Böyük Britaniya hökuməti ölkədə nəsli kəsilmək təhlükəsi ilə üzləşən yüzlərlə yerli canlı növünün qorunması və populyasiyasının bərpası məqsədilə 90 milyon funt sterlinq vəsait ayıracağını açıqlayıb.
Məlumata görə, vəsaitin 60 milyonu növbəti üç il ərzində növlərin bərpası proqramı vasitəsilə yüzlərlə yerli layihəyə yönəldiləcək. Əlavə 30 milyon funt sterlinq isə İngiltərənin milli meşə təsərrüfatı ərazilərində biomüxtəlifliyin bərpasına sərf olunacaq.
Ölkənin Ətraf Mühit, Ərzaq və Kənd İşləri Nazirliyi bu maliyyələşməni növlərin qorunması istiqamətində indiyədək ayrılmış ən böyük investisiya kimi dəyərləndirib. Bildirilib ki, vəsait quşların, qunduzların, böcəklərin, ilbizlərin, hörümçəklərin, dəniz atlarının və digər növlərin sayının artırılması, yaşayış mühitinin bərpası, həmçinin çoxaldılaraq təbiətə qaytarılması layihələrini əhatə edəcək.
Rəsmi statistikaya əsasən, Böyük Britaniyada vəhşi təbiətin populyasiyası 1970-ci ildən bu yana üçdə bir azalıb. Hazırda hər altı növdən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Tədqiqatçılar ölkəni dünyanın təbiəti ən çox tükənmiş dövlətlərindən biri kimi qiymətləndirirlər.
Dövlət, həmçinin 2030-cu ilə qədər quru və dəniz ərazilərinin 30 faizinin təbiət üçün qorunması, eyni tarixədək növlərin sayındakı azalmanın dayandırılması və 2042-ci ilə qədər məhv olma riskinin 2022-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azaldılması hədəflərini müəyyənləşdirib.
Mütəxəssislər hesab edirlər ki, yeni investisiya Böyük Britaniyada qədim meşəliklər, çaylar və digər ekosistemlərin qorunmasına ciddi töhfə verəcək.
Təhminə VERDİYEVA,
“Azərbaycan”