20 Fevral 2026 08:40
305
Mədəniyyət
A- A+
Yaddaşın məhkəməsi: yarımçıq ömürlərin hekayəti

Yaddaşın məhkəməsi: yarımçıq ömürlərin hekayəti


I Türkoloji Qurultay XX əsrdə türk xalqlarının elmi və mədəni inkişafında mühüm dönüş nöqtəsi kimi tarixə düşmüşdür. Bu qurultay təkcə dilçilik tədbiri deyil, türk dünyasının elmi düşüncəsinin koordinasiyasını, mədəni inteqrasiyasını və modernləşmə istiqamətini müəyyən edən genişmiqyaslı platforma olmuşdur. Sovet hakimiyyətinin ilk illərində Bakıda belə bir qurultayın keçirilməsi və türk xalqlarının dili, əlifbası məsələlərinin geniş müzakirəsi, bir sıra mühüm qərarların qəbulu ilk baxışda paradoksal görünə bilərdi. Lakin bu addım sovetlərin həmin dövrdə apardığı məqsədli siyasətlə bağlı idi. Sovet rəhbərliyi qeyri-rus xalqları arasında legitimlik qazanmaq, yeni dünyəvi və sovetləşmiş intellektual elita formalaşdırmaq, həmçinin savadlılıq kampaniyasını sürətləndirmək niyyətini güdürdü. Əlifba islahatı və kütləvi savadlılıq bu baxımdan ideoloji yox, dövlət texnologiyası kimi qiymətləndirilirdi.

Qurultayda ilk dəfə olaraq türk dilləri ayrı-ayrı lokal problemlər kimi deyil, bir-biri ilə əlaqəli vahid sistem kimi qiymətləndirilmişdir. Bu yanaşma türk xalqları arasında elmi yaxınlaşmanı gücləndirmişdir. Latın qrafikasına keçid məsələsinin elmi əsaslarla gündəmə gətirilməsinin də türk dünyasının sonrakı inteqrasiyasına mühüm təsiri olmuşdur. Bu addım müxtəlif türk xalqları arasında yazı fərqlərini azaltmış, elmi və mədəni ünsiyyəti asanlaşdırmışdır. Bir sıra türk respublikalarında latın əsaslı əlifbaların tətbiqi ortaq kommunikasiya imkanlarını genişləndirmişdir.

Bu möhtəşəm tədbir eyni zamanda türkologiya elminin institusionallaşmasına təkan vermişdir. Müxtəlif regionlardan olan alimlərin Bakıda bir araya gəlməsi elmi şəbəkələşməni gücləndirmiş, ortaq tədqiqat mövzuları və metodoloji yanaşmalar formalaşdırmışdır. Proses türk xalqlarının tarixinin, mədəniyyətinin və dilinin paralel şəkildə öyrənilməsinə şərait yaratmış, parçalanmış elmi yanaşmalar yerini sistemli baxışlara vermişdir. Bir sözlə, Bakıda, İsmailiyyə binasında keçirilən I Türkoloji Qurultay türk xalqlarının həyatında unikal bir hadisə idi. Lakin neçə illərdən sonra görünməz əlin Azərbaycana qarşı işə saldığı kütləvi repressiya maşını bu sahədə də öz işini görmüşdü, insanların həyatı acı nəticələrlə bitmişdi. Qurultayın nümayəndələri, milli elitanın say-seçmə ziyalıları kütləvi şəkildə məhv edilmişdir. 1926-cı ildə başlamış tədbirin sonluğu 1937-ci ildə NKVD zirzəmilərində tamamlanmışdır.

Xalq yazıçısı Anar "Fərəh. Ümid. Faciə" məqaləsində yazırdı: "…İştirakçılar qurultayı  böyük FƏRƏH hissiylə keçiriblər. Mübahisə də ediblər, bir-birləriylə razılaşmayıblar da, amma bütün çıxışlarda türk xalqlarının misilsiz mənəvi və mədəni intibahına böyük ÜMİD səslənir. Və qurultaydan sonra keçən müsibətli illəri, həm ayrı-ayrı qurultay iştirakçılarının, həm də bütün türk xalqlarının başına gələn bəlaları yada salanda FACİƏ sözü meydana çıxır". Bu insanlar  türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin yaşadılmasına misilsiz töhfələr vermiş, dilçilik, latın qrafikasına keçid, terminologiya, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, metodika sahələrində problemlərin həllinə və inkişaf yollarına işıq salan baxışlar sisteminin əməli-nəzəri prinsiplərini işləyib hazırlamışdılar, genişmiqyaslı yaradıcılıq fəaliyyəti göstərmişdilər. "Vaxtında dünyasını dəyişmiş Səmədağa Ağamalıoğlundan başqa Azərbaycan nümayəndələrinin hamısı təkrar edirəm, istisnasız HAMISI 37-ci ilin Stalin repressiyalarının qurbanı olublar. Güllələnən güllələnib, sürgün edilən sürgün edilib, hər halda heç biri qayıtmayıb". Ağazadə Fərhad, Axundov Ruhulla, Qubaydulun Qaziz (Bakıda işləyən tatar alimi), Cəbiyev Həbib, Zeynallı Hənəfi, Zifelt Simumyagi (Bakıda işləyən eston ədəbiyyatçı), Qasımov Pənah, Quliyev Mustafa, Məmmədzadə Cabbar, Məmmədzadə Cəmil, Musabəyov Qəzənfər, Pepinov Əhməd Cövdət, Sultanova Ayna, Sultanov Həmid, Xocayev Xalid Səyid, Çobanzadə Bəkir, Əfəndiyev Sultan Məcid… 


Əvəzsiz xidmət və son aqibət


I Türkoloji Qurultaya katiblik edən 5 nəfərdən biri Ayna Sultanova olub. O, bu möhtəşəm tədbirdə iştirak edən yeganə azərbaycanlı qadın idi. Ayna Mahmud qızı 1895-ci ildə Şabran rayonunun Pirəbədil kəndində doğulub. 1912-ci ildə Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən "Müqəddəs Nina" gimnaziyasını bitirib. 

1918-ci ildə ailə həyatı qurub, bolşevik partiyasının sıralarına daxil olub. Bir müddət sonra Həştərxana gedib. Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri vəzifəsində çalışıb. A.Sultanova 1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına kommunist universitetində oxumağa göndərilib.

Milli Hökumət süqut etdikdən, 1920-ci ilin 28 aprel işğalından sonra Azərbaycana qayıdan A.Sultanova Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışıb. O, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin orqanı olan "Şərq qadını" jurnalının da ilk redaktoru olmuşdur.

Ayna Sultanova Həmid Sultanovun həyat yoldaşı, Qəzənfər Musabəyovun bacısı idi. Sağlığında "Lenin partiyasının sədaqətli qızı" adlandırılsa da, sonradan xidmət etdiyi rejim onu repressiya qurbanı etdi. Tədqiqatçılar yazırlar ki, Ayna Sultanova bolşevik partiyasının ilk üzvü olan azərbaycanlı qadın idi. O, "Kommunist", "Pravda", "Bakinski raboçi", "Zarya Vostoka" və başqa qəzetlərdə məqalələrlə çıxış edərək sovet hökumətinin təbliğatçısı olub.

Professor Cəlal Qasımov araşdırmalarında qeyd edir ki, Azərbaycan Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən 29 avqust 1937-ci ildə Ayna Sultanovanın həbsi və evində axtarış aparılması barədə 1209 saylı order imzalanır: "Nədənsə bu müddətdə o, həbs edilmir. Ayna Sultanova 1937-ci ildə Azərbaycandakı özbaşınalıqlara son qoymaq və həyat yoldaşı Həmid Sultanovun azadlığa buraxılması üçün İ.V.Stalinlə görüşmək məqsədilə Moskvaya gedir. 11 oktyabr 1937-ci ildə C.Bağırov Ayna xanımın həbs olunması və xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilməsi sifarişini verir. 19 oktyabrda Ayna Sultanova həbs edilir".

