03 Sentyabr 2011 02:09
11494
Mədəniyyət
A- A+
Yeddi rəqəmi niyə müqəddəs sayılır

Yeddi rəqəmi niyə müqəddəs sayılır

 

Folklor nümunələrində, yazılı ədəbiyyatda, müxtəlif deyimlərdə 7 rəqəminin müqəddəs olması barəsində müxtəlif fikirlərə rast gəlinir. Hətta adət və ənənələrdə bu rəqəm əziz tutulur.

Novruz bayramı öncəsi keçirilən İlaxır çərşənbələrində bulaqdan 7 daş gətirərək onu müxtəlif ərzaq qablarının içinə atardıq ki, evin bərəkəti bu daş kimi yerində möhkəm olsun. Son çərşənbədə də həmişə süfrədə S hərfi ilə başlayan 7 nemət düzülərdi. Hətta Şumerdə də 7 rəqəmi ilə bağlı məlumatlar var.  Ağlımız kəsəndən böyüklərdən eşitmişik ki, 7 rəqəmi müqəddəsdir. Müşahidə edilən bir sıra təbii hadisələrin özündə belə, 7 rəqəmi görünür. Məsələn, yağışdan sonra səmaya gözəllik gətirən göy qurşağında (buna el arasında "Fatma qarının hanası" da deyirlər) 7 rəng diqqət çəkir. Dünyada 7 qitə mövcud olmuşdur. Hətta insan sifətində 7 açıq nöqtə (ağız, iki qulaq, burun deşikləri, iki göz) var. Həftə 7 gündən ibarətdir. Eramızdan əvvəl tikilərək bu günümüzə gəlib çatmış dünyanın 7 möcüzəsi bəşəriyyəti hələ də heyrətləndirməkdədir.

İnsanın ömür yolu da 7 əsas xətdən ibarətdir. Olum, göz, dil açmaq, ayaq tutmaq, tərbiyə (təhsil), almaq, ailə qurmaq və nəhayət, son xətt - əbədiyyətə qovuşmaq. İnsanın bütövlüyü üçün bu 7 amilin olması mühüm şərtdir. Olumdan ölümə qədər ardıcıllıqla gələn bu xətlərdən birinin yoxluğu insanı yarımçıq, bəzən də şikəst, hətta yarımcan edər. Bəxtəvər o kəsə ki bu 7 xətt tamamilə onun həyatında mövcuddur.

Xalqımızın adətinə görə, toy mərasimində gəlinin belinə qırmızı lent bağlayarkən belə bir bayatı oxuyarlar:

 

Anam, bacım qız gəlin,

Əl-ayağı düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin.

 

Sonra da gəlini 7 dəfə çırağın başına fırlayarlar. Yəqin ki, bu adət də Zərdüştlükdən gəlmədir. Çünki odun başına ancaq Zərdüştlük zamanında fırlanardılar. Novruz tonqallarında onun üstündən 7 dəfə tullanaraq "ağrım-uğrum tökülsün" deyərlər. Hətta qulaq falı üçün də 7 qapıya gedərlər. Qurban kəsəndə belə, ən azı 7 pay ayrılmalıdır. Nağıl və dastanlarımızda da "Yeddi qardaş", "Yeddi yolayrıcı", "Yeddi nar çubuğu", "Yeddi başlı əjdaha", "Yeddi biyənə yad", "Yeddi arxa dönənin", "Soyumuz yeddi nəsil" ifadələri var. Yas mərasiminin 7-ci təziyəsi mövcuddur. Maraqlıdır ki, qarğışlarda da bu rəqəmə üz tutulub: "Səni görüm 7 gülləyə gələsən", "Dərdinə 7 min təbib əlac tapmasın", "Yeddi yerdən deşiləsən", "Yeddi dərd tapasan" və s.

Alqışlarda 7 rəqəmini tez-tez hallandırıblar: "Yeddi bacalı, yeddi qardaşlı olasan", "Yeddi yetimlə bir daxmada qalmayasan", "Gününün 7-də uğurlu gəlsin". İnanclardan: "Yeddi nəhrin üstündən keçənin əli yüngül olar", "Yeddi gün heyva yeyən hamilə qadının övladı gözəl olar", "Yeddi ağac əkənin nəsibi xoş gün olar", "Yeddi qapıya su çəkən 7 min arxa tapar" və s.

