Meyvəsinin dadından doymadığımız ağacların tingini, qoxusunu və rəngini sevdiyimiz güllərin kolunu həvəslə bazardan alıb, sevinə-sevinə evə gətirib həyətimizdə əkirik. Günlər keçdikcə intizar içində boyuna sığal-tumar çəkə-çəkə basdırdığımız gülün, ağacın bu gün-sabah torpaqdan güc alıb bitəcəyini, könlümüzü açacağını gözləyirik.
Ümid edirik ki, əkdiyimiz ağaclar, güllər torpaqdan baş qaldırıb bitəndən sonra həyət-bacanı xeyli yaşıllaşdıracaq. Yaşıllaşdıqca da ətrafı gözəlliyə bürüyəcək. Bu yaşıllıq, bu gözəllik ruhumuzu oxşayacaq, gələnlərə, görənlərə zövq verəcək.
Amma bəzən də necə olursa, əkdiyimiz ağaclara, güllərə nə qədər qulluq etsək də, sanki iş tərsə düşür. Necə deyərlər, daş qayaya rast gəlir. Nə ağaclar bitir, nə də gül kolları cana gəlir. Bol-bol su versək də, dibinə meşə torpağı töksək də, xeyri olmur, əkdiklərimiz bitmir ki, bitmir. Yer üzünün hər addımını, hər qarışını yaşıllığa bürüyən təbiət şıltaqlıq edir, sanki bizi sınağa çəkir, əziyyətə salır. Günlərin birində gözləməyin son həddinə çatıb, hirsimizin cilovunu çəkə bilmirik. Əsəbi halda bitməyən gülləri də, ağacları da kökündən çıxarıb çöplüyə atırıq. Guya ki, ürəyimiz bir az soyuyur. Amma nə qədər əsəbləşsək də, bezsək də, həvəsdən düşmürük. Neyləyək, axı insan oğlu, Allah bəndəsi olan bizlər gözəllik aşiqiyik, təbiət vurğunuyuq. Gedib bazardan yenilərini alırıq. Axır ki, min bir əziyyətdən sonra istəyimizə çatırıq. Həyət-bacamızı yaşıllaşdırıb abad görkəmə salırıq. Yaşıllığa, gül-çiçəyə bürünən həyətimizin gözəl görkəmi yavaş-yavaş ruhumuza sakitlik ələyir, ovqatımıza ovqat qata-qata bizi yaşamağa, ömür yolumuzu davam etdirməyə həvəsləndirir.
Təbiət vurğunu olduğumuza görə, onun qoynuna seyrə çıxanda gözümüzü gözəl-gözəl güllərdən, boylu-buxunlu, irili-xırdalı ağaclardan çəkmirik. Gəzdiyimiz yerlərdə qeyri-adi mənzərələr görəndə isə heyran qalırıq. Minlərlə, milyonlarla gözəlliklər də bir-birinə bənzəmir. Anamız təbiət təkrarı sevmir. Buna görə də heç nəyi təkrarlamır, bənzərsizliyi ilə bizi heyran edir, zövqümüzü oxşayır. Bəzən görürük ki, torpağın lap az olduğu daşların arasında, qayaların üstündə güllər açıb, ağaclar bitib. Hansı ki nə o güllərə, nə də o ağaclara kimsə su vermir, qayğısına qalmır. Təbiətin möcüzəsi, gücü, qüdrəti də bax, budur. Həyətimizdə, suyun bol yerində yumşaq torpaqda gülləri, ağacları çətin bitiririk. Hər şeydən güclü olan təbiət isə daşların, qayaların arasına küləyin sovurub gətirdiyi bir ovuc torpaqda möcüzələr yaradır. Güllər, çiçəklər bitirir, ağaclara qol-qanad verib boylarını səmalara qaldırır. Onun yaratdığı belə gözəl, qeyri-adi mənzərələrə heyran qalmamaq olmur. Ruhumuzu oxşayan bu gözəllikləri, bənzərsizlikləri görəndən sonra təbiətin gücünə, qüdrətinə "əhsən" deyirik.
Bu günlərdə yenə də təbiətin yaratdığı qəribə bir mənzərənin şahidi olduq. Həyət evində yaşayan yaxın qohumumuzgilə getmişdik. Onun yaşıllığa bürünmüş həyətindəki ağaclar, güllər insana zövq verir, könülləri oxşayır. Qohumumuz həyətinin bir küncündə balaca bostan yeri də düzəltmişdi. Bizdən xahiş etdi ki, ora da baxaq, qiymət verək. Bostana baxanda burada gördüyümüz qeyri-adi bir mənzərə bizi o ki var təəccübləndirdi. Bu mənzərəyə möcüzə də, təbiət hadisəsi də demək olardı.
Hasarın yaxınlığında basdırılmış balaca diametrli borudakı xırdaca deşikdən dünyaya bir əncir ağacı, bir də şahtərə adlanan bitki boylanırdı. Qəribə olduğu qədər də heyranedici və düşündürücü mənzərə idi. Bir anlıq ayaq saxlayıb gördüyümüz bu qeyri-adi mənzərəyə tamaşa etdik. Suyun "əlinin" çatmadığı darısqal borunun içində bu ağacla bitki necə bitmişdi, necə inkişaf etmişdi? Məlumdur ki, yayda günəş qızanda dəmirdən olan boru da isinir. Əlini vuranda barmaqların yanır, ondan od töküldüyünü hiss edirsən. Amma bu istiyə, bu od-alova baxmayan ağacla bitki qurumayıb, hərdən Yer üzünə səpələnən yağışın suyundan qidalana-qidalana inkişaf etmişdi. Budur, payızın bu ilıq günlərində ikisinin də yarpaqları yamyaşıldır. Heç deyəsən yarpaqların saralmaq fikri də yoxdur. Bir-birilərinə o qədər isinişiblər ki, sanki soyuqların yaxınlaşdığını hiss etmirlər.
Deməli, illər uzunu əsən külək torpağı göy üzünə qaldırıb sovura-sovura bu xırdaca deşilmiş yerdən borunun içinə doldurub. Torpaqla bərabər, külək sanki buraya toxumlar da səpib. Borunun içinə yığılan torpağın üstünə balaca deşiklərdən yağış damcıları düşəndən sonra toxumlar cana gələrək bu xırdaca "pəncərədən" Yer üzünə boylanıb. Qəribə o idi ki, borudakı kiçik deşik nə bitkiyə, nə də əncir ağacına darısqallıq etmirdi. İkisi də mehribancasına yanaşı dayanaraq yağışdan, torpaqdan güc ala-ala inkişaflarından qalmırdılar. Sevinə-sevinə sonsuz səmaya doğru boy atırdılar, sanki buludlara əl uzatmaq istəyirlər.
Təbiətin bu qeyri-adi hadisəsi, möcüzəsi bizi xeyli düşündürdü. Bu düşüncələrin əlindən tutub fikirləşirik ki, axı necə olur, bəzən həyətimizdə bir ağacı, bir gül kolunu bitirmək üçün nə qədər əziyyətlərə qatlaşırıq. Amma təbiət heç bir "əziyyət" çəkmədən daşların, qayaların arasında, indi isə gördüyümüz kimi, dar diametrli dəmir borunun içində də şahtərə bitirir, əncir ağacına can verir. Deməli, tükənməz gücü olan anamız təbiət hər şeyə qadirdir, başdan- ayağa qeyri-adi hadisələrlə, heyranedici möcüzələrlə doludur. Hələ deyəsən, möcüzələrini tez-tez insanlara göstərməkdən də xoşu gəlir. Elə buna görə də biz təbiəti sevir və möcüzələrinə heyran qala-qala onu qorumağa çalışırıq, tez-tez gözəlliyinin seyrinə çıxırıq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"