21 Iyul 2022 01:16
1180
CƏMİYYƏT
A- A+

Yerli qəzetlər necə yaşayır

 

Dövlətin dəstəyinə ehtiyac duyuruq

 

1930-1962-ci illərdə "Pambıq cəbhəsində", 1962-ci ildən 1992-ci ilədək "Muğan", həmin tarixdən sonra "Suqovuşan" və nəhayət, 2020-ci ildən "Muğanın səsi" adı ilə çıxan qəzetimizin 92 illik tarixi var.

Rayon qəzeti vətənimizin bir parçasının canlı salnaməsidir. Çünki heç bir kütləvi informasiya vasitəsi əhatə etdiyi rayonun mənzərəsini yerli qəzet qədər canlandırmaq imkanına malik deyil. Bu baxımdan qəzetimiz də rayonumuzun tarixini az qala bir əsrə yaxındır ki, öz səhifələrində yaşatmaqdadır.

Söz ki tarixdən düşdü, bir az keçmişə qayıdaq. 1962-ci ildə Azərbaycan KP MK-nın qərarına əsasən, yaradılmış "Muğan" qəzetinin həyatında 1969-1982-ci illər mütərəqqi inkişaf dövrü olmuşdur. O dönəmdə Azərbaycan KP MK-nın birinci katibi olan Ümummilli Lider Heydər Əliyev hər il, bəzən ildə iki dəfə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşüb onların işi və qayğıları ilə yaxından maraqlanırdı. Həmin illər pambıqçılıq rayonlarının zona müşavirələri də, adətən, Sabirabadda keçirilirdi. Respublika rəhbərinin rayonumuza səfərləri, əhali ilə görüşləri, kənd təsərrüfatında qazanılan uğurlar, rayonda aparılan işlər "Muğan" qəzetinin səhifələrində özünə yer alan qiymətli materiallar olurdu və o vaxtın qəzetləri bu günədək qorunub saxlanılır. Həmin  dövr günaşırı çıxan qəzetimizin tirajı 20 minə yüksəlmişdi. Ümummilli Lider bütün tədbirlərində "Muğan"ın əməkdaşlarının iştirak etməsi ilə şəxsən maraqlanırdı. Bu gün Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz "Muğan" qəzetinin əvəzsiz xəzinəsindəndir.

Nəsillər, ictimai quruluşlar dəyişir, amma Sabirabad sakininin qəzetimizə olan marağı azalmır. Çünki "Muğanın səsi" qəzetlər üçün mürəkkəb olan indiki şəraitdə öz dəst-xətini, prinsipiallığını, simasını qoruyub saxlaya bilib. Rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatını, sakinlərin uğur və problemlərini işıqlandıran "Muğanın səsi" hər bir sabirabadlı üçün dəyərli mənəvi qidadır.

Amma qəzetimiz maddi sıxıntılar keçirir, baxmayaraq ki, heç vaxt problemlərdən gileylənib yolumuzdan geri çəkilməmişik, inamla irəliyə baxmışıq. Maliyyə və maddi-texniki cəhətdən imkanlarımız məhdud olsa da, qəzet əməkdaşları bu günədək sözün keşiyində dayanmağı bacarmışlar. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə gecəmizi gündüzümüzə qatıb ən təzə xəbərləri həm qəzet səhifələrində, həm də qəzetin "Muganinsesi.az" internet saytında əhaliyə çatdırmışıq. Şəhidlərimizin hər birinə qucaq açaraq hünərlərini kövrək sətirlərlə ellə bir etmişik. Son dönəmdə yazarlarımızın bir-birinin ardınca çap etdirdikləri kitablarında bizim isti-isti qələmə aldığımız məqalələrdən bəhrələnmələri bizə çox xoşdur.

Bölgəmizin salnaməsini yaradan qəzetimizin bu günümüz və gələcəyimiz üçün əhəmiyyətindən uzun-uzadı danışmağa lüzum görmürük. Sadəcə vurğulamaq istəyirik ki, son illər qəzetin maddi durumu daha da ağırlaşıb. Daha doğrusu, 92 illik tarixi olan "Muğanın səsi" taleyin ixtiyarına buraxılıb, diqqət və qayğıkeşlikdən kənarda qalıb. Bu üzdən ömrünün çoxunu qəzetin yaşanmasına həsr edən jurnalistlərimiz vəsait çatışmazlığı ucbatından iş yerlərini itirirlər. Təkcə son bir ildə redaksiyanın 6 əməkdaşından 2-si ixtisara salınıb. Aylarla əməkhaqqısız, çox çətinliklə həftədə bir nömrə çıxardığımız qəzetimizin dövriliyini də aybaay itiririk. Vaxtı ilə 20 min nüsxə ilə çıxan qəzetimizin indiki tirajını isə deməyə adam utanır.

Bunlar azmış kimi, qəzetimizin tam təsərrüfat hesablı olmasına baxmayaraq, Dövlət Vergi Xidmətində qeyri-neft sektoru kimi deyil, dövlət sektoru subyekti kimi qeydə alınması maliyyə çətinliyimizi bir az da kəskinləşdirib. Məsələ ilə əlaqədar, yəni fəaliyyətimizin hansı sahəyə aid olduğunun müəyyənləşdirilməsi ilə bağlı 5 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığımız məktuba göndərilən cavabda isə Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli qərarına əsasən, "Muğanın səsi" qəzeti redaksiyasının dövlət mülkiyyətinə aid olduğu bildirilib. Bu, vaxtilə qəzetin dövlət adından yaradılması, hazırda rayon icra hakimiyyətinin təsisçi olması və nizamnaməsinin icra başçısı tərəfindən təsdiq edilməsi və s. məsələlərlə əsaslandırılıb.

Bu yerdə deyiblər: "İçimiz özümüzü yandırır, çölümüz özgəni". Doğrudur, yerli qəzetlərin təsisçisi şəhər və rayon icra hakimiyyətləridir. Müvafiq qanuna görə isə təsisçilər təsis etdikləri KİV-ə kömək etməli, maddi-texniki bazasını möhkəmləndirməlidirlər. Elə ona görə də yerli icra hakimiyyətlərinə indiki halda öz qəzetlərinə maliyyə dəstəyi verə bilmələri üçün səlahiyyət verilməli, büdcədə buna görə vəsait nəzərdə tutulmalıdır. Yaxud, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına bölgə qəzetlərinin maliyyələşməsini nəzərdə tutan maddə əlavə oluna bilər. Bu da mümkün olmasa, həmin maddi yardımı MEDİA Agentliyi vasitəsilə etmək mümkündür. Ümumiyyətlə, çıxış yolu, mənbə çoxdur. Məsələn, bu gün təhsil, səhiyyə, mədəniyyət qurumlarının rəhbərləri rayon qəzetinə abunə olmağa biganə münasibət bəsləyirlər. Bəs müəllim, həkim, mədəniyyət işçisi rayon qəzetini mütaliə etmirsə, hansı maarifləndirmə işindən danışa bilərik? Bəlkə bu təşkilatlara rayon qəzetlərinə abunə olmaq üçün xüsusi limit ayrılsın?!

Ulu Öndər Heydər Əliyev deyirdi: "Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir". Çox dəqiq və yerində deyilmiş fikirlərdir. Elə rayonlarda çalışan biz jurnalistlər peşəmizin vurğunlarıyıq. Peşəsinin vurğunu olmaq isə ən ali hisslərdəndir.

Bu gün də mətbuat dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev jurnalistlərlə mütəmadi keçirdiyi görüşlərin birində demişdir: "Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi - bütün bu məsələlər çox vacibdir. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlara dəstək mütləq verilməlidir. Dövlət bu məsələdə həmişə sizin yanınızdadır".

Biz buna inanırıq.

 

İlham ƏSGƏROV,

Sabirabad rayonunda çıxan "Muğanın səsi" qəzetinin baş redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video