Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı
yeni Fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını
qoyur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə
Nazirliyinin tabeliyinə verilməsi yalnız inzibati strukturun yenilənməsi deyil,
səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə məsuliyyəti
və keyfiyyətə nəzarət mexanizmlərinin yenidən əlaqələndirilməsi baxımından əhəmiyyətli
qərardır.
Fərmana əsasən, TƏBİB-in hüquq və öhdəliklərinin,
eləcə də əmlakının Nazirliyin tabeliyindəki publik hüquqi şəxsə keçməsi nəzərdə
tutulur. Yeni idarəetmə modelində TƏBİB-in cari fəaliyyətinə Nazirlik tərəfindən
təyin olunan sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək.
Keçid dövründə isə Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı
komissiya həyata keçirəcək.
Bu qərarın mahiyyətini düzgün qiymətləndirmək
üçün Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi inkişaf yoluna, mövcud idarəetmə
modelinin xüsusiyyətlərinə və qarşıdakı mərhələnin prioritetlərinə kompleks
yanaşmaq lazımdır.
Səhiyyə islahatlarında yeni mərhələnin zəruriliyi
Son illərdə Azərbaycanda səhiyyə sisteminin
modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərin əhali üçün əlçatanlığının
artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə
xidmətlərinin maliyyələşdirilməsində yeni mexanizmlər formalaşdırıb. TƏBİB-in
yaradılması isə dövlət tibb müəssisələrinin vahid idarəetmə prinsipləri əsasında
fəaliyyət göstərməsinə imkan verən institusional modelin əsasını qoyub.
2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi
tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi
və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub.
Lakin səhiyyə sistemi inkişaf etdikcə onun
idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi,
kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və
tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti
yaranır.
Bu baxımdan, yeni Fərman səhiyyə idarəçiliyində
növbəti institusional mərhələyə keçid kimi təhlil oluna bilər.
Əsas məsələ yalnız idarəetmə strukturunun dəyişməsi
deyil, bu dəyişiklik nəticəsində səhiyyə sisteminin daha çevik, şəffaf, məsuliyyətli
və vətəndaşın ehtiyaclarına həssas fəaliyyət göstərməsidir.
Vahid səhiyyə siyasəti və koordinasiyanın gücləndirilməsi
Müasir səhiyyə sistemlərinin effektivliyini müəyyən
edən başlıca amillərdən biri dövlət siyasəti ilə tibbi xidmətlərin gündəlik təşkili
arasında uyğunluğun təmin edilməsidir.
Səhiyyə Nazirliyi ölkədə səhiyyə siyasətinin
formalaşdırılması və həyata keçirilməsində əsas dövlət institutlarından
biridir. TƏBİB isə dövlət tibb müəssisələrinin idarə olunması və tibbi xidmətlərin
təşkilində mühüm funksiyalar yerinə yetirir.
Yeni model bu iki istiqamət arasında daha
birbaşa institusional əlaqə yaradır.
Bunun bir neçə mühüm nəticəsi ola bilər.
Birincisi, səhiyyə sahəsində strateji qərarların
qəbul edilməsi ilə onların tibb müəssisələrində icrası arasında koordinasiya
güclənə bilər.
İkincisi, tibbi xidmətlərin keyfiyyətinə, xəstəxanaların
fəaliyyətinə və idarəetmə nəticələrinə görə məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsi
üçün imkan yaranır.
Üçüncüsü, kadr hazırlığı, tibbi xidmətlərin
standartlaşdırılması, səhiyyə infrastrukturunun inkişafı və rəqəmsal səhiyyə
layihələri arasında əlaqələndirmə daha sistemli xarakter ala bilər.
Burada mühüm prinsip ondan ibarətdir ki, idarəetmənin
mərkəzləşdirilməsi qərarların həddindən artıq bürokratikləşdirilməsinə deyil, məsuliyyətin
dəqiqləşdirilməsinə və xidmətlərin operativliyinin artırılmasına xidmət edəcəkdir.
İcbari
tibbi sığorta sistemində yeni imkanlar
Bu struktur dəyişikliyinin mühüm istiqamətlərindən
biri icbari tibbi sığorta sisteminin fəaliyyəti ilə bağlıdır.