Qədim zamanlarda yeddi gün yeddi gecə toy çaldıranlar da olub. Təzə gəlini 7-ci günü atası evinə qonaq çağırarmışlar. Varlılar ən azı, 7 yetimə əl tutmalıymışlar. Hətta qədim el təbabətində də boğulma zamanı 7 qurtum su içilməsi məsləhət görülür. Atalar sözlərində də tövsiyə edilir ki, hər kəs öz 7-ci babasını tanımalıdır.

Nədir bunun sirri? Qurani-Kərimdə də "7" rəqəminin müqəddəsliyi haqqında surələr var. Hətta hədislərdə də "7" rəqəminin ülviliyindən söz açılır. Dini ədəbiyyatdan, rəvayət və  hekayətlərdən gələn bir inam və etiqad geniş yayılmışdır ki, Allah-təala dünyanı, kainatı, canlı və cansız varlıqları 7 günə yaradıb. Bazar günü (Əhəd) göyləri, nəbiləri, bazar ertəsi (İznəni) Ayı və ulduzları, çərşənbə axşamı (sələsə) quruda və suda yaşayan məxluqları, həmçinin göydəki 7 qanadlı mələkləri yaratdı. Çərşənbə (Ərbəə) günü torpaqda, suda yaşayan bütün canlıların ruzisini verdi. Cümə axşamı (Xəmis) dənizləri yaratdı, cümə (Cimə) günü Həzrəti Adəmi və Həvvanı xəlq etdi. Şənbədə isə (Səbt) cənnət və cəhənnəmi vücuda gətirdi.

Dini mənbələrdə göstərilir ki, "7" rəqəminin xüsusiləşdirilməsi məsələsi Allah-təalanın yaradılışı və buyruqları ilə əlaqədardır. Deyilənlərə görə, Allah 7 səma, 7 yer və 7 gün xəlq etmişdir və insanın yaradılışı 7 mərhələdə tamamlanır. "Göyün 7-ci qatı" ifadəsi var. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında, eləcə də bütövlükdə "Xəmsə"sində peyğəmbərin tərifi bölümündə Məhəmməd peyğəmbərin (s.ə.s.) göyün yeddinci qatına qalxması barədə nət var. Dahi Nizaminin müdrikcəsinə söylədiyi bir fikir qürurumuzu artırır. Məhəmməd peyğəmbər (ə.s.) göyün yeddinci qatına qalxmış ilk insan oğlu, bəşər övladıdır.

Allah-təala buyurur ki, Kəbənin ətrafında 7 dəfə təvaf (fırlanmaq) gərəkdir. Səfa və Mərva dağları arasında 7 dəfə səy etməli (iki hədəf arasında qaçma), 7 kiçik daşı səmərəyə atmaq lazımdır. Hətta bayram namazının birinci rikətində təkbirlərin sayı yeddidir. Peyğəmbərimiz (s.ə.s.) buyurub: "Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin".

Maraqlıdır ki, mənəvi müdrikliyin rəqəmi, notların sayı 7-dir. Hətta katoliklərə 7 sakrament əsasdır. Yəhudilərdə - müqəddəs Şamda 7 şamlıq var. Yunan sivilizasiyasında 7 ağıllı adam göstərilir. Mifologiyada 7 tanrı əsas sayılıb. Hətta Misirdə Günəş tanrısının 7 ruhlu olduğu bildirilir. Tibetdə 7 Budda, Çində müqəddəs 7 element var. Afrikalıların Kvanza bayramı 7 simvolludur. İstanbul, Roma, Rio 7 təpə üzərində yerləşir. Yaponlar üçün ən uğurlu rəqəm "7" sayılır.

Hədislərin birində deyilir ki, hər kəs səhər yeməyində 7 xurma yesə, həmin gün o, nə zəhərlənər, nə də ona göz dəyər. Əlbəttə, "7"-nin başqa rəqəmlərdən fərqli, xüsusi özəllikləri həddən artıq çoxdur, saymaqla bitmir. Bu rəqəmi müqəddəsləşdirməkdə Allah-təala öz hikmətini, qanunlarını və hökmünü əsas götürüb. Dünyamız 7 günə xəlq olunub. İnsanın yaradılışı 7 mərhələdə tamamlanıb. Biz sadəcə, eşidib bildiklərimizi, öyrəndiklərimizi yazıya aldıq. Əlbəttə, hər bir rəqəmin insan həyatında öz yeri, öz əlamətdarlığı və möhürü var! Həftənizin 7 günü də uğurlu gəlsin!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!