Media azadlığından sui-istifadə edənlərin təxribatları ifşa olunur
"Çox təəssüflər olsun ki, bəzi hallarda Azərbaycandakı media azadlığından milli maraqlara qarşı sui-istifadə hallarına rast gəlirik. Jurnalist ilk növbədə peşə etikasına riayət etməli, milli maraqlara xidmət göstərməli və yad ünsürlərdən kənar durmalıdır. Hər bir media nümayəndəsi öz fəaliyyətində xalqın, dövlətin təəssübünü çəkməlidir, onun maraqlarına xidmət göstərməlidir".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O qeyd edib ki, ölkədəki media, söz azadlığından istifadə edən bəzi şəxslər zaman-zaman xarici ölkələrin təsiri altına düşür, onların yalan vədlərinə, maddi maraqlarına aldanırlar. "Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən sonra bizi sevməyən ölkələr aktivləşib, onlar hər vəchlə ölkədəki sabitliyi pozmağa çalışırlar. Cəbhədə müharibə bitsə də, informasiya müharibəsi davam edir", - deyən baş redaktor bildirib ki, bu müharibədə də aparıcı qüvvə heç şübhəsiz media nümayəndələridir: "Bu baxımdan jurnalistlərimiz çox diqqətli olmalı və ölkənin milli maraqlarını hər şeydən üstün tutmalıdırlar. Prezident İlham Əliyev jurnalistlərlə görüşündə bu haqda demişdir: Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Düşünürəm ki, bu sözlər hər bir azərbaycanlı jurnalist üçün yol xəritəsi olmalıdır. Bir çox hallarda media haqda danışarkən, biz onun birinci funksiyasını cəmiyyəti informasiya ilə təmin etmək kimi görürük. Ancaq burada çox incə məqamlar var, jurnalist informasiya ilə dövlət sirrini, hərbi sirri ayırd etməyi bacarmalıdır".
H.Heydərli onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti digər ölkələrin maraqlarına xidmət edən şəxsləri çox yaxşı ayırd edə bilir və onlara sərt münasibətini göstərir: "Bu adamların heç bir sosial dəstəyi mövcud deyil, onlar sadəcə Qərb dairələrinin sifarişlərini həyata keçirir və düşmən mövqeyindən çıxış edirlər. Tam əminliklə deyə bilərik ki, Azərbaycan mediası və cəmiyyəti Qərbdəki mərkəzlər tərəfindən həyata keçirilən anti-Azərbaycan kampaniyasına lazımi şəkildə cavab verir. Bu isə həm də o deməkdir ki, Azərbaycan mediası artıq dövlətimizin maraqlarını həm daxildə, həm də xaricdə müdafiə etmək, qorumaq gücünə malikdir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"