Oktyabrın 21-də NKVD-nin Baş Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı Bermanın imzaladığı orderlə məhkumun evində axtarış aparılır. Axtarış zamanı ondan 044804 ¹-li həmkarlar bileti, məxfi yazılar, şəxsi və xidməti sənədlər, fotoşəkillər götürülür. 1 noyabr 1937-ci ildə A.Sultanova Butur türməsinin rəisinə verilən göstərişə əsasən xüsusi kanvoyla, xüsusi vaqonda, tək adamlıq kamerada Moskvadan Bakıya göndərilir. Bu qatar ölüm qatarı idi.

Repressiyalar, işgəncələr bir çox tanınmış simaların, o cümlədən Ayna Sultanovanın da ömrünə son qoyur. İstintaq materiallarında bu xanımı əks-inqilabi millətçi təşkilatın üzvü olmaqda, burjua-millətçi təşkilatın işində iştirak etməkdə, ziyankarlıqda, Azərbaycan MK katibinə terror hazırlayan qrupa rəhbərlikdə ittiham edirlər.

Dindirməni erməni millətindən olan müstəntiq B.Martirosyan aparır. Bütün dindirmələr nəticəsiz qalır. Ayna Sultanova mənəvi, fiziki, psixoloji işgəncələrə dözərək özünün müqəssir olmadığını israrla bildirir. 2 dekabr 1937-ci il, 15 yanvar 1938-ci il, eləcə də 28 yanvar 1938-ci il tarixlərində verdiyi ifadələrində də o, əks-inqilabi təşkilatın üzvü olmadığını söyləyir.

Nəhayət, 2 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hazırlıq iclasında qərara alınır ki, Ayna Mahmud qızı Sultanovanın cinayət işinə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qapalı məhkəmə iclasında baxılsın. 3 iyul 1938-ci ildə Matuleviç, Kolpakov, Kulik və Kazlovun iştirakı ilə Ayna Sultanovanın məhkəməsi baş tutur. İstintaq dövründə olduğu kimi, 55 dəqiqəlik məhkəmədə də Ayna Sultanova özünü müqəssir hesab etmir. Bütün bunlara baxmayaraq, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə A.Sultanova xalq düşməni elan edilir və güllələnır.


Xüsusi orqanların izlədiyi adam


Tarixi qurultayın ən fəal iştirakçılarından biri də Salman Mümtaz olmuşdur. O, türk xalqlarının mədəni birliyi ideyasını dəstəkləmişdir. S.Mümtaz zəmanəsinin parlaq şairlərindən olduğu qədər də, görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf, Orta əsr əlyazmalarının kolleksiyaçısı kimi tanınırdı. Bu böyük alim də repressiya qurbanlarından idi. Xüsusi orqanlar tərəfindən daim izlənirdi.

Salman Mümtaz 1884-cü ildə Şəki şəhərində dünyaya gəlmişdi. Uzun illər ailələri Aşqabadda yaşamış, orta təhsilini bu şəhərdə almışdı. Fars, ərəb, urdu dillərini mükəmməl öyrənmişdi. Məktəb illərində rus dilinə də eyni mükəmməlliklə yiyələnmişdi.

1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması Salman Mümtazın həyatında çox böyük dəyişiklik yaradır. O, jurnalda məqalələrlə çıxış etməyə başlayır. Tiflisdə Cəlil Məmmədquluzadənin Ömər Faiq Nemanzadə ilə birgə yaratdığı "Qeyrət" mətbəəsində 1913-cü ildə onun ilk kitabı nəşr olunur. Kitab "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" adlanırdı. 

1918-ci ildə gənc yazar ailəsi ilə birlikdə Bakıya köçür. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yeni qurulmuş, cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzeti də yenicə nəşrə başlamışdı. Salman Mümtaz "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edir, jurnalistlik fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin əlyazmaları ilə ciddi şəkildə maraqlanır və onları toplamağa başlayır. 

1920-1925-ci illərdə Salman Mümtaz Azərbaycan ədəbiyyatı və incəsənəti ilə bağlı 200-dən çox kitab, məqalə və əlyazma toplamışdı. O, əldə etdiyi qiymətli xəzinənin incilərini o vaxt yeni nəşrə başlamış "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" rubrikası altında məqalələrlə təqdim edirdi. Bu fəaliyyəti ilə Salman Mümtaz Azərbaycan ədəbiyyatına dair 15, xalq ədəbiyyatına aid 2 əsəri, eləcə də Məhəmməd Füzulinin üç cilddə əsərlərini, "250 şair" toplusunu, "Xətai" divanı və digər əsərlərini oxuculara təqdim etmişdi. 1925-1926-cı illərdə İmadəddin Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh də daxil olmaqla, 24 şairin ilk toplu nəşrinin təqdim olunması məhz Salman Mümtazın fədakar əməyinin nəticəsidir. 

Onun nəşrə hazırladığı "Qövsi Təbrizi" (1925), "Qasım bəy Zakir" (1925, 1936), "Molla Pənah Vaqif" (1925, 1937), "Nəsimi" (1926), "Mirzə Şəfi Vazeh" (1926), "Vidadi" (1936) və sair adlı kitablar bu şairlər barədə nəşr edilmiş ilk külliyyatlar idi. 

Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın iştirakçılarından idi. O, qurultayda "Nəsimi" adlı yeni kitabını təqdim edir. Bu mötəbər tədbir ona akademik Fuad Köprülüzadə, "Füyuzat" jurnalının yaradıcısı Əli bəy Hüseynzadə, tatar ədəbiyyatçısı Əziz Qubaydullin, tanınmış şərqşünaslar Vasili Bartold, Sergey Oldenburq və başqa ziyalılarla tanışlıq, ünsiyyət imkanı yaradır. Salman Mümtaz topladığı əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə" adlandırdığı şəxsi kitabxanasında qoruyurdu, Bartoldla Oldenburq qurultayda iştirak edərkən onun şəxsi kitabxanası ilə də tanış olur, buradakı əlyazmaların zənginliyinə və elmi tərtibatına heyranlıqlarını gizlədə bilmirlər. Onun kitabxanasının əsas üstünlüyü onda idi ki, buradakı əlyazmaların əksəriyyəti türk dilində idi.

Salman Mümtaz I Türkoloji Qurultayda nadir tarixi mənbələr və ədəbi materiallar əsasında çıxışlar edərək türk dünyasının elmi elitasının diqqətini çəkmişdir. Hətta Türkiyədən gəlmiş görkəmli alim Əli bəy Hüseynzadə onun bu çıxışlarını və elmi hazırlığını yüksək qiymətləndirmişdir. Mümtaz qurultayın Rəyasət Heyətinin üzvlərindən biri olmuş və tədbirin keçirilməsi üçün yaradılan alt komissiyalarda (orfoqrafiya və terminologiya məsələləri üzrə) fəal çalışmışdır. O, çıxışlarında klassik Azərbaycan şairlərinin (Xətai, Füzuli və b.) yaradıcılığının ümumi türk kontekstində öyrənilməsinin vacibliyini vurğulamışdır. Bir sözlə, Salman Mümtaz bu tarixi tədbirdə Azərbaycan ədəbiyyatı və klassik irsin öyrənilməsi üzrə görkəmli mütəxəssis kimi iştirak etmişdir.

Qurultaydakı bu fəallığı və xüsusilə xarici türkoloqlarla (məsələn, Fuad Köprülü ilə) qurduğu sıx əlaqələr sonradan repressiya illərində ona qarşı "pantürkizm" ittihamı irəli sürülməsinə səbəb olmuşdur. 

1937-ci ilin repressiya burulğanı belə bir ziyalının da taleyini qaraldır. Həmin ilin iyununda "ideoloji səhvlər" bəhanəsi ilə onu Azərbaycan Yazıçılar Birliyindən çıxarırlar. Salman Mümtaz tezliklə bütün digər vəzifələrindən də azad edilir. 8 oktyabr 1937-ci ildə isə Bakıdakı evində həbs olunur. 

