Vətən müharibəsində Qələbəyə həsr olunmuş
parad Türkiyə mediasının əsas gündəm mövzusu oldu
Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığı
Vətən müharibəsi timsalında bir daha təsdiqini tapdı. Türkiyə dar günün dostu olduğunu,
ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü, eyni zamanda qardaş Azərbaycanı
heç zaman yalnız qoymayacağını növbəti dəfə nümayiş etdirdi.
Dekabrın 10-da paytaxtın Azadlıq meydanında
Vətən müharibəsində qazanılan Qələbəyə həsr
olunmuş Zəfər paradı keçirildi. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə təşkil olunan möhtəşəm parada türk mediası da xüsusi diqqət ayırdı.
İki ölkənin liderlərinin Zəfər paradındakı çıxışları Türkiyədə tirajlanan bütün
qəzetlərin manşet mövzusu oldu. Onlardan bəzilərini diqqətə çatdırırıq.
"Yeni Şafak” qəzeti "Zəfər və qürur günü”
başlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə arasında
münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunu, mühüm əhəmiyyət kəsb edən
maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduqlarını həmişə
göstəriblər. İki ölkənin prezidentlərinin Zəfər paradındakı çıxışlarından sitatların
yer aldığı məqalədə İlham Əliyevin "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi
dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə
Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni
zamanda, bütün dünyaya göstəririk”, R.T.Ərdoğanın isə "Azərbaycan qardaşım İlham
Əliyevin qətiyyətli rəhbərliyi ilə inşallah, dastan yazmaqda davam edəcək” fikirləri
xüsusi olaraq diqqətə çatdırılıb.
"Milliyet” qəzeti "Qürur günü” başlıqlı xəbərində
parad haqqında oxuculara ətraflı məlumat verib. Qəzet yazır ki, dekabrın 10-da Azərbaycan
paytaxtının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Paradda
3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, həmçinin Vətən müharibəsi
zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin
bir qismi də nümayiş etdirildi. Məqalədə qeyd olunur ki, Azərbaycan-Türkiyə dostluğu
və qardaşlığı, strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
"Türkün gücü” başlıqlı məqalə isə "Sabah”
qəzetinin manşetində yer alıb. Dövlət başçılarının çıxışlarına geniş yer ayrılan
məqalədə qeyd olunub ki, Zəfər paradı qardaşlığın, sədaqətin rəmzinə çevrildi. Prezident
İlham Əliyevin "Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın
haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan
xalqını çox sevindirdi” fikirlərini oxuculara çatdıran nəşr Azərbaycanın 44 gün
ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etməsini tarixi hadisə kimi qiymətləndirib.
"Hürriyet”
qəzeti "İki dövlət tək zəfər” başlıqlı xəbərində hər iki ölkənin dövlət başçılarının Zəfər paradı barədə çıxışlarını ön plana çıxarıb. Qeyd
olunub ki, 44 günlük müharibədə əldə olunan
möhtəşəm Qələbə və Zəfər paradı uzun illər ərzində görülmüş işlərin, keçilmiş yolun
nəticəsidir. Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların,
raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin,
pilotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu parad bütün
dünyanın diqqət mərkəzində oldu.
"Akşam” qəzeti "Türkün Zəfər günü” başlıqlı
xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verərək vurğulayır ki, Türkiyə-Azərbaycan
qardaşlığı səmimi əməkdaşlığa söykənir. Azərbaycan ilə Türkiyə arasında siyasi,
iqtisadi əlaqələr və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir
ki, bunları həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə
heç bir ehtiyac yoxdur. Bunun növbəti dəfə möhtəşəm Zəfər paradında şahidi olduq.
R.T.Ərdoğanın "İnanıram ki, Allahın izni
ilə Qarabağ da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətiriləcəkdir.
Bu qüdrət, bu güc İlham qardaşımda var. Çünki bunu sübut edib” fikirlərinə yer ayıran
nəşrdə 44 günlük müharibənin yekununda Qarabağın azad edilməsinin tarixi hadisə
olduğu diqqətə çatdırılıb.
"Türkiyə” qəzeti isə Azərbaycanın müharibədəki
qələbəsindən "Türk birliyinin Zəfəri” başlıqlı məqaləsində bəhs edir. Yazılır ki,
bu gün Azərbaycan çox şərəfli tarixi anları yaşayır. Uzun illərdən sonra Qarabağ
işğaldan azad olunub. Prezident İlham Əliyevin "Türkiyənin müdafiə sənayesinin məhsulu
olan məşhur "Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim
uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı” fikirlərinin yer aldığı məqalədə
Zəfər paradının möhtəşəmliyindən bəhs olunur. Yazılır ki, paradda Azərbaycan hərbçilərinin
və Türk əsgərlərinin təntənəli keçidi olub. Həmçinin 150-dək hərbi texnika, o cümlədən
raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib.
"Yeni akit” qəzetinin "Bakıda Zəfər coşqusu”
adlı məqaləsində ölkəmizdə yaşanan qələbə coşqusu, Ordumuzun müzəffər birliklərinin
paraddan keçidi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın nitqlərindən mühüm məqamlar əksini tapıb.
"Aydınlık” qəzeti "Zəfər, güvən, sevinc”
başlıqlı xəbəri ilə Azərbaycanın müharibədəki uğurlarını oxuculara çatdırıb. Məqalədə
Zəfər paradı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Rəcəb Tayyib
Ərdoğanın çıxışlarına yer ayrılıb. Qeyd edilib
ki, Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından
keçdilər. Təkcə Bakı yox, bütün Azərbaycan şəhərləri Türkiyə və Azərbaycan bayraqları
ilə bəzədilib.
Qəzetlərdən "Türkgün”ün "Türkün Qarabağ qüruru”, "Sözcü”nün "Azərbaycanda
zəfər günü”, "Karar”ın "Azadlıq mərasimi”, "Takvim”in "Zəfər və qürur günü”, "Diriliş
postası”nın "Azərbaycanda tarixi gün”, "Cümhuriyyet”in "Bakıda tarixi gün”, "Posta”nın "Yaşasın qardaşlıq”, "Milat”ın "Hilalın zəfəri”, "Yeni söz”ün "Azərbaycan dastan
yazmağa davam edəcək”, "Dokuz sütun”un "Dastan yazmağı davam edəcək”, "Anayurt”un
"Bakıda Zəfər qutlaması”, "Yeni mesaj”ın "Qardaşların zəfəri”, "Yeni çağ”ın "Bakıda
zəfər keçidi” və "Yeni birlik”in "Ermənistan sürprizi” başlıqlı xəbərlərində Zəfər
paradının möhtəşəmliyindən oxuculara bəhs olunub.
Məqalələrdə Azərbaycanın əldə etdiyi uğurlar,
ordumuzun şücaəti barədə ətraflı yazılır, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğanın 44 günlük müharibə barədə fikirləri
diqqətə çatdırılır. Bildirilir ki, bu parad növbəti dəfə sübut etdi ki, Azərbaycan-Türkiyə
qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir.
Elçin CƏFƏROV,
"Azərbaycan”