24 Avqust 2026 15:01
170
CƏMİYYƏT
A- A+
Zəfər yolu ilə 

Zəfər yolu ilə 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Qaradağ rayon təşkilatının əməkdaşları və fəalları 20–21 avqust tarixlərində işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq, eləcə də “Zəfər yolu ilə” mövzusunda Yay məktəbində iştirak etmək məqsədilə səfərə çıxıblar.

Səfərdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və fəal gənclər iştirak ediblər.

Səfərin əsas məqsədi iştirakçıları Yay məktəbi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, ”Böyük Qayıdış” proqramına əsasən məskunlaşma, müasir şəhərsalma, memarlıq və infrastruktur layihələri, eləcə də tarixi-mədəni irsin bərpası istiqamətində görülən işlərlə yaxından tanış etmək olub.

Avqustun 20-də YAP Qaradağ rayon təşkilatının fəalları ilk olaraq Ağdamda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olublar. Səfər çərçivəsində Ağdam Cümə məscidinə, Ağdam Dövlət Dram Teatrının qalıqlarına və Ağdam İmarət tarix Memarlıq Muzey kompleksinə baxış keçirilib. Məscidin axundu Mehman Nəsirov və teatrın sabiq direktoru, Əməkdar Mədəniyyət İşçisi Məhəmməd Hüseynov, Ağdam İmarət Tarix Memarlıq Muzey komleksinin şöbə müdiri Aynurə Cəfərova qonaqlara ətraflı məlumat veriblər. Səfər iştirakçıları şəhərin tarixi-mədəni irsi və işğaldan sonra həyata keçirilən bərpa işləri ilə tanış olublar.

Həmçinin proqram çərçivəsində İqamətgah muzey komleksində çay süfrəsi arxasında ANAMA əməkdaşının təqdimatında “Minalardan qorunma və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda maarifləndirici təqdimat keçirilib. ANAMA-nın əməliyyat rəhbəri Rasim İbrahimov Ağdam ərazisində görülmüş işlər barədə ətraflı məlumat verib.

Ağdam Şəhidlər Xiyabanını ziyarət edən iştirakçılar şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Həmin gün Yay məktəbinin iştirakçıları Xocalı Memorial Kompleksində də olublar. Qonaqlara bildirilib ki, Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılan komleks Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında həyata keçirilib. 

Memorialın təməli 26 fevral 2024-cü ildə qoyulub. Kompleks 26 fevral 2026-cı ildə rəsmi olaraq açılıb. Memorialı əhatə edən monolit quruluş Xocalı sakinlərini qorumağa çalışan rəmzi əllər formasındadır. Kompleks 4 bölmədən ibarətdir, ilk iki bölmədə Xocalı faciəsinə həsr olunmuş ekspozisiya zalları yerləşir. Həyətdə Xocalı qurbanlarının xatirəsinə badam ağacları əkilib; badam çiçəyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əlyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının rəmzidir.

Həmin gün Xankəndi şəhərinə gələn layihənin iştirakçıları əvvəlcə Qarabağ Universitetində olublar. Qanaqları qarşılayan universitetin prorektoru Rüstəm İsgəndərli onlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verib. Bildirib ki, Qarabağ Universiteti işğaldan azad edilmiş Qarabağda yaradılan ilk ali təhsil müəssisəsi kimi xüsusi əhəmiyyət daşıyır. Universitetin rəsmi fəaliyyətinə 2024-cü ildə başlanılıb. Hazırda universitetdə 9 fakültə və 49 ixtisas var. Burada təhsil dövlət tərəfindən maliyyələşdirilir. Universitetin tədris binaları əsaslı şəkildə təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Universitetdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar, kitabxana və tələbələr üçün digər tədris imkanları yaradılıb. Universitetdə elmi-tədqiqat və innovasiya istiqamətində fəaliyyət də həyata keçirilir. 

Sonra iştirakçılar Xankəndi şəhərinin Zəfər parkında yerləşən Zəfər Tağını ziyarət ediblər. Bildirilib ki, Zəfər Tağı Xankəndi şəhərində yaradılmış Zəfər Parkının mərkəzi memarlıq elementidir. Parkın təməli 19 fevral 2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub və 24 dekabr 2025-ci ildə istifadəyə verilib. Zəfər Tağının hündürlüyü 44 metrdir. Bu rəqəm 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin rəmzidir. Tağın 9-cu mərtəbəsində “Zəfər qalereyası” adlı sərgi-nümayiş zalı yaradılıb. 

Xankəndi Zəfər Tağı yalnız memarlıq obyekti deyil. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının rəmzi ifadələrindən biridir.

Səfərin ikinci günü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gələn səfər iştirakçıları şəhərin görməli yerləri ilə tanışlığa Yuxarı Gövhər Ağa məscidindən başlayıblar. Bildirilib ki, bu məscid Şuşanın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Şuşada bu adla iki məscid — Yuxarı və Aşağı Gövhər Ağa məscidləri yerləşir. Hər ikisi XVIII əsr memarlıq abidəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısındadır. 

Yuxarı Gövhər Ağa məscidi Şuşanın mərkəzi hissəsində yerləşən və şəhərin ən tanınmış dini abidələrindən biridir. Məscidin iki minarəsi onun memarlıq görünüşünün əsas xüsusiyyətlərindəndir. Məscidin ətrafında vaxtilə mədrəsə kompleksi də yerləşib. 

Sonra Sadıqcanın ev muzeyini ziyarət edən səfər iştirakçılarına məlumat verilib ki, bu obyekt Şuşa şəhərində, Sadıqcan küçəsində yerləşir və Azərbaycanın görkəmli tarzəni Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı tarixi binadır. Ev ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi hesab olunur. Ev-muzeyində Sadıqcanın həyat və yaradıcılığı, Azərbaycan milli musiqisi və Şuşanın ədəbi-bədii mühiti haqqında ekspozisiyalar yer alıb. 

Şuşanın mərkəzində yerləşən Güllələnmiş Büstlər Kompleksi ilə tanış olan fəallara bildirilib ki, burada Azərbaycanın üç böyük mədəniyyət xadiminin - şairə, rəssam və xeyriyyəçi Xurşidbanu Natəvanın, Azərbaycan professional musiqisinin və milli operasının banisi Üzeyir Hacıbəylinin və böyük xanəndə və vokal sənətinin görkəmli nümayəndəsi Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəlləri yerləşir. Üzərlərindəki güllə və mərmi izləri bu gün də həmin hadisələrin izlərini göstərir. 

İşğal dövründə heykəllərin Ermənistana aparılaraq əridilməsi planlaşdırılmış, lakin Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində onlar Azərbaycana gətirilmiş və bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılmışdı. 

Şuşa azad edildikdən sonra isə bu üç büst yenidən Şuşaya qaytarılıb. Hazırda onlar şəhərin mərkəzində ziyarət edilən mühüm tarixi-mədəni məkanlardan biridir. Bu abidələr, həmçinin Azərbaycanın  mədəni irsinə qarşı törədilmiş vandalizmin və Şuşanın işğal tarixinin rəmzlərindəndir.

Şuşada Heydər Əliyev Fondunun bərpa etdiyi Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” adlı sərgi ilə tanış olan fəllara məlumatı tanınmış mədəniyyət işçisi, Qarabağın və Şuşanın mədəni irsinin tədqiqatçısı Fəxrəddin Hacıbəyli verib. O bildirib ki, sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın inkişafındakı fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. 

Fotosərgidə əsasən: Heydər Əliyevin Qarabağa səfərlərindən fotolar; Qarabağda keçirdiyi görüşlər və tədbirlər; bölgənin sosial, iqtisadi, siyasi və mədəni inkişafı ilə bağlı materiallar; Qarabağ və Şərqi Zəngəzurda 1969-cu ildən başlayan inkişaf prosesini əks etdirən sənədlər; Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən “İz” filmi təqdim olunur.

Sonra Şuşa qalasına gələn səfər iştirakçıları qala qapısının qarşısında xatirə fotoları çəkdiriblər.

Günün ikinci yarısında Laçın şəhərinə gələn səfər iştirakçıları burada təşkil edilmiş “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri” mövzusunda konfransa qatılıblar. Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin məsul şəxsləri Hüseyn Quliyev və Qalib Abbasov azad Laçında aparılan geniş bərpa və quruculuq işləri, məskunlaşma barədə ətraflı məlumat veriblər. 

Konfransda müasir Laçında aparılan bərpa və quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub.

Laçın şəhər 2 nömrəli tam orta məktəbinə gələn qonaqlar burada müasir təhsil sistemində yeniliklərlə və məktəbin xatirə muzeyi ilə tanış olublar. Məktəbin direktoru Şəbnəm Uğurlu iştirakçılara muzey barədə ətraflı məlumat verib.

Sonra səfər iştirakçıları Gilabi və Yurd qalereyalarında bu mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində iştirakçılar həmin gün Həkəri çayı sahilində təşkil edilmiş “Sosial şəbəkələrdə işin təşkili və şəbəkələşmə” mövzusunda treninqdə iştirak ediblər. Çay süfrəsi arxasında keçirilən təlimdə YAP Sosial Media Qrupunun əməkdaşı Rəna Süleymanlı sosial media platformalarında səmərəli fəaliyyətin təşkili, düzgün informasiya siyasətinin aparılması, rəqəmsal kommunikasiya bacarıqlarının artırılması, kontent hazırlanması, auditoriya ilə effektiv əlaqələrin qurulması və təşkilatdaxili şəbəkələşmə mövzularında təqdimatla çıxış edib, mövzu ilə əlaqədar müzakirələr aparılıb.

Avqustun 21-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları Qubadlı və Zəngilan rayonlarında da olublar.

Əvvəlcə Qubadlıya gələn iştirakçılar rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş abadlıq və quruculuq işləri ilə tanış olublar. Fəallara məlumat verən YAP Qaradağ rayon təşkilatınn sədri İlqar İlyasov bildirib ki, 44 günlük Vətən müharibəsinin ən həlledici mərhələlərindən biri məhz Qubadlının azad olunması ilə baş verib. Bu şəhərin azad olunduğu 2020-ci il 25 oktyabr günü Vətən müharibəsi tarixində Zəfərə gedən yolun dönüş nöqtəsi kimi qalıb. Qubadlı şəhərinin azad edilməsi ilə Azərbaycan Ordusu həm də Laçın istiqamətində mühüm üstünlük əldə edib. Bu qələbə Azərbaycan əsgərinin iradəsinin, xalqın birliyinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin təntənəsi idi. 

İlqar İlyasov qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün torpaqlarda, o cümlədən də Qubadlıda yeni həyat başlanıb – ermənilərin törətdiyi dağıntıların yerində müasir şəhərlər, kəndlər salınır və infrastruktur layihələri icra olunur. Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixində təsdiq etdiyi “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”a əsasən Qubadlının gələcək inkişafı yalnız bərpa deyil, həm də müasir urbanizasiya və yaşıl, bərpa olunan enerji konsepsiyası üzərində qurulur. Qubadlının yenidən inşa edilən kəndlərində yalnız evlər deyil, həm də məktəblər, tibb məntəqələri, mədəniyyət mərkəzləri və “ağıllı kənd” infrastrukturu qurulur. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur. 

YAP Qaradağ rayon təşkilatının fəalları həmin gün Zəngilan rayonunun Ağalı kəndində də olublar.

Qonaqları qarşılayan Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov onları böyük səmimiyyətlə salamlayaraq “Böyük qayıdış” proqramı çərçivəsində kənd ərazisində aparılmış bərpa və yenidənqurma işləri, rahat məskunlaşma, əhalinin məşğulluğunun, aqrar sahənin inkişafının təmin olunması üçün görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, “ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan yaşayış məskənidir.

Möhübbət Səmədov qeyd edib ki, kənddə Dövlət Aqrar İnkişaf Mərkəzinin xətti ilə sakinlərin öz təsərrüfatlarını qurması, kənd təsərrüfatı ilə məşğul olması üçün hər cür şərait yaradılıb, intensiv meyvə bağı salınıb. 

YAP Qaradağ rayon təşkilatının fəalları kəndi gəzərək burada yaradılmış şəraitlə tanış olublar.

İştirakçılar səfərin onların Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesləri barədə təsəvvürlərinin daha da genişlənməsinə və Böyük Zəfərin tarixi əhəmiyyətini daha dərindən dərk etmələrinə töhfələr verdiyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

Metroda bir qapı daha açıldı: M1-də sərnişinlər daha az gözləyəcək

15:52
24 Avqust

Sülh və TRIPP: Ermənistan üçün yeni iqtisadi imkanların qapısı açıla bilər

15:45
24 Avqust

Gizli qapı tutacaqları səbəbindən milyonlarla Tesla geri çağırılır

15:37
24 Avqust

Uşaqların ekran vaxtı niyə məhdudlaşdırılmalıdır?

15:35
24 Avqust

Transatlantik kölə ticarətinin təsirləri müzakirə olunub

15:33
24 Avqust

Çin Yaxın Şərqdəki neft böhranının təsirlərini necə azaldıb?

15:31
24 Avqust

Süni intellekt təbii fəlakətlərə qarşı mübarizədə yeni “qalxan”a çevrilir

15:30
24 Avqust

Xaricdə universitet, gözlənilməz xərc: Tələbənin yol çantasına nə qoyulmalıdır?

15:28
24 Avqust

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

15:26
24 Avqust

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

15:24
24 Avqust

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

15:18
24 Avqust

Zəfər yolu ilə 

15:01
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri əlaqələrin inkişafına böyük təkan verəcək

14:39
24 Avqust

Özbək rektor: İkitərəfli münasibətlərdəki yeni mərhələ təhsil sahəsində əməkdaşlığın keyfiyyətini yüksəldir  

14:34
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri iqtisadi və institusional tərəfdaşlığa çevrilir

13:57
24 Avqust

Keyfiyyətcə yeni mərhələyə yüksələn münasibətlər

13:45
24 Avqust

Laçın Beynəlxalq Film Festivalı başlayıb

13:25
24 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!