Bu gün vətəndaşı olmağımızla fəxr etdiyimiz Azərbaycan zəngin dövlətçilik ənənələrinə sahib olmaqla çox uzun bir dövrü əhatə edən inkişaf yolu keçmişdir. Təlatümlərlə keçən bu yolda elə dövrlər olub ki, həmin müddətdə xalqın və dövlətin gələcək taleyini müəyyən edən çox böyük bir tarixi inkişafın başlanğıcının əsası qoyulub. Bu əzəmətli tarixi yaradanlar isə heç vaxt unudulmayan şəxsiyyətlər kimi yaddaşlara həkk olunub.
Keçən əsrin 70-ci illərindən başlayaraq Vətənimizin tarixində çox əlamətdar dövrün əsasını qoyan isə Heydər Əlirza oğlu Əliyevdir. 1923-cü il may ayının 10-da Naxçıvanda dünyaya göz açan Ulu Öndərin həyatının mənası Azərbaycan idi. Dünyaşöhrətli siyasi xadim özü bu barədə deyirdi: "Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm".
Xalqımızın böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onu sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli bir şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan xilas etmişdir.
İlk dəfə Ulu Öndər müstəqil Azərbaycanın qurulması işinə 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə başlamışdır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan bütün ittifaqı ən qiymətli təbii sərvət sayılan və sosial-iqtisadi inkişafın əsasını təşkil edən neftlə təmin etdiyi halda əhalinin yaşayış səviyyəsinə görə heç bir iqtisadi resursu olmayan digər respublikalardan geridə qalırdı. Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi.
Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan ciddi tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft, maşınqayırma, kimya sənayesi və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu. Bu dövrdə respublikamızda nəhəng zavodlar və çoxsaylı fabriklər tikilib istifadəyə verildi. Sənayenin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Regionlarda üzüm, meyvə və tərəvəz emalı zavodları, çay və tütün emalı fabrikləri, habelə ət kombinatları, süd və yun emalı zavodları, quşçuluq fabrikləri və heyvandarlıq komplekslərinin tikilib istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, respublikamızda yüngül və yeyinti sənayesinin inkişafına da güclü təkan verdi. Üzüm istehsalı 2 milyon tonu ötərək respublikamız ittifaq miqyasında birinci yeri tutdu, ilk dəfə olaraq 1 milyon tondan çox pambıq istehsalına nail olundu. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində geridə qalmış bir respublikadan ittifaq səviyyəsində öncül yerə yüksəldi. Həmin dövrdə çoxlu sayda məktəblər, xəstəxanalar tikildi, müasir infrastruktur və kommunikasiya xətləri yaradılaraq əhatə dairələri genişləndi.
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin".
Bununla yanaşı, müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq və azərbaycançılıq ideyasını inkişaf etdirmək lazım idi. Bu məqsədlə məhz Heydər Əliyevin təşəbbüsü ilə iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyətinə malik savadlı və bacarıqlı gənc kadrların yetişdirilməsi ön plana çəkildi və hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində müasir ixtisaslar üzrə təhsil almaq imkanı qazandılar. Həmin dövrdə uzaqgörənliklə düşünülmüş qaydada həyata keçirilən bu möhtəşəm tədbirlər sayəsində başlayan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə və respublikamızın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə möhkəm zəmin yaratdı. Məhz bu illərdə sovet imperiyasının sərt rejiminə baxmayaraq, dahi şəxsiyyət Azərbaycanı müstəqilliyə hazırlamışdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanılan uğurlar Prezident İlham Əliyevin "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır".
Məhz Heydər Əliyevin həmin dövrdə Azərbaycan Respublikasında həyata keçirdiyi heyrətamiz quruculuq işləri, onun yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt ittifaqa rəhbərlik edənlərin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrin həlli məsələləri ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illər respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi.
Dövrünün nəhəng imperiyalarından olan Sovetlər İttifaqına rəhbərlik edən şəxslərdən biri kimi Heydər Əliyev Kremldə çalışdığı vaxtlar təkcə Azərbaycanın deyil, həm də ittifaqın bütün türk-müsəlman xalqlarının ən güclü dayağı idi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı qısqanclıq hissi yaradırdı. Bunun nəticəsi idi ki, 1987-ci ildə SSRİ rəhbərliyində, xüsusilə M.Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq Heydər Əliyev vəzifəsindən istefa verdi.
Bundan 15 gün sonra SSRİ rəhbərliyinin Heydər Əliyevdən çəkindiyi üçün dəstək verə bilmədiyi bir anti-Azərbaycan prosesi - ermənilərin çoxdan çalışdıqları məkrli separatizm siyasəti baş qaldırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsi gündəliyə çıxarıldı. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Respublikamızda erməni separatizmi Moskvanın əli ilə genişlənməyə başladı və Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Ümummilli Lider Azərbaycan dövlətçiliyi və xalqı naminə fəaliyyətini hakimiyyətdə olmadığı dövrlərdə də davam etdirərək ən çətin anlarda xalqının yanında olmuşdur. Belə ki, xalqımızın böyük oğlu həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə, o zaman hakimiyyətdə olan sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham edən bəyanatla Moskvada - Azərbaycan nümayəndəliyində çıxış etmişdir. Bu kəskin bəyanatdan sonra o, Moskvada yaşamağın mənasız olduğunu bilərək 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə doğma yurdu Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir.
Həmin illər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun islahatlar aparılaraq yeni iqtisadi model formalaşdırıldı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, Ermənistanın həyata keçirdiyi blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, geniş quruculuq işləri aparılırdı. Eyni zamanda bütün qüvvələr bölgənin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının qarşısını almağa səfərbər edilirdi.
Buna baxmayaraq, həmin vaxt Azərbaycanda hakimiyyətdə olan və Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsinin rəhbərləri 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etdilər. Amma buna nail ola bilmədilər. Çünki Heydər Əliyev naxçıvanlılara, sözün əsl mənasında, arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı, böyük hörmət və ehtiram bəsləyərək müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra - 1992-ci il noyabrın 21-də Azərbaycan hakimiyyətinin bütün etirazlarına və qadağalarına baxmayaraq, Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi.
Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırmaqla ölkədə yenicə qazanılmış müstəqilliyin əldən getməsinə real təhlükə yaratmışdı. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev gündən-günə çətinləşən bu gərgin vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Doğma xalqının istəyinə heç zaman biganə qalmayan görkəmli dövlət xadimi Heydər Əliyev xalqın çağırışını qəbul edərək 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri və həmin il 3 oktyabr taixində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıtmaqla xalqımızı düçar olduğu bəlalardan, vaxtilə özünün qurub-yaratdığı Azərbaycanı dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev özü bu barədə deyirdi: "İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam". Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə Ermənistanla atəşkəs əldə edilərək, ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu. Bundan sonra siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən müəyyən qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin bu hərəkətlərin qarşısı Ulu Öndərin rəhbərliyi ilə vaxtında və yüksək peşəkarlıqla alınmış və ölkədə hərtərəfli inkişafa zəmin yaradan daxili sabitlik təmin olunmuşdur. Bununla yanaşı, ölkəmizin xarici siyasətinin formalaşması istiqamətində də işlər sürətləndirildi və Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri, habelə bölgə dövlətləri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Qardaş Türkiyə ilə "bir millət, iki dövlət" prinsipi əsasında bütün istiqamətlərdə əməkdaşlıq bərqərar oldu.
Azərbaycan dövlətini labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir. Həm müstəqilliyimizi möhkəmləndirmək, həm də Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün böyük öndər ölkənin iqtisadi yüksəlişi üçün mühüm tədbirlər həyata keçirmişdir. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr qırıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Heydər Əliyev Azərbaycan Respublikasının bir dövlət kimi formalaşmasında, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və gələcək inkişafına etibarlı zəmin yaradılmasında müstəsna rol oynayan fenomen şəxsiyyətdir. Bu mənada onun zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq. Odur ki, qədirbilən xalqımız Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə qayıtdığı 1993-cü il 15 İyun gününü Milli Qurtuluş Günü hesab edir.
Xalqımız dahi şəxsiyyətin vətənə ləyaqətlə xidmətinin bariz nümunəsini həm də prezident seçkiləri ilə əlaqədar 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciətində bir daha yəqin etdi. Həmin müraciətdə deyilirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu Öndərin bu tarixi müraciətindən ötən müddətdə respublikamızın həyatında baş verən hadisələr onun dediklərinin reallıqla uzlaşdığını və söylədiyi fikirlərin həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində beş dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə aparan lider olduğunu sübut etdi.
Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq 23 ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu illər ərzində müxtəlif istiqamətlərdə hörmətli Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı və valyuta ehtiyatları, habelə orta əməkhaqqı, pensiya və müavinətlər dəfələrlə artmış, işsizliyin və yoxsulluğun səviyyəsi isə minimuma enmişdir. Bu da respublikamızın gələcəkdə uzun müddət davamlı və dayanıqlı inkişafının etibarlı təminatı deməkdir.
Bu illərdə əldə etdiyimiz möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun Ermənistan ordusunu darmadağın edərək diz çökməyə məcbur etməklə qazandığı parlaq qələbə dayanır. Bu qələbə ilə İlham Əliyev ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi qızıl hərflərlə Azərbaycan tarixində yeni bir səhifə açdı. Qazandığımız bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan xalqı vətənini, xalqını sevən dövlət başçısının rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etməyə, onu dünyanın ən gözəl diyarına çevirməyə qadirdir.
Hazırda erməni işğalından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri yenidən qurulur. "Böyük qayıdış" proqramı sürətlə icra olunur. Şübhə etmirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən tezliklə gələcək və bütöv Azərbaycan Respublikası inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcək.
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor