Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Dövlət auditi" informasiya sisteminin (bundan sonra - DAİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. DAİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə bu Əsasnamənin 3-cü hissəsində qeyd olunan sənədlərin və məlumatların elektron mübadiləsi, avtomatlatlaşdırılmış emalı, verilənlərin auditi və təhlili vasitəsilə, kənar dövlət maliyyə nəzarətinin və büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilinin səmərəliliyini, o cümlədən resurslara qənaət edilməsini, operativliyi və şəffaflığı təmin edir.
1.3. DAİS-in formalaşdırılmasının məqsədi Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra - Hesablama Palatası) kənar dövlət maliyyə nəzarəti və büdcə prosesində iştirakından irəli gələn fəaliyyətinin keyfiyyətinin davamlı artırılması ilə dövlət maliyyəsinin idarə edilməsinə töhfə verilməkdən ibarətdir.
1.4. DAİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların DAİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların DAİS-də toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. DAİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. DAİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın (bundan sonra - Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamə əldə olunması məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. DAİS-in sahibi və operatoru dedikdə Hesablama Palatası, iştirakçısı dedikdə bu Əsasnamədə nəzərdə tutulmuş informasiya proseslərində iştirak edən "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilən kənar dövlət maliyyə nəzarəti obyektləri (bundan sonra - qurumlar) nəzərdə tutulur.
1.10. Bu Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. DAİS-in texniki-texnoloji infrastrukturu
2.1. DAİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı DAİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə DAİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. DAİS onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq DAİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. DAİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları - Hesablama Palatasının struktur bölmələri tərəfindən;
2.4.2. DAİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları - Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra - XRİTDX) tərəfindən.
2.5. DAİS-də formalaşdırılan, ona daxil edilən və ötürülən məlumatlar DAİS-in informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli DAİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə DAİS, o cümlədən DAİS-də toplanılan məlumatların ehtiyat nüsxələri "Hökumət buludu"nda saxlanılır.
2.8. DAİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. DAİS-ə daxil edilən və ötürülən məlumatlar
3.1. Hesablama Palatası tərəfindən "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrası məqsədilə, habelə həmin Qanunun 8.0.3-cü, 8.0.6-cı və 8.0.7-ci maddələrində müəyyən edilmiş hüquqlara uyğun olaraq, bu Əsasnamənin 3.2-ci və 3.3-cü bəndləri nəzərə alınmaqla, DAİS-in iştirakçıları tərəfindən aşağıdakı sənədlər və məlumatlar (dövlət sirri təşkil edən sənəd və məlumatlar istisna olmaqla) DAİS-ə ötürülür:
3.1.1. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 18.3-1-ci və 27.5-ci maddələrinə uyğun olaraq, kənar dövlət maliyyə nəzarəti obyektlərinin dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, o cümlədən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların həmin vəsaitdən istifadə barədə müəyyən olunmuş qaydada, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları, büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabatları;
3.1.2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın 7.5-ci, 7.13-cü və 7.14-cü bəndləri üzrə müəyyən edilmiş hesabatlar;
3.1.3. dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələri, dövlət proqramları, strategiyaları, milli fəaliyyət planları, konsepsiyaları və bu kimi digər sənədlər çərçivəsində icra olunan tədbirlərin maliyyə göstəriciləri barədə məlumatlar;
3.1.4. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, satınalma planına, əsas şərtlər toplusunda yer alan şərtlərə və yekun protokola, həmçinin satınalma metodlarının tətbiqi barədə nəzarət orqanının verdiyi razılığa (bir mənbədən satınalma metodunun tətbiqinə dair verilmiş razılıqlara münasibətdə sorğu əsasında), iştirakçıların qiymət təkliflərinə dair məlumatlar, elektron qaydada bağlanılmış müqavilələr və onlar əsasında malların, işlərin və xidmətlərin hərəkətini təsdiq edən sənədlər;
3.1.5. kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı büdcə təşkilatı üzrə büdcə vəsaitinin kassa icrasına, həmin maliyyə əməliyyatlarının uçotunun aparılmasına, büdcə təşkilatlarının satın aldıqları mal, iş və xidmətlərə görə yaranan kreditor borclarının ödənilməsinə dair elektron sorğu əsasında mövcud olan elektron məlumatlar;
3.1.6. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesablarına dair məlumatlar;
3.1.7. vergi ödəyicisi barədə məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, VÖEN-i, fəaliyyət növü, vergi ödəyicisi statusu, dövlət qeydiyyatına alındığı tarix, hüquqi ünvanı, cari və dəqiqləşdirilmiş hesabatların təqdimedilmə və təsdiqlənmə tarixi, təsdiqlənmiş vergi bəyannamələri), borc və artıqödəmə məlumatı, habelə kənar dövlət maliyyə nəzarəti tədbirinə aid predmetlər üzrə malların, işlərin və xidmətlərin təqdim olunması və əldə edilməsi ilə bağlı tərtib edilmiş elektron qaimə-fakturalar, elektron formada həyata keçirilən alqı-satqı barədə məlumatlar;
3.1.8. gömrük bəyannaməsinin nömrəsi, gömrük prosedurunun kodu, xarici ticarət iştirakçısının adı, VÖEN-i, xarici tərəfdaşın adı, sövdələşmə xüsusiyyətinə dair məlumat, malın adı, kodu və aparılmış əməliyyatın tarixi, miqdarı, mənşə ölkəsi, göndərən və alan ölkənin adı, çatdırılma şərtlərinə dair məlumat, valyuta, faktura və gömrük dəyəri, hesablanan və ödənilən gömrük ödənişləri, təsdiqlənmiş gömrük bəyannamələri, habelə gömrük borcları və depozit məbləğləri barədə məlumatlar;
3.1.9. torpaq sahəsi, əkin növü, subsidiyanın məbləği, verilmə tarixi barədə məlumatlar;
3.1.10. smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu üzrə hesablamalar aparılması üçün göstəricilərə dair məlumatlar;
3.1.11. bu Əsasnamənin 3.1-ci bəndində qeyd edilən hüquqlara uyğun olaraq sorğu edilən digər məlumatlar və sənədlər.
3.2. DAİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
3.3. DAİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) DAİS-ə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
3.4. DAİS-də formalaşdırılan sənədlər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunur və rəsmiləşdirilir.
4. DAİS-dən istifadə qaydası
4.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların DAİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
4.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin DAİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən DAİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq DAİS-dən istifadə edirlər.
5. Sahibin vəzifələri və hüquqları
5.1. DAİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
5.1.1. DAİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
5.1.2. DAİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi hallarda ("Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
5.1.3. fərdi məlumatların DAİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
5.1.4. DAİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra - Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə DAİS-ə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və testetmə imkanlarını təmin etmək;
5.1.5. DAİS-in informasiya təhlükəsizliyini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - DTX), XRİTDX və operator ilə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;
5.1.6. DAİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə, XRİTDX-yə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
5.1.7. DAİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
5.1.8. DAİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
5.1.9. DAİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
5.1.10. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
5.1.11. DAİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
5.1.12. aidiyyəti qurumların DAİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
5.1.13. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) DAİS-ə daxil etmək;
5.1.14. DAİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
5.1.15. DAİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
5.1.16. DAİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
5.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
5.2. DAİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
5.2.1. DAİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
5.2.2. DAİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
5.2.3. DAİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
5.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
6. Operatorun vəzifələri və hüquqları
6.1. Operatorun vəzifələri aşağıdakılardır:
6.1.1. DAİS-in informasiya təhlükəsizliyini DTX, XRİTDX və sahiblə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;
6.1.2. DAİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə, XRİTDX-yə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.3. DAİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.4. DAİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
6.1.5. DAİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə DAİS-in "Hökumət buludu"nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
6.1.6. DAİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə DAİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
6.1.7. DAİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə DAİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
6.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) DAİS-ə daxil etmək;
6.1.9. DAİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
6.1.10. DAİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.11. DAİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
6.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında DAİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
6.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
6.1.14. DAİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
6.1.15. DAİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
6.1.16. aidiyyəti qurumların DAİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. Operatorun aşağıdakı hüquqları vardır:
6.2.1. DAİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.2. DAİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
6.2.3. DAİS ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
6.2.4. DAİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
6.2.5. DAİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verildikdə, DAİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
6.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. İştirakçıların vəzifələri və hüquqları
7.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
7.1.1. DAİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.2. DAİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
7.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə DAİS-ə daxil etmək (ötürmək);
7.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
7.1.5. DAİS-dən, habelə DAİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
7.1.6. DAİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
7.1.7. sahibin və operatorun DAİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
7.1.8. DAİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
7.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
7.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
7.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
7.2.1. DAİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. DAİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
8. İstifadəçilərin hüquqları
8.1. İstifadəçilərin DAİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
8.1.1. DAİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
8.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
8.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək;
8.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
8.1.5. DAİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
8.1.6. DAİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
8.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.