Bu, Azərbaycanla Avropa İttifaqının əlaqələrinin inkişafına təkan verəcək
Dövlətlərin və beynəlxalq təşkilatların qarşılıqlı münasibətləri yaranmış tarixi şəraitdən asılı olaraq müəyyən zamanlarda dəyişə və yaxud yenilənə bilər. Ölkəmiz bu gün demək olar ki, dünyanın inkişaf etmiş bütün dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı iqtisadi və siyasi əməkdaşlıq edir. Bu əlaqələr gündən-günə inkişaf edir, dərinləşir və möhkəmlənir.
Azərbaycanın qarşılıqlı əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi illər uzunu hər iki tərəf arasında siyasi, iqtisadi və hüquqi münasibətlərin əsasını təşkil edib. Lakin 1996-cı ildə imzalanmış sazişin əhatə dairəsi elə də geniş deyildi. Bu, daha çox postsovet məkanında yeni müstəqillik əldə etmiş dövlətlərlə Aİ-nin münasibətlərini tənzimləyən ticarət, bazar iqtisadiyyatı və siyasi dialoqa dair ümumi prinsipləri özündə birləşdirirdi. Ona görə də həmin çərçivə nə Azərbaycan - Aİ münasibətlərinin bugünkü səviyyəsini, nə də Avropanın Cənubi Qafqazda dəyişən maraqlarını tam əhatə edirdi.
Günümüzün daim dəyişən geosiyasi reallıqları, enerji təhlükəsizliyi çağırışları və diplomatik gündəm 1996-cı ildə imzalanmış sazişin yenilənməsini, dəyişilməsini tələb edirdi. Təəssüflər olsun ki, Avropa İttifaqı uzun illər öz maraqlarını üstün tutaraq Azərbaycanla münasibətlərini ikili standartlar üstündə qurmağa, regionun mürəkkəb reallıqlarına kifayət qədər dərindən nüfuz etmədən, daim inkişafda və tərəqqidə olan ölkəmizi öyrəşdikləri şablon təsəvvürləri çərçivəsində qiymətləndirməyə çalışdı.
Azərbaycan ötən illər ərzində uğurla apardığı daxili və xarici siyasəti ilə dünyada gedən mürəkkəb proseslərdə həmişə təşəbbüsü öz əlində saxladı. İkinci Qarabağ müharibəsindən sonra Bakı regiona əmin-amanlıq gətirəcək sülh gündəliyini beynəlxalq vasitəçilərin monopoliyasına vermədi, onu güclü, sarsılmaz diplomatik iradəsi və qətiyyəti ilə formalaşdırmağı bacardı. Azərbaycanın yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə kifayətlənmədiyini dostlara da, düşmənlərə də göstərdi. Azərbaycanın dünyada gedən proseslərə praqmatik yanaşması, zamanında zəruri addımlar atması onun beynəlxalq münasibətlər sistemində aktiv rol oynadığının bariz nümunəsi oldu.
Artıq Azərbaycan 1996-cı ildəki Azərbaycan deyil. Ötən illər ərzində Azərbaycan sarsılmaz, əbədi-əzəli dövlətçilik modelini qurub, milli maraqlarını qoruyub, yürütdüyü uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə mövqeyini kifayət qədər möhkəmləndirib. 2020-ci ilin sentyabrında erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində və ondan sonra uğurla həyata keçirilən lokal xarakterli antiterror əməlliyyatları nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dünyada və regionda söz sahibinə çevrilib. Amma təəssüflər olsun ki, hələ də Avropa İttifaqının müəyyən dairələrində Azərbaycana qarşı olan əvvəlki birtərəfli yanaşmaların izləri qalmaqdadır. Lakin zaman və ondan doğan reallıqlar əvvəlki dəyər və yanaşmaları dəyişməyi zəruri edir. Getdikcə beynəlxalq aləmdə nüfuzu artan Azərbaycan regionda təkcə enerji resurslarının təminatçısı kimi deyil, həm də sabitliyin və iqtisadi əməkdaşlığın əsas aktoru kimi tanınır.
Bu günlərdə Avropadan Azərbaycana yeni bir münasibət sərgilənir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni bir mərhələnin başlanğıcı müşahidə olunur. Dünyada yaranmış geosiyasi şəraitin diktəsi hər iki tərəfi bərabərhüquqlu dialoqun inkişafına və tərəfdaşlığın möhkəmlənməsinə maraq göstərməyə səsləyir. Əvvəlki illərdə isti münasibətlərə əngəl yaradan amillər artıq yavaş-yavaş aradan qaldırılır, buzlar əriyir.
Avropa İttifaqı ölkəmizin regiondakı və dünyadakı rolunu, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfəni layiqincə qiymətləndirmək üçün yeni addımlar atır. Artıq Avropa İttifaqı Azərbaycanı regional sülh və sabitliyin əsas təminatçılarından biri kimi görür, ölkəmizin bu istiqamətdəki roluna yüksək dəyər verir. Reallıq onu göstərir ki, Azərbaycanla Aİ arasında münasibətlər niyyət bəyanatları səviyyəsindən xeyli irəli gedir.
Aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə gəlişi doqquz ildən sonra Aİ ali nümayəndəsinin Azərbaycana ilk yüksəksəviyyəli səfəri oldu. Həmişə sülhün tərəfində olan Azərbaycan ona uzanan dostluq əlini sıxmağa hazırdır. Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Azərbaycanın sülh səylərinə daim dəstək verəcəyini bəyan etdi. Onun sözlərinə görə, Azərbaycan Aİ üçün olduqca mühüm tərəfdaşdır və xüsusən enerji təhlükəsizliyi sahəsində Bakı Avropanın etibarlı təchizatçılarından biridir. Ali qonaq həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı xüsusi vurğulayaraq minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Kaya Kallası qəbul etməsi, ölkəmizin Aİ ilə münasibətlərində yeni mərhələnin başlanğıcı, strateji və hüquqi kontekstli bir dönüş nöqtəsi kimi qiymətləndirildi. İllərdən bəridir Avropada hökm sürən geosiyasi stereotiplərin, qərəzli yanaşmaların, ikili standartlar və regionla bağlı yanlış təsəvvürlərin bu görüşdən sonra aradan qaldırılması qənaəti yarandı. Onların yerini qarşılıqlı əməkdaşlığa, inkişafa, tərəqqiyə hesablanmış mütərəqqi baxışlar tutdu.
Azərbaycan Avropanın enerji təminatında böyük rol oynayır. Aİ ölkəmizin regional və geosiyasi əhəmiyyətini qəbul edir, Azərbaycanın Xəzər dənizi - Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki yerini yüksək qiymətləndirir. Azərbaycan Avropanın 12 ölkəsinə qaz verir və Avropada təchizatın coğrafiyasına görə birinci yerdədir. Bu qürurverici göstəricilər Azərbaycanın Avropada etibarlı tərəfdaş statusunu rəsmi olaraq təsdiqləyir. Əməkdaşlıq artıq təkcə təbii qazla məhdudlaşmır. Azərbaycanın "yaşıl enerji" sahəsində atdığı uğurlu addımlar onu ənənəvi enerji təchizatçısından bərpaolunan enerjidə də aparıcı rola malik olduğunu göstərir.
Azərbaycanla Avropa İttifaqı arasındakı qarşılıqlı əməkdaşlıq yalnız bu günün deyil, həm də gələcəyin inkişafını, tərəqqisini təmin edəcək. Yaxın gələcəkdə Azərbaycan-Aİ münasibətləri gündəlik əməkdaşlıqdan, strateji qərarların, qarşılıqlı öhdəliklərin və dəyərlərin paylaşılmasına əsaslanan bir müstəviyə keçəcək. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələsi, atılan ilk uğurlu addımlar hər iki tərəfin təhlükəsizlik və qarşılıqlı əlaqələrinə mühüm töhfə verəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"