Ona qarşı müxtəlif ittihamlar irəli sürürlər. Həmin dövrdə Salman Mümtaz "Azərbaycanın milliyyətçilik dastanı" kimi göstərilən "Koroğlu" üzərində işləyirdi. Bir qədər əvvəl isə Mahmud Kaşğarinin "Divanı"nın nəşrə hazırlanmasında fəal iştirak etmişdi. Ona qarşı əsas ittihamlar əks-inqilabi millətçi mövqedə dayanması, pantürkist fikirləri ilə bağlı idi. Salman Mümtaz bu iddiaları rədd etsə də, qırmızı terroru həyata keçirən cəlladlar ondan əl çəkmədilər. Azərbaycanın görkəmli ziyalısına Sinman, Qalstyan, Avanesyan və Borşev tərəfindən 3 ay dəhşətli işgəncələr verildi. 7 dekabr 1937-ci ildə Qalstyan Salman Mümtazın işi üzrə istintaqı bitirir. Dekabrın 8-də  Avanesyan onun ittiham aktını təqdim edir. Bu ittihamda qeyd olunur ki, Salman Məmmədəmin oğlu Əsgərov Azərbaycan əks-inqilabi burjua təşkilatının üzvüdür. O, Azərbaycan Sovet Respublikasını SSRİ-dən ayırmağa çalışan və 1936-cı ildə Elmlər Akademiyasında əsası qoyulan əks-inqilabçı pantürkist mərkəzinin fəal üzvüdür. S.Mümtaz Azərbaycan SSR Cinayət Məcəlləsinin 69, 70, 72, 73-cü maddələri ilə təqsirli bilinir. 

Bir faktı qeyd edək ki, 1926-cı ildə keçirilən I Türkoloji Qurultayın vahid türk əlifbası və imlası barəsindəki qərarlarını, həmçinin yaranmaqda olan türk mənəvi birliyini aradan götürmək məqsədilə qurultayın demək olar ki, bütün iştirakçıları "pantürkist", "millətçi", "əks-inqilabçı" elan edildi, repressiyaya məruz qalaraq qətlə yetirildi. Türk adı qadağan edildi. Tarixin tam öyrənilməməsi üçün qədim türk əlyazmaları və ərəb əlifbasında qələmə alınmış bütün kitablar yandırıldı. Salman Mümtaz və onun kitabxanası da bu siyasətin qurbanı oldu. 1937-ci ilin oktyabrında Salman Mümtaz NKVD əməkdaşları tərəfindən həbs edilərkən onun iki böyük maşına yüklənmiş əlyazmalarının hamısı müsadirə edildi.

Hərbi kollegiyanın cəmi 30 dəqiqə çəkən iclasında ömrü ilə əsrlərə işıq salan ziyalı 10 il azadlıqdan, 5 il bütün siyasi hüquqlarından məhrum edildi. Məhkəmə onun bütün əmlakının müsadirə olunmasına qərar çıxardı. O, 24 fevral 1938-ci ildə Sol-İletsk həbsxanasına, daha sonra Oryol şəhərinə cəza çəkmək üçün göndərildi. 

"Qırmızı terror"un ən böyük zərbəsi Salman Mümtazın illərin əziyyəti hesabına topladığı xəzinəyə dəydi. Bəzi mənbələrə görə, onun həbsindən sonra kitabxanasındakı 270 əlyazma məhv edildi. 

Bu, Azərbaycanın ziyalı elitasının soyqırımı idi.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz

19:57
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

Turistləri daşıyan avtomobil Baykal gölündə buzun altına düşüb

17:03
20 Fevral

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

17:01
20 Fevral

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib  

16:59
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində birinci panel müzakirə keçirilib  

16:58
20 Fevral

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir 

16:57
20 Fevral

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

16:41
20 Fevral

Deputat: Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin yeni geosiyasi reallıqlar yaratmaq qüdrətinin təsdiqidir  

16:41
20 Fevral

Media: Ukrayna Avropa İttifaqına üzvlük üçün ərazi güzəştlərinə gedə bilər  

16:31
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib 

16:23
20 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Şəmkirdə dəfn edilib

16:12
20 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

16:12
20 Fevral

Qazaxıstanda TDT ölkələri iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib  

16:09
20 Fevral

Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb  

16:01
20 Fevral

ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib  

15:53
20 Fevral

Romada müsəlmanlar, xristianlar və yəhudilər birgə iftar edəcəklər

15:44
20 Fevral

Xocavəndə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2  

15:32
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!