinin istifadəyə verilməsi qayıdışın real məkanlarda davam etdiyini göstərdi. Bu ardıcıllıq Zəngilanın bərpasının yaşayış, nəqliyyat, enerji, təhsil və məşğulluğu birləşdirən kompleks proses olduğunu ortaya qoyur.
Zəngilanın tarixi həm kədərin, həm də dirənişin tarixidir. İşğal illərində doğma evlərindən uzaq düşən insanlar yurdla bağlarını qoruyub saxladılar. İndi həmin bağlar tədricən gündəlik həyata çevrilir: evlər tikilir, yollar salınır, məktəblər açılır, ailələr geri dönür. Tarixi abidələrin bərpası keçmişlə əlaqəni möhkəmləndirir, yeni infrastruktur isə gələcək üçün imkanlar yaradır. Bu iki istiqamət bir-birini tamamlayır: yaddaşını qoruyan cəmiyyət gələcəyini daha möhkəm təməllər üzərində qura bilər. Zəngilanın azadlığı ilə Azərbaycan-İran sərhədinin işğal altında qalmış hissəsində suveren nəzarət bərpa olundu və rayonun strateji mövqeyindən ölkənin inkişafı naminə istifadə etmək üçün yeni imkanlar yarandı. Bu gün Zəngilanın hekayəsi azadlığın ardınca gələn məsuliyyəti- dağılanı bərpa etmək, insanları evlərinə qaytarmaq, tarixi irsi qorumaq və davamlı iqtisadi həyat qurmaq vəzifəsini də əhatə edir.
Zəngilanın gələcəyi burada yaşayan və yaşayacaq insanların əməyi, dövlətin quruculuq siyasəti və tarixi irsə göstərilən qayğı ilə formalaşır. Torpağı azad etmək tarixin bir mərhələsidir; onu yenidən yaşatmaq isə hər gün davam edən işdir. Zəngilanın bugünkü salnaməsi də məhz bu fikri ifadə edir: doğma yurda qayıdış təkcə keçmişə dönüş deyil, gələcəyə açılan yeni yoldur.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri