Ölkəmizdə 260 min nəfərin yoluxduğu bu mərəz
sürətlə cavanlaşır
- Təəssüf ki, bütün ömrümü onunla qoşa keçirmişəm.
Uşaqlıq xatirələrimə də, sevinmək istədiyim,
xoşbəxt olmaq istədiyim hər anıma da kölgə salıb. Addım-addım izləyib məni, boğulmuşam,
sıxılmışam, amma nə qədər istəsəm də, qaçıb qurtula bilməmişəm. Çünki bu mənim alnıma
yazılmış adı şəkər, özü isə zəhərdən də betər olan bir xəstəlik idi...
41 yaşlı İsa Verdiyev illərdir əziyyət çəkdiyi
şəkərli diabet xəstəliyinin həyatında necə ağrılı və acımasız izlər buraxdığından
danışır. Deyir ki, xəstəlik ona genetik keçib, atası da, qardaşı da şəkərli diabetdir.
Uşaq ikən valideynlərinin diqqəti sayəsində bu xəstəliyi elə də hiss etmir, ciddiliyinin
fərqinə varmırmış. Amma böyüdükcə xəstəliklə barışa bilmir, əsəbləri tab gətirmir:
"Elə hey özümə sual verirdim ki, mən niyə bu xəstəliklə yaşamalıyam?! Məndə xəstəliyə
qarşı bir aqressiya yaranmışdı və sanki onun acığına pəhrizimi gözləmir, vaxtlı-vaxtında
müayinə olunmurdum. Təbii ki, gənc idim və bu üsulla xəstəliyi məğlub edəcəyimə
inanırdım...”
Amma xəstəlik çox amansız olur və etdiyi
bu səhvləri nəinki bağışlamır, hətta onu dünya işığına belə həsrət qoyur: "Hər iki
gözümü, böyrəklərimi itirdim, indi anamdan mənə köçürülən böyrəyin hesabına yaşamağa
çalışıram...”
Deyir ki, əslində bütün bu zillətlərə düçar
olmasının səbəbi xəstəlik yox, elə onun özü olub: "Çox peşmanam, səhvlərimin ucbatından
itirdiyim sağlamlığım üçün. Amma bilirəm ki, onu heç zaman geri qaytara bilməyəcəyəm...”
Sürətlə artan dəhşətli statistika
Hazırda dünyada 300 milyona yaxın insan şəkərli
diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa,
çox ciddi fəsadlar törədir. Böyük sürətlə yayılan xəstəlik ciddi sosial-tibbi problemlər
yaradaraq hətta ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir.
Hələlik illərdir aparılan tibbi araşdırmalar,
tətbiq edilən müalicələr, məsləhət görülən dərmanlar bu xəstəliyin tam sağalmasına
çarə qıla bilməyib. Və yaxın 20 ildə də bu xəstəlikdən dünyasını dəyişən insanların
sayının iki dəfə artacağı gözlənilir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına
görə, diabetdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər artaraq 642 milyon nəfərə
çata, həmçinin 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta
bilər.
İnsulinin kəşfi və mavi dairə...
Odur ki, insanların ömürlərinin azalmasına
səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və
Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, 14 noyabr tarixi Dünya Diabetlə
Mübarizə Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də
qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabetlə Mübarizə Günü 2007-ci ildən başlayaraq
BMT-nin rəsmi günü elan edilib. Bu gün insulini kəşf edən Frederik Bantinqin anadan olduğu gündür. O, Çarlz
Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni
bir mərhələnin başlanğıcını qoyub.
Dünya Diabetlə
Mübarizə Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini
simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Dünya Diabetlə Mübarizə Gününün
dəyişilməz amalı belə səslənir: "Güc birlikdədir!” Həmin gün ictimaiyyət xəstəliyin
səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin
inkişafının qarşısının alınması yolları araşdırılır.
Çox adam şəkərli
diabet olduğundan xəbərsizdir
Azərbaycanda
cari ilin yanvarına olan məlumatlara görə, qeydiyyatda təxminən 243 min diabet xəstəsi
olub. Lakin avqust ayında aparılan yoxlama zamanı bu sayın 260 min nəfərə qalxdığı
məlum olub ki, onlardan da 1500-ə yaxını (18 yaşa qədər) uşaqlardır. Bununla yanaşı,
hər yaş qrupundan olan diabet xəstələri var. Onlardan 10 faizi 1-ci, 80-90 faizi
isə ikinci tip şəkərli diabetdir.
Milli Məclisin
deputatı, tibb elmləri doktoru, professor, respublikanın baş endokrinoloqu Rafiq
Məmmədhəsənov deyir ki, 40 yaşına qədər olan insanlarda adətən birinci tip şəkərli
diabet olur. Burada insulin ya tam olmur, ya da cüzi miqdardadır. Bu da karbohidrat,
yağ və digər mübadilələri pozur və ona görə də diabetə mübadilə pozğunluğu xəstəliyi
deyirlər. Burada genetik faktorların da, infeksiyanın da rolu çoxdur. İkinci tip
diabet isə 40 yaşından sonra ortaya çıxır və bu diabet yüngül gedişə malik olur.
Öz müalicəsi üçün əksərən insulin istəmir, pəhrizlə, həblərlə müalicə olunur, çox
arıqlamağa imkan vermir: "Şəkərli diabetin ən çox rast gəlinən klassik simptomları
çox su içmə, sidiyə getmə, yemə və kəskin arıqlamadır. Bunların çoxu ikinci tipdə
olmur. Əlamətlərdən hansısa olur, amma hökm deyil ki hamısı bir arada olsun. Ona
görə də insanların çoxu şəkərli diabet olduğunu bilmir. Bu, təsadüfi yoxlama zamanı
üzə çıxır”.
İnsan orqanizmində
zədələmədiyi orqan qalmır
Baş endokrinoloqun
sözlərinə görə, şəkərli diabet genetik xəstəlikdir. Əgər uşaq doğulanda valideynlərin
hər ikisi diabetdirsə, uşağa ötürülmə ehtimalı 30-50 faizə qədərdir. Təkcə anada
olanda 5, atada olanda isə 10 faiz olur ki, bunun da başvermə, törəmə səbəbini hələ
ki elm bilmir. Uşaqlara genetik meyil ötürülür, amma onun meydana çıxması üçün şərait
lazımdır, məsələn, stress kimi: "Diabet ömürlük xəstəlikdir, ona yaxşı qulluq etməsən,
ağırlaşmaları olur. Məsələn, gözdən əlil olanların 25, aşağı ətrafları kəsilmiş,
amputasiya olunmuş şəxslərin 25-30, hemodializə gedən xəstələrin 40-50 faizi diabetin
payına düşür. Demək olar ki, diabetin insan orqanizmində zədələmədiyi toxuma qalmır”.
Professor
deyir ki, hazırda şəkərli diabetin ən çox səbəbi oturaq həyat tərzi, piylənmə, stress
kimi faktorlardır. Məsələn, xroniki stress şəkərə səbəb olur ki, onu mütəmadi hərəkətlə
- gəzməklə, üzməklə yandırmaq lazımdır: "Müasir insanlar karbohidratlı qidalardan
çox istifadə edirlər. Keçmişdə tortu, şəkərburanı ancaq varlı adamlar yeyərdi, ona
görə də buna "varlıların xəstəliyi” deyirdilər. Hesablayanda görürsən ki, bir nəfərə
il ərzində az qala yarım, 1 kisə şəkər tozu düşür. Keçmişdə belə tələbat, həm də
təminat yox idi”.
Bir müəllimimiz
var idi, məktəbi 30-cu illərdə bitirmişdi. Deyirdi ki, o zaman bir şəkərli diabet
xəstəsi tapıb bizə göstərə bilmədilər ki, bax diabet belə olur. Amma indi təkcə
Azərbaycanda 260 min şəkərli diabet xəstəsi var.
Həmçinin ən
çox inkişaf etmiş ölkələrdə bu xəstəlik kütləvi yayılır. Bu göstərici, məsələn,
Amerikada 7 faizdir, hətta bəzi ştatlarda 10 faizə çatır, yəni ümumi əhalinin
10 faizi diabetdir. Məsələn, Amerika əhalisi piylənmədən əziyyət çəkir ki, piylənmənin
də yoldaşı elə şəkərli diabetdir. İngiltərədə əhalinin 7 faizə qədəri, həmçinin
digər ölkələrdə 4-5 faizi şəkərli diabetdir, Hindistanda isə bu say daha çoxdur.
Elə yerlər də var ki, məsələn, ekvatora yaxın, Qvineya-Bisau, Papua-Yeni Qvineya
qəbilələri diabetin nə olduğunu bilmirlər, genlərində belə bir xəstəlik yoxdur”.
Bu xəstəlik
ailələrin dağılmasına belə səbəb olur
Hər iki tip
şəkərin müalicəsini aparanda burada əsas pəhriz müalicəsi də olmalıdır. Baş endokrinoloq
Rafiq Məmmədhəsənov deyir ki, birinci tip ağır gedişli olur və insulin tələb edir,
ikinci tip diabet yüngül, orta ağır və ağır gedişli ola bilər: "Bəzən də olur ki,
yaşlı adamlarda birinci tip kimi ağır olur, bəzən isə cavan adamlarda ikinci tip
kimi gedir, insulin istəmir. Onlara təyin olunan pəhriz də müxtəlifdir və burada
qidanın ümumi kalorajı hesablanmalıdır. Təxminən karbohidratlı qidalar 60, yağlar
20, zülallar 20 faiz təşkil etməlidir. Kaloraj hesablanarkən xəstənin sənəti, gördüyü
iş, xəstəliyinin ağırlıq dərəcəsi, tipi nəzərə alınır və müalicə təyin olunur. Bu
xəstələr xəmir xörəkləri, makaron, vermişel, üzüm, yemiş, qarpız, baldan uzaq durmalıdır.
Bəziləri deyir ki, baldan istifadə etmək olar, amma bu, yanlışdır, çünki bal asanlıqla
həzm olunur və qanda şəkərin səviyyəsini oynadır”.
Professor
Rafiq Məmmədhəsənov qeyd edir ki, indi insanlar şəkərli diabetə tutulanda çox narahat
olurlar ki, bu, ölümdür, əslində isə belə deyil. Şəkərli diabet yaşam və həyat tərzidir,
onunla yaşamağı bacarmaq lazımdır. Məsələn, müsbət emosiya qanda şəkərin səviyyəsini
aşağı salır. Elm inkişaf etdikcə şəkərin müalicəsi üçün də yeni imkanlar yaranır.
Əvvəllər yalnız bu xəstələr insulinlə müalicə edilirdi, indi həblər, şəkər ölçən
aparatlar var ki, endokrinologiyanın inkişafında əsas amillərdir: "Xəstələrim var
ki, 45 ildir yanıma gəlib-gedirlər, normal insanlar kimi həyatlarını davam etdirirlər.
Məsələn, 2 yaşlı qız şəkərli diabet idi, o böyüdü, ailə qurdu, hətta nənə də oldu.
Yəni bu xəstəliyə diqqət etsən, ona uyğun davransan, fəsadları ağır olmur. Onu da
demək istəyirəm ki, gənclər ailə qurduqları şəxsin diabet olub-olmaması ilə bağlı
məlumatlı olmalıdır. Bunun özü də bir faciədir, xəstəlik övladlara da keçir, cürbəcür
fəsadlar ortaya çıxır, hətta ailə də dağılır...”
Dövlət diabetlə
mübarizəyə ildə təxminən 45 milyon manat pul ayırır
Deputat məlumat
verdi ki, MDB məkanında şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında ilk qanun
Azərbaycanda qəbul olunub. Bu gün də həmin qanun işləyir. Xəstələr pulsuz dərmanla təmin olunur,
insulin, şəkərölçən çubuq, aparat alırlar. Hər il dövlət tərəfindən diabetlə mübarizəyə
təxminən 45 milyon manat vəsait ayrılır. Gələn ilin dövlət büdcəsində də eyni həcmdə
- 44,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bununla yanaşı,
səhiyyə naziri əmr verib ki, poliklinikaya, xəstəxanaya müraciət edən hər bir vətəndaşın
qanda şəkəri yoxlanılsın və artıq bu, icbari tədbir kimi həyata keçirilir. Alınan
insulinlər isə yüksəkkeyfiyyətli, Avropadan alınan insulinlərdir və sovetdən qalma
dərmanlar yoxdur.
Onu da qeyd
edək ki, Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin
müzakirəsi zamanı qeyd edilib ki, ölkədə şəkərli diabet və xroniki böyrək çatışmazlığından
əziyyət çəkən xəstələrin sayının artması və istifadə olunan dərman vəsaitlərinin
əksəriyyətinin xaricdən alınması məqsədilə dövlət büdcəsində bu xəstəliklərin müalicəsi
üzrə tədbirlərə əlavə olaraq 15 milyon manat vəsait nəzərdə tutulub.
Psixoloji
gərginlik onları uçuruma sürükləyir
Bu bir reallıqdır
ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin psixologiyası tamamilə gərgin olur
və hər an dəstəyə ehtiyac duyurlar.
Tibb Universiteti
Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində müalicə alan 61 yaşlı Raya
Allahverdiyeva ikinci tip şəkərdir və deyir ki, 2000-ci ildə güclü stress keçirdiyi
üçün bu xəstəliyə düçar olub: "O zaman oğlumun qar uçqununa düşməsi ilə bağlı xəbər gəldi və mən
çox qorxdum. Günü-gündən halım pisləşirdi və əvvəlcə bunun böyrəyimdə olan narahatlıqla əlaqədar olduğunu
düşündüm, amma müayinədən sonra şəkər olduğunu öyrəndim”.
Raya xanım
deyir ki, o gündən bu xəstəliyə öyrəşərək yaşamağa başlayıb: "Bu xəstəliyə alışmaq
çox çətin idi. Əgər ailəm, övladlarım mənə dəstək olmasaydı, indi heç bilmirəm yaşayardımmı?!”
Sevinc İsmayılova
isə 17 yaşındadır və birdən-birə kəskin arıqlaması səbəbi ilə müayinə olunduqda
şəkərli diabet olduğunu öyrənib: "Mən arıqlamağımı imtahana hazırlaşma stresi ilə
əlaqələndirirdim, amma nənəmdə də bu xəstəlik olduğu üçün şübhələndik və müayinə
olundum. Təəssüf ki, şübhələrimiz doğru idi və mən ömür boyu bu xəstəliklə yaşamağa
mübtəla olmuşdum. Hələ də bu gerçəkliyə özümü alışdıra bilmirəm...”
Əgər xəstə
bu fəsadın tərəfində dursa, həkimi təkləmiş olacaq...
Klinikanın
endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova bizimlə söhbətində bildirdi ki,
gənclərdə adətən şəkər insulin tələbli olur. 90 faiz hallarda, yəni xəstəyə diaqnoz
qoyulduqdan sonra insulin vurulması məcburi olur: "Bu cür xəstələrə ilkin diaqnoz
qoyulanda, əlbəttə ki, stress keçirirlər. Onların psixoloji dəstəyə çox ehtiyacı
olur. Çünki insulin antibiotik müalicəsi deyil ki, 5-10 gün olsun. Əgər birinci
tipdirsə, ömrünün axırına qədər belə yaşayırlar. Bu zaman həkim, xəstə, xəstənin
ailəsi və lazım olarsa, psixoloq bir yerdə addımlamalıyıq. Adətən xəstələrə deyirəm
ki, bizim müalicəmizdə 3 faktor var: Həkim, xəstəlik və xəstə. Xəstə hansının tərəfində
dursa, o birisini təkləmiş olacaq. Əgər xəstə xəstəliyin tərəfində dursa, həkimi
təkləmiş olacaq. Onun yazdığı müalicədən də heç bir nəticə olmayacaq”.
Xəstəliyin
böyük hissəsinin irsi xarakterli olmasını vurğulayan həkim söyləyir ki, xüsusilə
ailə anemnezi olan, hamiləlik dövründə şəkərləri yüksək olan, yüksək döl dünyaya
gətirmiş analar daha diqqətli olmalıdır. Yüksək çəki ilə doğulmuş uşaqların anaları
90 faiz hallarda hamiləlik dövründə şəkər mübadiləsi pozulmuş qadınlar olur. O qadınların
yaxın illər ərzində 50 faizi aşkar şəkərli diabet olur: "İkinci tip diabetə yaşlıların
xəstəliyi deyirik, amma hazırda bu tipin cavanlaşması gedir. Hazırda gənclərdə təkcə
birinci tip deyil, digər diabetlərə də rast gəlirik ki, bunun da səbəbləri arasında,
çox güman ki, ekologiyanın, geni dəyişdirilmiş ərzaq məhsullarının təsiri çoxdur”.
Qurtuluş mümkündür,
amma...
Bəli, təəssüf
ki, bu "dadlı” xəstəliyin cənginə keçənlərin sayı durmadan artır. Heç bir yaş həddi
tanımır, insanları özünün əsirinə çevirir. Xəstəliklə barışmayanlara, onunla mübarizə
aparmaq istəyənlərə isə zillət çəkdirir.
Şəkərli diabet
təkcə xəstəlik deyil, insanların ömür boyu yaşamağa məhkum olduğu bir rejimdir.
Amma sanmayın ki, ondan yaxa qurtarmaq, əziyyətlərindən azad olmaq mümkün deyil.
Mümkündür, o halda ki, şəkərin dostu ola, tələb etdiyi bütün qaydalara zamanında
və düzgün əməl edə, onunla yaşamağı həyat tərzinə çevirməyi bacarasan.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”