Milli Azərbaycan Tarixi Muzeyi işğaldan azad edilmiş rayonlarda muzey işinə start verib
Dünya mədəniyyətinə, elminə sahib olmaq üçün nə qədər müharibələr aparılıb, günahsız qanlar tökülüb. Yaradıcılığının əsasını müharibə mövzusu təşkil edən Vasili Bıkovun fikrinə görə, “müharibə və mədəniyyət bir araya gəlmir, onlar ayrı-ayrı dillərdə danışır”.
Uzun illər erməni vandalları tərəfindən işğala məruz qalmış ərazilərimizdə yüzlərlə eksponat dağıdılmış, yandırılmış, talan edilmiş muzeylərin acı aqibəti hamını narahat edir. 2017-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri ilə birlikdə rəhbəri olduğum “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində işğaldan azad edilmiş rayonların yenidən fəaliyyətini bərpa etmiş muzeylərini ziyarət etdik.
Bu gün qalib ölkə kimi erməni saxtakarlığının qarşısının alınmasında, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, iqtisadiyyatı, elmi, təhsili və mədəniyyəti, baş vermiş münaqişələr, yerli əhaliyə qarşı daşnakların vəhşilikləri haqqında məlumatların, bütövlükdə əsl həqiqətlərin həm ölkə daxilində, həm də dünya ictimaiyyətinə qərəzsiz çatdırılmasında bir sıra sahələrin mütəxəssisləri kimi, muzeyşünasların da qarşısında mühüm vəzifələr dayanır. Hesab edirik ki, bu vəzifələrdən biri də vaxtilə işğala məruz qalmış və bu gün müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandanın siyasi iradəsi nəticəsində geri qaytardığımız doğma torpaqlarımızda tarixən mövcud olan Qarabağ maddi mədəniyyət nümunələrini özündə əks etdirən muzeylərin təbliği, elmi tədqiqatların və araşdırmaların aparılmasıdır.
1992-ci ildən başlayaraq, 2020-ci ildə qazandığımız tarixi Zəfərə qədər həmişə itirdiyimiz rayonların anım günlərini qeyd edirdik. Doğma yurd-yuvasız günlərimiz üst-üstə yığılaraq illərə çevrilmişdi. Lakin səbrimiz tükənsə də, ümidimizi itirmədik. Bu inam bizi illərlə ayaqda tutdu.
44 günlük Vətən müharibəsində qazandığımız qələbə sayəsində işğaldan azad edilmiş torpaqlarımıza gedən Zəfər yoluna çıxdıq. Qalib ölkənin vətəndaşı kimi qürurla ayaq basdığımız ilk rayon Füzuli oldu.
Nə qədər acı olsa da, bu bir həqiqətdir ki, 1993-cü ilin 23 iyul tarixində Ağdamın işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddindən artıq siyasiləşərək müxtəlif partiyaların, qurumların mənafeyinə xidmət etməsi Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi.
1993-cü il avqustun 23-də Qarabağın böyük rayonlarından olan Füzuli və Cəbrayıl erməni quldur dəstələri tərəfindən işğal edildi. Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. Sözsüz ki, Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən, işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı da təsdiq edirdi. Lakin BMT-nin Təhlükəsizlik Şurası hərbi əməliyyatları dayandırmaq, Ermənistanın öz qoşunlarını işğal etdikləri Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etsə də, onlar uzun illər icra edilməyib, kağız üzərində qaldı.
Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, əfsuslar olsun ki, dünya birliyi bu haqsızlığa, ədalətsizliyə göz yummaqda davam edirdi. Uzun illər təcavüzkarların işğalçılıq siyasətinin qurbanına çevrilən bir çox mədəniyyət obyektləri, o cümlədən muzeylərdə saxlanılan misilsiz tarixi ekponatların, qiymətli incəsənət və mədəniyyət nümunələrinin erməni faşistləri tərəfindən talan edilərək Ermənistana daşınması öz təsdiqini çoxdan tapıb.
Füzuli rayonuna səfər gənc muzeyşünaslarda ilk dəfə işğaldan azad edilmiş torpaqlarımıza ayaq basdıqları üçün yüksək əhvali-ruhiyyə yaratmışdı. Qalib ölkənin gəncləri qürur hissi keçirirdilər. Burada öncə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin Bala Bəhmənli kənd filialı ilə tanış olduq. Muzeyin qurucusu və rəhbəri II qrup Qarabağ qazisi Elçin Əsədovdur. Muzey işinə olan marağı onu 52 yaşında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə aparıb. Muzeyşünaslıq ixtisasına yiyələnib. Səmimi söhbəti və tövsiyələri gənc muzeyşünaslarda və tələbələrdə bu peşəyə marağı daha da artırdı.
Çox yüksək təəssüratlarla Bala Bəhmənli kəndindən ayrılıb Horadiz şəhərinə yola düşdük. Orada Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında sərgilənən qiymətli eksponatlar və tarixi abidələr haqqında geniş məlumat əldə etdik. Öyrəndik ki, rayonun ərazisində 2 dünya, 14 yerli əhəmiyyətli arxeoloji, 4 ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi olub. Qarabağ müharibəsi başlandığı dövrdən bu abidələrin çoxu erməni vandalizminə məruz qalıb...
Sahibə ƏLƏKBƏROVA,
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi