Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik konsepsiyasının və təhlükəsizlik arxitekturasının qurucusudur
Xalqımızın çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti konkret bir dövrlə məhdudlaşmır və bütövlükdə millətin taleyini əbədi olaraq dəyişir. Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev məhz belə dahi simalardandır. Ulu Öndər zamanında elə bir təməl qoyub ki, o təməllər üzərində ucalan dövlətimiz heç bir geosiyasi fırtınada sarsılmayıb. Heydər Əliyev tarixdə iz buraxmış addımları ilə Azərbaycanı hər bir vətəndaşın qəlbində və dünyanın siyasi şüurunda yenidən inşa edib.
Əgər müasir Azərbaycanı sənət əsərinə bənzətsək, bu əsərin hər cizgisində, hər rəngində, hər naxışında Heydər Əliyev imzasını görərik. Ümummilli Lider dağılmış bir iqtisadiyyatdan qüdrətli bir dövlət, parçalanmaqda olan bir cəmiyyətdən monolit bir millət yaradan böyük şəxsiyyətdir. Hər kəlamı ilə dövlət idarəçiliyinin fəlsəfəsini yaradan, hər addımı ilə milli birliyin sarsılmaz təməlini atan Ulu Öndər ölkəmizi xaosun qaranlıq sahilindən sabitliyin işıqlı üfüqlərinə daşıdı. Dünyaya göz açdığı 10 may tarixində ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının böyük coşqu və dərin minnətdarlıq hissi ilə Ulu Öndəri ehtiramla yad etməsi Heydər Əliyev irsinin Azərbaycanın dünəni, bu günü və gələcəyi arasında sarsılmaz mənəvi bağ olduğunun təsdiqidir.
Azərbaycanın müstəqil dövlət quruculuğunun genetik kodu məhz Ulu Öndərin sovet dövründəki rəhbərliyi illərində (1969-1982) formalaşıb. Heydər Əliyev o zamanın sərt ideoloji çərçivələri daxilində Azərbaycanı gələcək müstəqilliyə hazırlayan uzaqgörən bir strateq kimi çıxış edib. Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hələ ötən əsrin 60-cı illərində, Azərbaycanın sovet rejimi daxilində sıxıldığı bir vaxtda xalqın milli ruhunu oyatmağı bacardı. Ulu Öndərin 1969-cu ildə rəhbərliyə gəlişi ilə respublikada iqtisadi, mədəni və intellektual sıçrayış başladı. Ümummilli Lider fərqində idi ki, siyasi müstəqilliyin yolu güclü iqtisadiyyatdan və milli kadr hazırlığından keçir. Məhz həmin illərdə minlərlə gəncin SSRİ-nin ən nüfuzlu universitetlərinə göndərilməsi, milli hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması sonrakı böyük uğurların ilk strateji addımları idi. Ümummilli Lider gözəl bilirdi ki, dövlət quruculuğu üçün ilk növbədə savadlı kadr lazımdır. Təsadüfi deyil ki, bu gənclər sonradan müstəqil Azərbaycanın dövlət idarəçiliyində, iqtisadiyyatında və elmində əsas aparıcı qüvvəyə çevrildilər. Heydər Əliyev faktiki olaraq 20-30 il sonranın dövlət aparatını hələ sovet dövründə formalaşdırırdı.
Dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər hərbi quruculuğun təməlini sovet dönəmində rəhbərlikdə olarkən atmışdı. O vaxtlar mərkəzi hakimiyyət milli respublikalarda hərbi kadrların yetişməsinə isti baxmırdı. Lakin güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik Ulu Öndər gələcəkdə müstəqil Azərbaycanın öz ordusuna ehtiyacı olacağını bilirdi. Təbii ki, sovetlər dönəmində Milli Ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etdi. "Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır" deyən Ümummilli Liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradıldı, "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" qanunlar qəbul edildi.
Tarixin elə dönəmləri olur ki, bir millətin varlığı ilə yoxluğu arasındakı məsafə cəmi bir insanın iradəsindən asılı hala gəlir. 1993-cü ilin iyununda Azərbaycan məhz belə bir uçurumun kənarında idi. Heydər Əliyevin böyük siyasətə qayıdışı, sadəcə, bir rəhbərin hakimiyyətə gəlişi deyildi, bütöv bir xalqın özünə qayıdışı, dövlətçilik ümidlərinin dirçəlişi idi. O, fırtınalı dənizdə yolunu itirmiş gəmini polad iradəsi ilə ən etibarlı limana, müstəqillik və tərəqqi sahilinə çıxaran dahi şəxsiyyət kimi tariximizə əbədi həkk olundu.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra da onun dövlətçilik fəaliyyətində ordu quruculuğu və beynəlxalq hərbi-strateji əməkdaşlıq müstəqil Azərbaycanın təhlükəsizlik arxitekturasının iki əsas sütununu təşkil edirdi. Bu fəaliyyət, sadəcə, hərbi islahat deyil, ölkənin dövlət müstəqilliyini sarsılmaz etməyə hesablanmış uzaqgörən bir strategiyanın nəticəsi idi.
1993-cü ildə ölkə daxilində tüğyan edən qanunsuz silahlı birləşmələrin ləğvi və dövlət çevrilişi cəhdlərinin qətiyyətlə dəf edilməsi dövlət quruculuğu yolunda ən gərgin mərhələ idi. Azərbaycan Ordusu faktiki olaraq dağılmış, ayrı-ayrı siyasi qrupların maraqlarına xidmət edən dağınıq dəstələrdən ibarət idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə pərakəndə dəstələrdən imtina edilərək, maddi-texniki bazası güclü olan nizami ordu qurulması, hərbi hissələrin formalaşdırılması prosesinə başlandı. İlk növbədə fərariliyə son qoyuldu, hərbi intizam bərpa edildi və döyüş ruhunun yüksəldilməsi istiqamətində mənəvi-psixoloji işlər gücləndirildi. Heydər Əliyev hələ sovet dövründə təməlini qoyduğu Cəmşid Naxçıvanski adına hərbi məktəbin potensialını müstəqil Azərbaycan Ordusunun zabit korpusunun onurğasına çevirdi.
Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
1994-cü ilin mayında Bişkekdə əldə olunan atəşkəs rejimi Ulu Öndərə ordunu yenidən qurmaq, silah-sursat bazasını modernləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün zəruri zamanı qazandırdı. 1991-1993-cü illərdə hakimiyyətdə olmuş qüvvələrin naşılığı, səriştəsiz idarəetməsi, kreslo davaları və xəyanəti nəticəsində Azərbaycan həm cəbhədə ciddi itkilər verir, həm də daxili xaos, dövlət çevrilişi cəhdləri və qanunsuz silahlı dəstələr səbəbindən sarsılmışdı. Daxildə sabitlik olmadan müharibəni davam etdirmək dövlətin tamamilə süqutu ilə nəticələnə bilərdi. Bu reallığı isə ancaq Heydər Əliyev kimi siyasi düha görə bilərdi. Atəşkəslə qazanılan vaxt daxili asayişin bərpasına, dövlət təsisatlarının yenidən qurulmasına imkan verdi. Heydər Əliyev qazanılan dinc dövrdən istifadə edərək, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatların gündəliyinə gətirdi.
Ulu Öndər çox yaxşı bilirdi ki, Milli Ordunun güclənməsi həm də qlobal təhlükəsizlik sisteminə inteqrasiyadan keçir. Bu məqsədlə Ulu Öndər Azərbaycanın Şimali Atlantika Alyansı (NATO) ilə münasibətlərini strateji müstəviyə daşıdı. 1994-cü il mayın 4-də NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının çərçivə sənədi imzalandı. NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Silahlı Qüvvələrində struktur islahatları aparıldı, hərbi təhsil sistemi alyansın standartlarına uyğunlaşdırılmağa başlandı. Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq təlimlərdə iştirak edərək müasir döyüş taktikasını mənimsədilər. Azərbaycanın 1999-cu ildən başlayaraq Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirakı Heydər Əliyevin xarici siyasətinin mühüm nailiyyəti və beynəlxalq təhlükəsizliyə töhfə verməsi idi.
1996-cı il NATO-nun Lissabon sammitində Heydər Əliyevin diplomatik məharəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bütün üzv dövlətlər tərəfindən bir daha təsdiqləndi. Bu, ordu quruculuğunun diplomatik cəbhədəki ən böyük dəstəyi idi. Ulu Öndərin ordu quruculuğu və NATO ilə tərəfdaşlıq xətti Azərbaycanın hərbi qüdrətini artırmaqla yanaşı, ordumuzu regionun ən peşəkar və müasir silahlı qüvvəsinə çevirdi. NATO standartlarının tətbiqi və Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Azərbaycanın Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər məhz Heydər Əliyevin təməlini qoyduğu sarsılmaz ordu quruculuğu və uzaqgörən hərbi diplomatiya strategiyasının məntiqi nəticəsidir. Ulu Öndərin qurduğu bu mükəmməl sistem Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək, Azərbaycanı qalib dövlətə çevirdi.
Heydər Əliyevin dövlət quruculuğu sahəsində atdığı ən fundamental addım pərakəndə halda olan cəmiyyəti vahid məqsəd ətrafında birləşdirən azərbaycançılıq məfkurəsini dövlətin rəsmi ideologiyasına çevirməsi oldu. O, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların ortaq dəyərlərini, ana dilini, tarixi keçmişini və milli adət-ənənələrini ön plana çıxararaq, "müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir" prinsipi ilə milli birliyin sarsılmaz modelini yaratdı. Ulu Öndər hakimiyyətə qayıtdığı ilk illərdə ölkə daxilində bəzi qüvvələrin etnik separatizm meyillərini qızışdırmağa çalışdığı bir mühitlə üzləşdi. Azərbaycançılıq ideologiyası ölkədə yaşayan bütün xalqları vahid dövlətçilik çətiri altında birləşdirdi. Ulu Öndər sübut etdi ki, Azərbaycanın gücü onun multikulturalizmində və dini dözümlülüyündədir. Heydər Əliyev "Azərbaycan onun ərazisində yaşayan bütün xalqların doğma vətənidir" prinsipini cəmiyyətin şüuruna həkk etdi.
Ulu Öndərin 1993-cü ilin iyununda Ali Sovetin Sədri seçilməsi ölkənin siyasi sistemində vətəndaş müharibəsi təhlükəsindən qurtuluşa və parlamentarizm ənənələrinin bərpasına doğru atılan həlledici addım idi. Ulu Öndər parlamentə rəhbərlik etdiyi qısa, lakin gərgin dövrdə deputatlarla iş prinsiplərini tamamilə dəyişdi. O, qanunverici orqanı yalnız qərarların qəbul edildiyi yer deyil, həm də milli həmrəylik və siyasi dialoq platformasına çevirdi. İclasların birbaşa efirdə yayımlanması xalqın dövlət idarəçiliyinə inamını bərpa etdi. Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil dövlətin sütunu möhkəm qanunvericilik bazasıdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı qanun çərçivəsində alındı. 1995-ci il Konstitusiyası unitar dövlətə uyğun olan müasir, peşəkar parlament - Milli Məclis modelinin hüquqi əsasını qoydu.
Ümummilli Liderin dövründə parlament beynəlxalq əlaqələrin qurulmasında aktiv rol almağa başladı. Xarici dövlətlərin rəhbərləri və diplomatları ilə Ali Sovetdə keçirilən görüşlər Azərbaycanın haqlı səsini dünyaya çatdırmaq üçün bir tribuna rolunu oynadı. Heydər Əliyevin parlament rəhbəri olduğu o dörd ay Azərbaycanın xaosdan nizama keçid dövrünün başlanğıcı idi. Bu gün fəaliyyət göstərən Milli Məclis məhz həmin dövrdə qoyulmuş siyasi iradənin və dövlətçilik təfəkkürünün üzərində inkişaf edir.
Hər bir ölkədə seçkilər, sadəcə, texniki səsvermə prosesi deyil, dövlətin demokratik mahiyyətini təsdiq edən ən mühüm legitimlik mənbəyidir. Ulu Öndərin rəhbərliyi ilə formalaşan Azərbaycanın seçki sistemi ölkəni 1990-cı illərin siyasi xaosundan çıxararaq hüquqi müstəviyə daşıdı. Məhz müasir seçki sisteminin arxitekturası Ulu Öndərin müəllifi olduğu qanunvericilik aktları üzərində qurulub, vətəndaşın seçmək və seçilmək hüququ "toxunulmaz fundamental hüquq" statusuna qaldırılıb. 2003-cü il Seçki Məcəlləsi isə dağınıq qanunvericilik aktlarını vahid və təkmil bir sistemdə birləşdirdi. Bu sənəd beynəlxalq standartlara, xüsusilə Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılaraq qəbul edildi. Seçkilərin məcəllələşdirilməsi prosesi Azərbaycanın Avropa Şurasına daxil olmasından sonra hüquqi islahatların kulminasiya nöqtəsi idi. Bu, seçki prosesindəki bütün subyektlərin hüquqlarını vahid müstəvidə qorumağa imkan verdi.
Dövlət quruculuğu hər şeydən əvvəl möhkəm qanunvericilik bazası tələb edirdi. Qısa zaman kəsiyində dahi şəxsiyyətin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan Konstitusiya layihəsi hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi və şəxsi təşəbbüsü ilə hazırlanan ilk müstəqil Konstitusiyanın qəbul edilməsi demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Özəlləşdirmə proqramları, dövlət idarəçiliyinin müasirləşdirilməsi, senzuranın və ölüm cəzasının ləğvi, Ombudsman institutunun və Konstitusiya Məhkəməsinin yaradılması, məhkəmə-hüquq islahatları hüquqi dövlətin əsaslarını möhkəmləndirdi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir. 1996-cı ildə Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev deyirdi: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".
Bu gün xalqımız haqlı olaraq Konstitusiyanı Heydər Əliyevin siyasi yaradıcılığının şah əsərlərindən biri hesab edir. Konstitusiyamızda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Bunların sırasında insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik xüsusi əhəmiyyət kəsb edir. Konstitusiyanın üçdəbirinin insan hüquq və azadlıqları ilə bağlı olması Ümummilli Lider Heydər Əliyevin yüksək daxili insanpərvərliyini bir daha təsdiqləyir.
Ölkəmizin mürəkkəb və taleyüklü dövründə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən Ulu Öndərin yaratdığı mükəmməl dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan Konstitusiyamız müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkəmizin hərtərəfli inkişafina və tərəqqisinə xidmət edir. Təməli Ulu Öndər tərəfindən qoyulan dövlət siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev irsinə qiymət verərək deyib: "1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Cünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir".
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları Azərbaycanın demokratik, insan hüquq və azadlıqlarının müdafiəsinə əsaslanan müasir hüquqi dövlət modelinə keçidini təmin etdi. Heydər Əliyevin təlimatı ilə Azərbaycan tarixində ilk dəfə olaraq apellyasiya və kassasiya instansiyaları yaradıldı. Hakimlərin seçilməsi prosesi tamamilə şəffaflaşdırıldı, ilk dəfə test üsulu ilə imtahanlar tətbiq edildi. 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsi qanunların aliliyini və onların Konstitusiyaya uyğunluğunu yoxlayan mühüm bir nəzarət mexanizminə çevrildi. Ulu Öndər prokurorluq orqanlarını sovet dövründən qalan repressiv imicdən xilas edərək, onları qanunçuluğu və insan hüquqlarını qoruyan sivil bir təsisata çevirdi. 1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" fundamental qanunla prokurorluğun funksiyaları dəqiqləşdirildi, onun səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırıldı. Ulu Öndər vurğulayırdı ki, prokuror həm dövlətin maraqlarını, həm də sıravi vətəndaşın hüququnu eyni dərəcədə qorumalıdır. Eyni ildə qəbul edilmiş "Polis haqqında" qanunla polisin fəaliyyətində zorakılıq deyil, xalqa xidmət və asayişin qorunması prinsipləri ön plana çıxdı. Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Hüquqi dövlətin ən mühüm tərəfi tərəflərin bərabərliyidir. Heydər Əliyev vətəndaşın keyfiyyətli hüquqi yardım alması üçün vəkillik institutunun müstəqilliyinə xüsusi diqqət yetirirdi. Müdafiə tərəfinin hüquqlarının genişləndirilməsi məhkəmə çəkişmələrində ədaləti təmin edən vacib amil oldu. Ulu Öndər 1996-cı ildə Məhkəmə-Hüquq İslahatları üzrə Dövlət Komissiyasını yaratdı. Bu komissiya bütün qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması işinə rəhbərlik edirdi. Xülasə, Heydər Əliyev tərəfindən qurulan yeni hüquq sistemi Azərbaycanın dövlət sütunlarını möhkəmləndirdi.
Dövlət quruculuğu yalnız siyasi yox, həm də iqtisadi dayaqlar üzərində yüksəlməli idi. Heydər Əliyevin uzaqgörən neft strategiyası və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı iflasın kənarından çıxararaq qlobal enerji bazarına daxil etdi. Bu addım dövlət büdcəsinin böyüməsini, sosial layihələrin icrasını və Azərbaycanın xarici siyasətdə "iqtisadi diktə" edən tərəfə çevrilməsini təmin etdi.
Ulu Öndər Azərbaycanın xarici siyasətini balanslaşdırılmış diplomatiya üzərində qurdu. Dağılmış beynəlxalq əlaqələri yenidən bərpa edərək Azərbaycanı BMT, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumlarda layiqincə təmsil etdi. O, dünyanı inandırdı ki, Azərbaycan etibarlı tərəfdaşdır və regionun taleyüklü məsələlərində onun rəyi həlledicidir.
Heydər Əliyevin dövlət quruculuğu kursu həm də gələcəyin planlaşdırılması idi. Hazırda Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini onun varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Müasir Azərbaycanın hər bir nailiyyətinin təməlində Ulu Öndər Heydər Əliyevin dahi uzaqgörənliyi və onun siyasi kursunu yeni dövrün tələblərinə uyğun olaraq uğurla reallaşdıran Prezident İlham Əliyevin sarsılmaz iradəsi dayanır. Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün İlham Əliyevin rəhbərliyi ilə həm hərb meydanında, həm də diplomatik masada öz gücünü bütün dünyaya sübut edərək əbədiyyətə doğru inamla addımlayır.
Ulu Öndərin arzu və istəkləri, dövlət quruculuğunda olan siyasəti 44 günlük savaşda əldə edilən möhtəşəm Zəfərlə həyata keçdi. Bu Zəfər Heydər Əliyev siyasətinə bir daha əbədiyaşarlıq gətirdi. Heydər Əliyevin ən böyük arzusu - Qarabağın azadlığı və ərazi bütövlüyümüzün bərpası artıq tarixi reallıqdır. Şuşada dalğalanan üçrəngli bayrağımız, azad edilmiş torpaqlarda ucalan "ağıllı şəhər və kəndlər" göstərir ki, Heydər Əliyevin qurub yaratdığı dövlət əmin əllərdədir.
Ümummilli Liderin dövlətçilik fəaliyyəti ilə 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyin tam bərpa edilməsi arasında qırılmaz bir varislik və strateji məntiq bağı mövcuddur. 2023-cü ildə əldə edilən nailiyyət, əslində, Ulu Öndərin onilliklər əvvəl uzaqgörənliklə hazırladığı Azərbaycan layihəsinin zirvə nöqtəsidir. 19-20 sentyabr tarixlərində cəmi 23 saat davam edən və düşməni ağ bayraq qaldırmağa məcbur edən ordumuzun təməlləri məhz Heydər Əliyev tərəfindən qoyulub. 2023-cü il zəfərini qazanan zabit heyətinin böyük əksəriyyəti Heydər Əliyev məktəbinin yetirmələridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaldarkən bu tarixi hadisəni Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi kimi qiymətləndirdi. 2023-cü ilin oktyabrında Xankəndidə keçirilən hərbi parad və suverenliyin tam bərpası Heydər Əliyev strateji kursunun məntiqi sonluğudur. Bu, bir liderin qurduğu dövlətin onun layiqli varisi tərəfindən zirvəyə daşınmasının dünya tarixində nadir nümunələrindəndir.
Heydər Əliyev yolu qaranlıqdan işığa, xaosdan nizama və məğlubiyyətdən zəfərə gedən yoldur. Bu yol Azərbaycanın əbədi müstəqillik və sarsılmaz qüdrət yoludur. Ulu Öndərin müəyyən etdiyi bu strateji kurs təkcə keçmişimizin xilası deyil, həm də bu günümüzün qələbə müjdəçisi və gələcəyimizin ən böyük təminatıdır. Bu gün Azərbaycanın dünyada ucalan uca səsi məhz onun on illər öncə qurduğu peşəkar diplomatiya və güclü dövlət strategiyasının əks-sədasıdır. 10 may tarixi bizə bir daha xatırladır ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev şəxsiyyəti də o qədər yaşayacaq və gələcək nəsillərin yoluna işıq saçacaq. Çünki dahi liderlərin ömrü onların fiziki varlığı ilə deyil, qurduqları dövlətin əbədiyyəti ilə ölçülür.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini