"...Balam dil açanda ilk sözü "dönməz geri" oldu. Hüseynimin uşaqlıq illəri Birinci Qarabağ savaşına düşmüşdü. O zaman uşaq da, böyük də "Əsgər marşı"nı oxuyardı. Televizorda, radioda daha çox bu marş səslənirdi. Atalar misalı var: "Aşıq gördüyünü çağırar". Hüseyn də körpəlikdən vətəninə aşiq olmuşdu...
Çox duyğusal, ürəyi yumşaq idi...
Gözəl şeir yazmağı var idi...
Körpə olanda atası rəhmətə getmişdi, korluq içində böyümüşdü. Tək qadın idim. Birini tapanda, birini tapa bilmirdim. Dörd uşaq böyütmüşəm. Əyinlərini geyindirəndə qarınları ac qalırdı. Qarınlarını doyuranda əyinlərini geyindirə bilmirdim...
Belə böyümüşdü Hüseynim. Hərbidə işə düzəlməmişdən əvvəl ofisiant işləyirdi. Qazancı az idi. Hərbiyə işə girəndə mənə dedi ki, bizim yolumuzda çox çətinlik çəkmisən, səni xanımlar kimi yaşadacağam...
Əsgər olmasına razı deyildim. Məni məcbur razı saldı. Deyirdi ki, mənim iki anam var. Vətənim də anamdır. Biri düşmən işğalı altında inildəyir, biri imkansızlıqdan əziyyət çəkir. Hərbidə olub hər ikinizi sıxıntıdan xilas edəcəyəm".
Dərdli ananın gözləri məchul bir nöqtəyə zillənir. Susur...
Qəfildən ah çəkib əlini dizlərinə vurur: "Kaş ki, mən öləydim, balam yaşayaydı..."
Hüseynin səliqə ilə düzülmüş əşyalarını, otağın baş tərəfindəki böyük portreti göstərib deyir: "O cansız şəkli nə qədər qucaqlamaq olar? Bir Hüseynim deyəndə, min "can" deyərdi balam. Gözümdən yaş axanda gözümün yaşını dili ilə qurudardı, balam. Hamı danışır, hamı gülür, Hüseynim susur. O, belə susqun bala deyildi axı..."
Ana fəryad qoparır... Göz yaşlarında boğulur. Dərdli ana birdən bayılır. Övladları Zaur, Bahar, Ülviyyə həyəcanla anaları Zenfira xanıma yardım edirlər...
Özünə gələn ana "Yaşamaq istəmirəm. Elə bilirəm ki, Hüseynsiz yaşadığım hər gün mənə haramdır" deyir.
...Söhbət 2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına həlak olmuş şəhid Mustafayev Hüseyn Əli oğlundan gedir. Hüseynin şəhid olduğu sentyabr günündə əzizləri onun doğulduğu doğma ocaqda toplaşmışdılar. Birlikdə Hüseynli günləri xatırlayırıq.
Hüseyn Mustafayev 1989-cu il fevralın 7-də Ucar rayonunda anadan olub. Şəhərdəki 6 saylı orta məktəbi bitirib. 2005-ci ildə hərbi xidmətə çağrılıb.
Naxçıvanda xidmət edən Hüseyn 2008-ci ildə hərbi xidməti başa vurub doğma rayona qayıdaraq ofisiant işləyib...
Böyük bacısı Bahar söhbətə qoşulur: "Rayon yerində iş tapmaq çətindir. Gördü ki, ofisiantlıqla dolana bilmir. Ofisiantın nə qazancı var ki? Sevdiyi qız da var idi. Başa düşürdü ki, aldığı pulla ailə dolandırıb, ev-eşik sahibi ola bilməyəcək. Bu da ona bir dərd olmuşdu. Əslində, qardaşım çox şən, nikbin adam idi. Hamı onu rayonda bədii qiraət ustası kimi tanıyırdı.Toylarda şeir deyirdi..."
Anası Zenfira xanım yana-yana dillənir: "Balam şeir oxumurdu, şeir yazmırdı, öz taleyini yazırdı. Sən demə, qismətinə şəhidlik düşübmüş oğlumun. Onu da son şeirində yazıb getdi".
2015-ci ildə Hüseyn Müdafiə Nazirliyində MAXE kimi fəaliyyətə başlayır. Yaxsı xidmət etdiyi üçün gizirlik kursuna göndəriblər. Sonra bir neçə rayonda - Xızıda, Mingəçevirdə, Ağstafada Tovuzda, Kəlbəcərdə düz 9 il qüsursuz xidmət edib. Son iş yeri "Komando" bölüyü olub. 2023-cü il sentyabrın 19-da qardaşım Ağdərə rayonunun Çələkdar kəndi istiqamətində gedən döyüslər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Sentyabrın 21-də Ucar rayonunda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sora Prezident İlham Əliyev onu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edib.
Bacısı deyir ki, Hüseyn çox gözəl qardaş idi. Adama ürəkdən can yandırardı. Aldığı maaşını elə bizim uşaqlara xərcləyirdi. Elə insan idi ki, sanki Allah onu yaxşılıq etmək üçün yaratmışdı. Qazandığı puldan qıyıb özünə bir şey almazdı. Anamın, uşaqların geyiminə-keciminə verərdi...
Qardaşı Zaur əlavə edir:
- Hüseyn həmişə öz davranışı, hərəkətləri, mehribanlığı ilə seçilirdi. Çox mərd, qorxmaz, cəsarətli, igid bir oğlan idi. Öz xasiyyətinə uyğun da çoxsaylı dostları var idi. Boş vaxtlarını onlarla birgə keçirərdi. Uşaqlıqdan arzusu hərbçi olmaq idi. Anam qoymurdu. Dolanışığı bəhanə edib, nəhayət ki, xidmətə yollandı. 44 günlük Vətən müharibəsində Tovuzda xidmət edirdi. Dəfələrlə raport yazıb ön cəbhəyə getmək istədiyini bildirmişdi. Elə hey gileylənirdi ki, "belə iş olar, hərbçi olasan, müharibə gedə, sən canlı döyüşə girməyəsən. Şəhidlərimizin ruhundan utanıram". Bizi gözüyaşlı qoysa da, arzusuna çatdı. Vətəninə, torpağına olan sevgisi onu şəhidlik zirvəsinə yüksəltdi...
Bacısı qızı Aylin şəhid dayısı Hüseyn Mustafayevin ömrü kimi yarımçıq qalmış "Əsgər gündəliyi"ni qarşımıza qoyur. Gündəliyi vərəqləyirik. Hüseynin hissləri, düşüncələri sanki dil açıb danışır. Son şeirinin sonuncu bəndi hamımızı kövrəldir:
Sənin gözlərinə baxa bilmədim,
Həsrət sevgimiz üçün qarşılıq imiş.
Qapılar bağlandı çıxa bilmədim,
Növbəti dayanacaq ayrılıq imiş...
Elşən QƏNİYEV,
"Azərbaycan"