İcbari tibbi sığorta səhiyyə xidmətlərinin
maliyyə əlçatanlığını artırmaqla yanaşı, dövlət tibb müəssisələrinin fəaliyyətinə
yeni iqtisadi münasibətlər gətirib.
Lakin sığorta mexanizminin uğuru yalnız maliyyə
vəsaitinin ayrılması ilə ölçülmür. Burada xidmətin keyfiyyəti, xəstələrin
vaxtında müayinə və müalicəsi, maliyyə resurslarından səmərəli istifadə və
tibbi nəticələr də əsas göstəricilərdir.
Yeni idarəetmə mərhələsində səhiyyə siyasəti,
tibbi xidmətlərin təşkili və sığorta mexanizmləri arasında koordinasiyanın gücləndirilməsi
mühüm əhəmiyyət daşıyacaq.
Xüsusilə Xidmətlər Zərfinin təkmilləşdirilməsi,
ambulator dərman təminatının genişləndirilməsi, ixtisaslaşdırılmış tibbi xidmətlərə
çıxışın asanlaşdırılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi
prioritet istiqamətlərdən olmalıdır.
Bununla yanaşı, maliyyələşdirici qurumla tibbi
xidmət göstərən müəssisələr arasında funksional sərhədlərin və hesabatlılıq
mexanizmlərinin qorunması vacibdir.
Səhiyyə sisteminin maliyyə dayanıqlığı ilə
tibbi xidmətlərin keyfiyyəti bir-birini tamamlayan məqsədlər kimi nəzərdən
keçirilməlidir.
Xəstəxanaların idarə olunmasında nəticəyönümlü
yanaşma
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə
verilməsi xəstəxanaların idarə olunmasında da yeni yanaşmaların tətbiqi üçün
imkan yarada bilər.
Müasir xəstəxana idarəçiliyi yalnız maliyyə, təsərrüfat
və inzibati məsələlərin həllindən ibarət deyil. Xəstəxananın fəaliyyətinin əsas
meyarı vətəndaşa göstərilən tibbi xidmətin keyfiyyəti və müalicənin nəticəsidir.
Bu səbəbdən yeni mərhələdə tibb müəssisələrinin
fəaliyyətinin qiymətləndirilməsi üçün konkret göstəricilər tətbiq olunmalıdır.
Xəstələrin tibbi xidmətə çıxış müddəti,
elektron növbələrin idarə olunması, müayinə və müalicənin keyfiyyəti, pasiyent
məmnunluğu, tibbi personalın iş yükü, xəstəxanadaxili infeksiyaların
profilaktikası və maliyyə səmərəliliyi kimi göstəricilər vahid monitorinq
sistemində birləşdirilə bilər.
Eyni zamanda, xəstəxana rəhbərlərinin fəaliyyətinə
qiymət verilərkən yalnız inzibati göstəricilər deyil, klinik nəticələr də nəzərə
alınmalıdır.
Belə bir yanaşma idarəetmədə şəxsi məsuliyyəti
artırmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin davamlı yüksəldilməsi üçün
stimullar formalaşdıra bilər.
2026-cı ilin səhiyyə islahatları vahid sistem
kimi qiymətləndirilməlidir
Yeni Fərmanın əhəmiyyətini daha aydın göstərən
mühüm məqam onun 2026-cı ilin mart ayında başlanmış institusional dəyişikliklərlə
əlaqəsidir.
Prezident İlham Əliyevin 19 mart 2026-cı il
tarixli Fərmanı ilə icbari tibbi sığorta sahəsində səlahiyyətlər Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş, Dövlət Tibbi Sığorta və
Ekspertiza Agentliyinin yaradılması qərara alınmışdır. Bu quruma tibbi xidmətlərin
maliyyələşdirilməsi, sığorta vəsaitlərinin idarə olunması və dövlət adından
xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyaları verilmişdir.
Beləliklə, 2026-cı ildə qəbul edilmiş qərarlar
səhiyyə sistemində üç əsas funksiyanın daha aydın institusional bölgüsünü
formalaşdırır:
* Səhiyyə siyasəti və tibbi xidmətlərin təşkili
— Səhiyyə Nazirliyi və onun tabeliyində TƏBİB.
* İcbari tibbi sığortanın maliyyələşdirilməsi
və xidmətlərin satın alınması — Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi.
* Tibbi xidmətlərin bilavasitə göstərilməsi —
dövlət və müvafiq müqavilələr əsasında fəaliyyət göstərən digər tibb müəssisələri.
Bu modelin səmərəli işləməsi üçün
qurumlararası məlumat mübadiləsi, maliyyə intizamı, müqavilə münasibətləri və
tibbi xidmətlərin keyfiyyətinə nəzarət mexanizmləri uzlaşdırılmalıdır.
Yeni islahat mərhələsi səlahiyyətlərin yenidən
bölüşdürülməsi əlavə razılaşdırma mərhələləri yaranmasının qarşısını alacaq.
Buna görə də yeni strukturun fəaliyyətində operativ qərarvermə və aydın məsuliyyət
bölgüsü xüsusi əhəmiyyət daşıyır.
Regional səhiyyənin inkişafı xüsusi diqqət tələb
edir
Azərbaycan səhiyyəsinin qarşısında duran mühüm
vəzifələrdən biri Bakı ilə regionlar arasında tibbi xidmətlərə çıxış
imkanlarının daha da yaxınlaşdırılmasıdır.
Rayon və kənd yerlərində yaşayan vətəndaşların
ixtisaslı tibbi xidmətə çıxışı, diaqnostik imkanların genişləndirilməsi, həkim
çatışmazlığının aradan qaldırılması və təcili tibbi yardımın operativliyinin
artırılması davamlı diqqət tələb edən məsələlərdir.
Yeni idarəetmə modelində regional səhiyyə
siyasəti ayrıca prioritet kimi müəyyənləşdirilməlidir.
Xüsusilə rayon mərkəzi xəstəxanalarının
imkanlarının genişləndirilməsi, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi,
ailə həkimliyi institutunun inkişaf etdirilməsi və ixtisaslı həkimlərin
regionlarda fəaliyyətinin stimullaşdırılması mühüm istiqamətlərdir.
Eyni zamanda, regional xəstəxanalar arasında
funksional əməkdaşlıq qurulmalı, hər bir tibb müəssisəsinin hansı səviyyədə
xidmət göstərməsi dəqiq müəyyən edilməlidir.
Bu yanaşma həm resursların daha səmərəli
bölüşdürülməsinə, həm də vətəndaşların zərurət olmadan paytaxt xəstəxanalarına
üz tutmasının azalmasına şərait yarada bilər.
Tibbi
kadr siyasəti və insan kapitalının inkişafı
Səhiyyə islahatlarının nəticələrini müəyyən edən
əsas amillərdən biri tibbi kadrlardır.
Ən müasir xəstəxana infrastrukturu belə peşəkar
həkim və orta tibb işçiləri olmadan gözlənilən nəticəni verə bilməz.
Bu səbəbdən yeni idarəetmə mərhələsində tibb
işçilərinin peşəkar inkişafı, davamlı tibbi təhsil, əməkhaqqı və motivasiya
mexanizmləri, eləcə də şəffaf kadr siyasəti əsas prioritetlər sırasında
olmalıdır.
Tibbi personalın fəaliyyətinin qiymətləndirilməsi
yalnız göstərilən xidmətlərin sayı ilə məhdudlaşmamalıdır. Müalicənin keyfiyyəti,
klinik protokollara riayət olunması, pasiyent təhlükəsizliyi və peşəkar inkişaf
göstəriciləri də nəzərə alınmalıdır.
Xüsusilə gənc həkimlərin regionlara cəlb
olunması üçün əməkhaqqı ilə yanaşı, yaşayış, sosial təminat və peşəkar inkişaf
imkanlarını əhatə edən kompleks stimullaşdırma mexanizmlərinə ehtiyac var.
Rəqəmsal
səhiyyə və şəffaf idarəetmə
Yeni institusional modelin uğurlu fəaliyyətinin
əsas şərtlərindən biri rəqəmsal səhiyyə sistemlərinin inteqrasiyasıdır.
Elektron sağlamlıq kartları, vahid tibbi məlumat
bazası, elektron göndərişlər, elektron növbə sistemi və tibbi xidmətlərin rəqəmsal
monitorinqi səhiyyə idarəçiliyinin keyfiyyətini yüksəldə biləcək mühüm alətlərdir.
Vətəndaşın tibbi məlumatlarının müxtəlif müəssisələr
arasında təhlükəsiz mübadiləsi təkrar müayinələrin azalmasına, diaqnostika
prosesinin sürətlənməsinə və müalicənin davamlılığının təmin edilməsinə kömək
edə bilər.
Bununla yanaşı, şəxsi tibbi məlumatların məxfiliyi,
kibertəhlükəsizlik və məlumatlardan qanunvericiliyə uyğun istifadə məsələləri
ciddi nəzarətdə saxlanılmalıdır.
Rəqəmsallaşmanın əsas məqsədi hesabatların
sayını artırmaq deyil, həkimin işini asanlaşdırmaq və vətəndaşın tibbi xidmət
almaq üçün sərf etdiyi vaxtı azaltmaq olmalıdır.
Yeni rəhbərlik və institusional davamlılıq
Oktyabrın 19-da həyata keçirilən struktur dəyişiklikləri
səhiyyə sahəsində rəhbərlik səviyyəsində qəbul edilmiş qərarlarla da müşayiət
olunur.
Prezidentin sərəncamları ilə Teymur Musayev səhiyyə
naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunmuş, Anar
Bayramov isə səhiyyə naziri təyin edilmişdir.
Yeni rəhbərlik qarşısında duran əsas vəzifələrdən
biri institusional keçidin tibbi xidmətlərin fasiləsizliyinə mənfi təsir göstərmədən
həyata keçirilməsidir.
Burada idarəetmənin yenilənməsi ilə əvvəlki mərhələdə
əldə edilmiş müsbət nəticələrin qorunması arasında balans təmin olunmalıdır.Hər
iki kadrın təcrübəli səhiyyə tə.kilatcısı olması bu ümidləri artırır.
TƏBİB-in fəaliyyətində formalaşmış təcrübənin,
mövcud tibbi informasiya sistemlərinin, kadr potensialının və xidmət mexanizmlərinin
yeni strukturda səmərəli istifadəsi xüsusi əhəmiyyət daşıyır.
İslahatın uğuru hansı meyarlarla ölçülməlidir?
Səhiyyə sistemində istənilən struktur dəyişikliyinin
real nəticəsi vətəndaşın gündəlik həyatında hiss olunmalıdır.
Bu baxımdan, yeni idarəetmə modelinin nəticələri
konkret göstəricilər əsasında qiymətləndirilməlidir: həkim qəbuluna gözləmə
müddətinin azalması, diaqnostik müayinələrə əlçatanlığın yüksəlməsi,
regionlarda ixtisaslı tibbi xidmətlərin genişlənməsi, pasiyent məmnunluğunun
artması, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşması və dövlət vəsaitindən
istifadənin səmərəliliyi.
Bu göstəricilər üzrə ilkin vəziyyət müəyyən
edilməli, ölçülə bilən hədəflər təsdiqlənməli və nəticələr mütəmadi olaraq
ictimaiyyətə təqdim olunmalıdır.
Belə bir yanaşma həm idarəetmədə hesabatlılığı
gücləndirər, həm də vətəndaşların səhiyyə sisteminə etimadının möhkəmlənməsinə
xidmət edər.
Nəticə: İdarəetmədə dəyişiklik vətəndaşın
sağlamlığına xidmət edəcəkdir.
Prezident İlham Əliyevin TƏBİB-in Səhiyyə
Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı imzaladığı Fərman Azərbaycan səhiyyəsində
yeni institusional mərhələnin başlanğıcıdır.
Bu qərar səhiyyə siyasətinin formalaşdırılması
ilə tibbi xidmətlərin təşkili arasında əlaqələrin gücləndirilməsi, idarəetmə məsuliyyətinin
dəqiqləşdirilməsi və mövcud resurslardan daha səmərəli istifadə üçün yeni
imkanlar yaradır.
Səhiyyə həm sosial siyasətin, həm də milli
inkişafın strateji istiqamətlərindən biridir. Sağlam insan kapitalı güclü
iqtisadiyyatın, sosial rifahın və davamlı inkişafın mühüm şərtidir.
Bu baxımdan, səhiyyə sistemində həyata keçirilən
dəyişikliklərin mərkəzində insan amili dayanır.
Yeni idarəetmə mərhələsinin strateji məqsədi də
məhz bu nəticəyə nail olmaqdır,ölkə rəhbərinin Azərbaycan vətəndaşına göstərdiyi
diqqət və qaygının bariz nümunəsidir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin
üzvü, həkim-pediatr