Üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1057 nəfər iştirakçıdan 343 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Nəticələrə əsasən maksimal T-bal 721, o cümlədən keçid balı 535 bal təyin edilib. Onlardan 280 nəfəri kişi, 63 nəfəri isə qadındır.
Yarımfinal mərhələsinə keçənlər arasında 1-ci müsabiqədən qatılan 18, 2-ci-dən 120 və bundan əvvəlki müsabiqələrin hər ikisində iştirak edən 62 nəfər iştirakçı yer alır.
İştirakçılar şəxsi kabinetə daxil olaraq əyani mərhələnin nəticələri ilə ətraflı tanış ola bilərlər.
Qeyd edək ki, ötən ilin statistik nəticələrinə əsasən ikinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsində keçid balı 540 T-bal olub və yarımfinal mərhələsinə 332 nəfər buraxılıb.
Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi iyunun 30-u və iyulun 1-2-də baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.