Ulu Öndər Heydər Əliyev çalışdığı bütün vəzifələrdə hər zaman Azərbaycanın yüksəlişi üçün əlindən gələni etmişdir. Prezdent İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər bütün dövrlərdə Azərbaycanı inamla irəliyə aparıb: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı".
Heydər Əliyev ömrü həmişə azərbaycançılıq işığı olub. Keçmiş SSRİ dönəmində də, SSRİ dağıldıqdan sonra da, xalqın təkidli tələbi ilə müstəqil Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra da...
Ulu Öndər həmişə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. 1993-cü ilin sentyabrın 22-də Ali Sovetdə ölkənin bir qrup gənci ilə görüşdə onların respublikanın və gəncliyin problemlərinə dair fikir və mülahizələrini dinləyən Heydər Əliyev dəyərli tövsiyələrini verdi. Azərbaycanın düşdüyü gərgin şəraiti hərtərəfli təhlil edərək gəncləri ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə, ölkənin taleyinin cəfakeşləri sırasında olmağa çağırdı: "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik".
Bu görüş göstərdi ki, Azərbaycanda gənclərə diqqət və qayğı qarşıdakı dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olacaq. Azərbaycan gəncləri də Ulu Öndərin tövsiyələrini fəaliyyətlərində rəhbər tutaraq dövlətə, dövlətçiliyə böyük sədaqətlə xidmət etməyi özlərinə vətəndaşlıq borcu bildilər.
Heydər Əliyev gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərinin və prinsiplərinin müəyyənləşdirilməsi, gənclərin problemlərinin aradan qaldırılması, ictimai-siyasi fəallıqlarının artırılması üçün uzunmüddətli strategiya müəyyən etdi. Bu strategiya mərhələlərlə həyata keçirilməyə başladı.
1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi, 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gəncləri cəmiyyətdə daha fəal iştirak etməyə başladılar. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirildi, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də keçirilən Gənclərin I Forumu respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzaladı.
1999-cu il martın 2-də Azərbaycan Gənclərinin II Forumu keçirildi. Forumda çıxışında Ulu Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməsi istiqamətində dəyərli tövsiyələrini verdi və bildirdi ki, XXI əsr gənclərin əsridir.
1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət gənclər siyasəti haqqında" fərman dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin təcəssümü oldu. Bu fərman gənclərin təhsilini, tərbiyəsini, sağlamlığını, intellektual və mənəvi inkişafını, asudə vaxtın təşkili problemlərinin həllini, hüquqların müdafiəsini, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakını və digər vəzifələri əhatə etdi.
Fərmana müvafiq olaraq dövlət gənclər siyasətinin həyata keçirilməsini təmin etmək və dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərin həllinə yönəltmək məqsədilə tədbirlər planı təsdiq edildi. 2002-ci ildə isə ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu kəlam Azərbaycanda gənclər siyasətinin başlıca mahiyyətinin ifadəsi kimi tarixiləşib...
Gənc nəslin vətənpərvərlik ruhunda formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Azərbaycan gəncliyi cəmiyyətin bütün sahələrində fəaldır.
Gənclərimiz Vətən müharibəsi zamanı öz mənəvi missiyasını layiqincə yerinə yetirib. Müharibə başlayanda minlərlə gənc döyüşə yollanmaq üçün müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun hesabatı idi. Bu milli əzm ordumuzun döyüş və qələbə ruhunu daha da yüksəltdi və tarixi Zəfər qazanıldı.
Ulu Öndər Heydər Əliyevin ideyaları ilə silahlanan Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx səfərbərdir və öz uğurları ilə dövlətimizin yüksəlişinə töhfə verir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı