22 Yanvar 2023 00:42
871
Mədəniyyət
A- A+

Yeni parklar Bakının simasını dəyişir

 

- Bakı necə də dəyişib?
- Şəhəri tanımaq olmur!
- Dünyanın çox yerində olmuşam, Bakının insanları kimi istiqanlı şəhər sakinləri görməmişəm.
- Yeni tikililər, dünya standartlarına uyğun yollar, müasir infrastruktur... İyirmi ildən çoxdur xaricdə yaşayıram, şəhərin Azdramadan 28 May metrostansiyasına doğru uzanan istiqamətində yaşayırdıq. Uşaqlıq və gənclik illərim keçən bu ərazidə indi park salınıb, yaşıllıqlar göz oxşayır... Yeniliklərdən fərəh hissi keçirirəm, köhnə bakılı kimi şəhərimizin bu gözəl günündən qürur duyuram. 
Etiraf edək ki, indi bu sözləri Bakı şəhərinə istər bölgələrdən, istər xaricdən gələn yaxınlarımızdan, doğmalarımızdan, eləcə də turist və qonaq kimi bu qədim şəhərdə gəzintidə olan əcnəbilərdən tez-tez eşitmək olur. 
Bakını bu qədər görməli, öyünməli edən onun yeni göydələnləri, magisrtral yolları, müasir prospekt və meydanları ilə yanaşı, həm də yeni yaradılmış parkları, fəvvarələri, yaşıllıq guşələridir. Uğurla yola saldığımız 2022-ci ildə ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub. O cümlədən Bakı da inkişaf edib və bir çox ərazilərində yeni parklar, xiyabanlar, körpülər salınıb, bəziləri isə müasir üslubda yenidən qurulub. Artıq müasir Bakı bir neçə il əvvəl gördüyümüz Bakı deyil. Köhnə məhəllələri, parkları yeniləri əvəzləyir ki, bu da hər bir insanın qəlbində qürur hissi oyadır. Yeni park, istirahət məkanı və yaşıllıq guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması şəhər sakinlərinin rahatlığına, gözəl istirahətinə yönəlmiş layihələrdir. Belə lahiyələrdən biri - Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca Mərkəzi Parkın salınması xüsusi diqqət çəkir. Buranın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanı yaradılmasıdır. Bu şəhərin simasını daha da gözəlləşdirməklə yanaşı, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə imkan verir. 
Ötən ilin son günləri - dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Park kimi tanınan bu parkın ikinci hissəsinin açılışında iştirak edib. Xatırladaq ki, paytaxtın keçmiş "Sovetski" adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. 
Ötən il layihəyə əsasən, Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsinin qurulması üçün 6,4 hektar ərazi təmizlənərək abadlaşdırılıb, ən müasir infrastrukturlar və kommunikasiyalar çəkilib. Aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində ərazidəki torpaq səthi dəyişdirilib, yaşıllaşdırmanın keyfiyyətini və landşaft dizaynını daha da yaxşılaşdırmaq üçün 57 min 500 kubmetrdən çox münbit torpaq gətirilib. Həmçinin yaşıllaşdırma işləri ərazinin iqlim şəraiti, florası və ətraf mühiti nəzərə alınmaqla aparılıb.
Parkın ərazisinin 4 hektarında 19 növdə 2764 ağac, 20 mindən çox gül və kol bitkiləri əkilib. Yeni salınan yaşıllıqları suvarmaq üçün müasir tələblərə uyğun damcılama və çiləyici qurğular quraşdırılıb, drenaj xətləri çəkilib. Eyni zamanda istirahət parkının ərazisində müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.
Burada iki istirahət və oyun meydançası da salınıb. Meydançalar hər yaş qrupunda olan insanların istirahəti üçün nəzərdə tutulub. Həmçinin parkda söhbətgahlar quraşdırılıb və istirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib. Parkın ərazisində iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərir.
Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş "Sovetski" ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb. Park 5,4 kilometr uzunluğunda olan piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 190 avtomobillik açıq, 347 avtomobillik isə qapalı dayanacaqdan ibarət olmaqla, paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.
Ötən il paytaxt Bakıda yaradılan parklardan, orada aparılan quruculuq və abadlıq işlərindən söhbət düşəndə "Xəzərin boyunbağısı" adlandırılan Sahil bağını - Dənizkənarı Milli Parkı xatırlamamaq mümkün deyil. 114 ilə yaxın yaşı olan, Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən 5,6 kilometrdan 25 kilometrədək genişləndirilməsi nəzərdə tutulan bu parkda əlavə yaşıllıqlar salınıb, səliqə-sahman işləri həyata keçirilib, lazımi infrastruktur yaradılıb. Görülən iş, yaradılan şərait göz oxşayır. 
Paytaxt Bakıda ötən il yaradılan gəzinti-istirahət ünvanlarından biri də Səbail rayonunda, açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi "Çəmbərəkənd" parkıdır. Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. 
Xatırladaq ki, Bakı şəhəri və onun ətraf ərazilərində, hələ bağları demirik, 15-dən çox rahat və gözəl park var. Bu parklar insanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Bu parkların hamısında, xüsusən də Heydər Əliyev Muzey-Park Kompleksində, Dağüstü parkda, Zərifə Əliyeva adına parkda, Nizami parkında, Atatürk parkında, Qış parkında, Yasamal meşə-parkında əlavə dekorativ kollar əkilmiş, yaşıllıq zolaqları yenilənmiş, işıqlandırma sistemləri təzələnmiş, gəzintidə olanlar üçün hər cür şərait yaradılmışdır.
Görünən odur ki, ötən il Prezident İlham Əliyevin tapşırıq və göstərişləri çərçivəsində həyata keçirilən abadlıq-quruculuq işləri sırasında Bakıda yeni parkların salınması prioritet olmuşdur. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. Yeni il bayramı ərəfəsində istifadəyə verilən Mərkəzi Parkın ikinci hissəsi  paytaxtımızın daha da gözəlləşməsi, şəhərin "ağciyəri" sayılan yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən Azərbaycana gələn insanlar da məmnunluqla etiraf edirlər. İlin qürurlu göstəricilərindən biri də işğaldan azad olunmuş Qarabağda aparılan bərpa, abadlıq və quruculuq işləri ilə yanaşı, paytaxt Bakıda yeni parkların salınmasıdır.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video