20 Oktyabr 2022 03:25
2057
SİYASƏT
A- A+

Zəngilan azadlıq gününü xüsusi təntənə ilə qeyd edir

 

Prezident İlham Əliyev Şərqi Zəngəzurun "hava qapısı"nda ilk olaraq qardaşı Rəcəb Tayyib Ərdoğanı qarşılayacaq

 

Bu gün Şərqi Zəngəzurun tarixinə yeni səhifə yazılacaq. İki il öncə, 44 günlük Vətən müharibəsinin 24-cü günündə, oktyabrın 20-də azadlığına qovuşan Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonunun ilk "hava qapısı" açılacaq. 
Bir il öncə, oktyabrın 26-da Qarabağın "hava qapısı" sayılan Füzuli Beynəxalq Hava Limanının açılışını edən qardaş prezidentlər  -  İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan bu dəfə Şərqi Zəngəzurdan dünyaya mesaj verəcəklər. 
Çox qısa zamanda inşa edilən yeni hava limanına enən ilk xarici təyyarənin məhz Türkiyəyə məxsus olması, Rəcəb Tayyib Ərdoğanın Zəngilana gəlməsi Azərbaycan-Türkiyə münasibətlərinin növbəti qardaşlıq nümunələrindən biridir. Eyni zamanda iki qardaş ölkənin prezidentlərinin hava limanının açılışını bərabər etməsi türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır. 
Təbii ki, ölkə liderləri bu səfər zamanı hava limanının açılışı ilə yanaşı, Şərqi Zəngəzurda həyata keçirilən müxtəlif layihələrə də xeyir-dualarını verəcəklər. 

 

Oktyabrda işğal edilən Zəngilan 27 il sonra oktyabrda azadlığına qovuşdu

 

Azərbaycanın cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonu strateji cəhətdən böyük əhəmiyyət kəsb edən mövqedə yerləşir. Tarixi məlumatlar azad edilmiş digər ərazilər kimi, Zəngilanın da qədim Azərbaycan torpağı olduğunu sübut edir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.
Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisinin yeganə çıxış yolu Araz çayından İran ərazisinə keçmək idi. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. 
Oktyabrda işğal edilən Zəngilan elə oktyabrda da işğaldan azad edildi. Bu müjdəli xəbəri xalqa 44 günlük Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan İlham Əliyev verdi: "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"
Ali Baş Komandan bəyan edir ki, Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir, düşmənə layiqli cavab verilir, erməni əsgəri igid oğullarımızın qarşısında acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

 

Zəngilanın azadlığı - ən itisürətli əməliyyat planı

 

Vətən müharibəsində Cəbrayılın və Füzulinin işğaldan azad edilməsindən sonra başlanılan Zəngilan döyüşləri çox uğurlu, düşmənin daha çox itki verdiyi hərbi əməliyyatlardandır. Ümumilikdə Zəngilan rayonunun bütün ərazisi uğrunda döyüşlər müharibənin son gününədək aparılıb və 9 noyabrda rayonun 6 yaşayış məskəni azad edilib. Vətən savaşında Zəngilanın şəhər mərkəzi, 3 qəsəbəsi və 52 kəndi düşmən tapdağından təmizlənib.
"Dəmir yumruğ"un Zəngilan əməliyyatlarının ilk mərhələsi oktyabrın 18-də başlayıb. Bu çətin və şərəfli tapşırıq Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri tərəfindən həyata keçirilib. Oktyabrın 18-də bir itki vermədən Dəlidağ yüksəkliyini düşməndən azad edən Çevik Hərəkət Qüvvələri Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandıraraq Ali Baş Komandana raport verirlər. Bundan sonra yeni döyüş tapşırığı gəlir - Zəngilan şəhəri düşmən tapdağından azad edilməlidir. Əməliyyatlara isə Xudafərin əməliyyatında olduğu kimi DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov rəhbərlik edir. Döyüş tapşırığının icrası, şəhərin necə azad edildiyi barədə elə Zəngilanın mərkəzində Vətənin igid oğlu ilə söhbətləşirik. 
Vətən Müharibəsi Qəhrəmanı deyir ki, düşmən şəhərə daxil olan körpünü partlatdığı üçün Çevik Hərəkət Qüvvələri mərkəz istiqamətə Araz çayı boyu ərazilərdən hərəkət etməklə irəliləyiblər: "Xudafərin əməliyyatından dərhal sonra yeni döyüş planı hazırladıq. Bu planla Zəngilan şəhəri düşməndən azad edilməli idi. Onu da deyim ki, bu, 44 günlük Vətən müharibəsində icra olunan ən itisürətli əməliyyat planı olub. Biz həmin döyüş planını 24 saat ərzində yerinə yetirdik.  
Arazboyu ərazilərlə əməliyyatlara başladıq. Düşmən qorxuya düşmüşdü. Şəhərə daxil olan körpünü partlatdıqları üçün Oxçuçay istiqaməti ilə hərəkət etdik. Demək olar ki, əməliyyata başladığımız gün, oktyabrın 19-da şəhərdə çox az sayda düşmən qalmışdı.  Biz mərkəzə daxil olmuşduq. Oktyabrın 20-də şəhər tam azad olundu və xoşbəxtəm ki, Ali Baş Komandan İlham Əliyevə Zəngilanın azadlığı məruzəsini etmək də mənə nəsib oldu. Bu, həyatımın, bir hərbçi kimi karyeramın ən ali məqami idi mənim üçün. Bu hissləri ifadə etmək çətindir".     
Babək Ələkbərov deyir ki, bundan sonra yüksək ərazilərdə atəş qrupları yerləşdirilib və şəhərin müdafiəsinə nəzarət təmin olunub. Ancaq bir müddət sonra məlumat daxil olur ki, Zəngilanın mərkəzini tərk edən düşmən ətraf ərazilərdə yerləşərək pusqular qurub. Sonra isə Qafan istiqamətindən onlara dəstək gəlib: "Ehtimal edirdik ki, Qafan istiqamətindən onlara canlı qüvvə ilə dəstək veriləcək. Belə də oldu. Müşahidə etdik ki, 300 nəfərə yaxın heyət köməyə gəlir. Dərhal əməliyyat tapşırığı hazırlandı və oktyabrın 21-də döyüş başladı. Onlar Zəngilan şəhərini bizdən geri almağa çəhd göstərirdilər. Amma bizim xüsusi taktikamız və atəş mövqelərimiz düşməni yenə də qaçmağa məcbur etdi. Bununla da Zəngilan şəhərinin müdafiəsi tam təmin olundu". 

 

Ağbəndin və 2269 metr hündürlükdə olan Bartaz yüksəkliyinin azadlığı

 

Zəngilan şəhəri işğaldan azad edildikdən sonra heyət yeni döyüş tapşırığını reallaşdırır. Bu, Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunması tapşırığı olur. 
DSX-nin Çevik Hərəkət Qüvvələri Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə daxil olan Ağbənd qəsəbəsinin azad edilməsi tapşırığını oktyabrın 22-də icra edirlər və bununla da  Azərbaycan-İran sərhədi tam nəzarətə götürülür. 
Həmin gün Ali Baş Komandan xalqa növbəti müjdəni verərək rəsmi tviter səhifəsində yazır: "Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Ağbənd sərhəd zastavasında bayrağımız dalğalandırıldıqdan sonra Ali Baş Komandana  qələbə raportu verən DSX-nin general-mayoru Misir Əliyevlə Ağbənd qəsəbəsinə gedən yolda söhbətləşirik. Misir Əliyev deyir ki, bu tapşırıq da digəriləri kimi çox qısa zamanda həyata keçirilib: "Aldığımız tapşırıq Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin və Ermənistan-Azərbaycan dövlət sərhəddində strateji yüksəkliklərin işğaldan azad olunaraq dövlət sərhədinin bərpa edilməsi idi. Zəngilan şəhəri düşməndən tam azad olunduqdan sonra bölmələrimiz Araz çayı boyunca əməliyyatlara başladı. Əməliyyatlar zamanı İranda yaşayan soydaşlarımız Araz çayının əks istiqamətindən müxtəlif qələbə şüarları səsləndirirdilər. Bu da başa düşülən idi. Çünki illər sonra torpağın əsl sahibləri geri qayıdırdılar. Amma bu çoşqu əməliyyatımıza mane olurdu. Onlar bizi səslədikcə təhlükə yaranırdı. Ona görə ki, düşmən gəlişimizi hiss edirdi. Ona görə də Araz çayı boyunca deyil, Baharlı sərhəd zastavasından relyef baxımından çətin olan dağlıq ərazilərə doğru hərəkət etmək məcburiyyətində qaldıq. Dağlıq ərazilərlə 6-7 kilometr hərəkət etdikdən sonra düşmən Bartaz yüksəkliyi istiqamətindən bizi Qrad və minaatanlardan atəşə tutmağa başladı. Mövqelərimizi möhkəmləndirdikdən sonra Ağbənd sərhəd zastavası istiqamətinə doğru irəliləməyə başladıq. Yüksəkliklərdə iki müşahidə kamerası var idi. Onlar bizim hərəkətimizi izləyirdilər. Kameranın birini zərərsizləşdirdikdən sonra həmin istiqamətdə hərəkətə başladıq. Zastavaya yaxınlaşdıqda isə birbaşa düşmənlə təmasda döyüşlərə girdik. 6 saatdan artıq gedən döyüşlərdən sonra erməni silahlı bölmələri Azərbaycanın qəhrəman igidləri qarşısında duruş gətirməyərək geri qaçmağa məcbur oldular. Xeyli sayda düşmən canlı qüvvəsi məhv edildi və Ağbənd sərhəd zastavasında bayrağımızı dalğalandırdıq. Bununla da Azərbaycan-İran sərhədinin 132 kilometri Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldü".
DSX-nin Zəfər ordenli general-mayoru Aqşin Məhərrəmov isə deyir ki,  Zəngilan üç ölkə sərhədinin kəsişdiyi nöqtədir. Azərbaycan, İran və Ermənistan sərhədinin kəsişməsində yerləşən Ağbənd qəsəbəsinin azadlığı çox əhəmiyyətli əməliyyatlardan biri olub: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "dəmir yumruq" əməliyyatının bütün döyüş tapşırıqları xüsusi peşəkarlıqla yerinə yetirildi. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri də üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldilər. 3 nöqtə əməliyyatı da onlardan biridir. Bu əməliyyat çevik qüvvələrimizin uğuru ilə nəticələndi. Belə ki, bir gün öncə ərazinin havadan kəşfiyyatı aparıldı, düşmənin yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri öyrənildi. Bundan sonra məlumatlar dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil aparıldı. Növbəti gün gecə saatlarında kiçik çevik qrupları tərəfindən sızma əməliyyatı icra olundu. Raket-artilleriya dvizyonu tərəfindən yaxınlaşmaqda olan düşmənin texnikası sərrast atışlarla sıradan çıxırıldı. Zərbəendirici pilotsuz uçuş aparatları ilə dəqiq atəşlə düşmən dərinliklərində yerləşən artilleriya qurğuları, hərbi texnikası məhv edildi. Bununla da düşmən Azərbaycan torpaqlarından tamamilə qovuldu. İllər sonra torpaqlarımızda bayrağımız dalğalandırıldı".
General-mayorla maraqlı söhbətimizi bitirib dəniz səviyyəsindən 2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyinə qalxırıq. Bu gün həmin yüksəklikdə Azərbaycan sərhədçiləri ayıq-sayıq şəkildə torpaqlarımızı qoruyurlar. Yüksəkliyə çatanda DSX əsgərlərinin müasir tipli kazarması və oradakı təmizlik, səliqə-sahman diqqətimizi çəkdi. Postdan qayıdan əsgərlər burada dincəlir, asudə vaxtlarında kitab, jurnal və qəzet oxuyurdular. Onların sırasında ən üstə "Azərbaycan" qəzetini görmək isə yüksək əhvalımıza, qələbə ruhumuza bir qədər də müsbət impuls verir. 
Ən yüksək zirvədə Bartaz əməliyyatını həyata keçirən DSX-nin Çevik Hərəkət Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən "Qarabağ" ordeni, Cəbrayıl və Zəngilanın azad olunmalarına görə medallarla təltif edilən Mahmud Şükürovla söhbətləşirik. Zabit dedi ki, Zəngilan şəhəri işğaldan azad edildikdən sonra strateji yüksəkliklərin düşməndən azad edilməsi tapşırığı verildi: "Nə xoş ki, Şükrataz və Bartaz yüksəkliklərinin azad olunma tapşırığı mənim qrupuma verilmişdi. Döyüş tapşırığı aldıqdan sonra texnikalarla Bartaz dayanacağı adlanan yerə qədər gəldik. Sonra isə düşmən tərəfindən müşahidə olunduğumuzu gördük və piyada hərəkətə başladıq. Ərazilərin əksəriyyəti minalanmışdı. Amma biz hədəflərdən yayınaraq zirvəyə doğru yaxınlaşa bildik. Burada düşmənin canlı qüvvəsi, xeyli sayda iriçaplı silahları mövcud idi. Döyüş taktikamıza uyğun olaraq hücum əməliyyatına başladıq. Maskalanaraq qayalıq ərazilərlə hərəkət etdik və zirvəyə doğru irəlilədik. Atəş qrupumuzu sağ cinahda yerləşdirib, digər qrupla silsilənin sol cinahından hucuma keçdik. Atəş qrupu düşmənə aldadıcı istiqamətdən atəş açmağa başladı və düşmənin diqqəti bu istiqamətə yönəldi. Digər qrup manevr edib düşmənin arxa tərəfindən zirvəyə yüksəldi və beləliklə, gözləmədikləri yerdən sürətli dəqiq atəşlə əməliyyatı başa çatdırdıq. Tapşırıq icra olunduqdan dərhal sonra mühafizə və müdafiəni təmin etdik. Rabitə vasitəsi ilə rəhbərliyə məruzə etdim və komandanlıq tərəfindən mayor rütbəsi ilə təltif edildim".
Göründüyü kimi, oktyabrın 18-də Xudafərin əməliyyatından sonra Zəngilan şəhərinin və digər strateji yüksəkliklərin düşməndən təmizlənmə prosesini yerinə yetirən DSX-nin Çevik Hərəkət Qüvvələri 4 gün ərzində böyük döyüş əməliyyatı tapşırığını uğurla reallaşdırıblar.  
Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib. Azərbaycan sərhədçiləri Vətənin keşiyində hər zamankı kimi ayıq-sayıq dayanıblar.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-Cəbrayıl-Zəngilan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video