Azərbaycan memarlığının tarixində iz salmış, yaradıcılığı ilə həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda tanınmış görkəmli memarlardan biri də Sadıq Dadaşovdur. Memar əsərləri ilə Azərbaycan memarlığının inkişafına böyük töhfələr verib, xalqımızın gündəlik həyatına və mədəni irsinin qorunmasına xidmət etmişdir.
O, Bakıda məşhur olan Dadaşovlar nəslinin övladı idi. Babası Şıxəli Dadaşov milyonçu və xeyriyyəçi Hacı Hacıağa Dadaşovun qardaşı idi. Digər milyonçulardan fərqli olaraq neft sahəsinə yatırımları olmayan Hacı Hacıağa gəmiçilik və dəniz ticarətindən böyük sərvət qazanmışdı. Qeyd edək ki, Azərbaycanda 1876-cı ildə birinci və ikinci tacirlik dərəcəsi təyin edilib. Bu rütbəni alan ilk tacir Hacıağa Dadaşov olub. O, Bakı şəhərində 40-a yaxın yaşayış binasının və digər mülklərin sahibi idi. Bu şəhərə Şollar su kəmərinin çəkilişində fəal iştirak etmiş Hacı Hacıağa Dadaşovun adı həm də tariximizin yaddaşında Azərbaycanda ilk dəfə qocalar və imkansızlar üçün sığınacaq tikdirən xeyriyyəçi kimi qalıb.
Sadıq Dadaşov 1905-ci il aprelin 15-də Bakıda dünyaya gəlib. Rəsm çəkməyə kiçik yaşlarından meyil göstərib. İllər keçib, o, rənglərin sirli aləminin cazibəsindən ayrılmayıb. Orta məktəbdə oxuduğu illərdə də rəssamlıq və memarlıqla dərindən maraqlanıb.
Məşədi Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsində təhsil alıb. 1929-cu ildə həmin institutun məzunu olub.
İstedad parlaq Günəşə bənzəyir. İşığını görməmək mümkünsüzdür. Sadıq Dadaşov hələ tələbə ikən istedadı və bacarığı ilə tanınıb. İnstitutun nəzdində fəaliyyət göstərən memarlıq laboratoriyasına rəhbər təyin olunub.
Arzuların, xəyalların, ümidlərin coşub-daşdığı gənclik çağlarındaydı. Sadıq Dadaşov dostları ilə birlikdə laboratoriyada böyük həvəslə yorulmaq bilmədən çalışırdı. Ali təhsil aldığı institutda keçirilən dərslərlə qane olmurdu. Sonsuz maraqla oxuyub araşdırırdı. Görkəmli rus memarları Kazakovun, Starovun, Zaxarovun, Bajenovun elmi-nəzəri əsərləri, o cümlədən Çnamotsinin, Danielin, Barbaronun, Şuazinin, Qnediçanın, Palladionun və başqalarının layihələri ilə yaxından tanış olmaqla yanaşı, elmi təhlil apararaq daim öyrənirdi.
Tələbəlik illərində bir sıra müsabiqənin iştirakçısı olub. Sadıq Dadaşov və Mikayıl Hüseynovun birgə işlədiyi layihə 1926-cı ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ilə bağlı elan olunmuş müsabiqədə birinci mükafata layiq görülüb.
1929-cu il Sadıq Dadaşovla Mikayıl Hüseynovun yaradıcılığında növbəti uğurlarla yadda qalıb. Onlar birlikdə "Bakıda kitabxana və mədəniyyət sarayı" mövzusunda diplom işini uğurla müdafiə ediblər. Hər iki memar pedaqoji kollektivin yekdil qərarına əsasən institutda assistent kimi saxlanılıb.
Bu iki istedadlı memar birgə çox mühüm işlərə imza atıblar. Bakıdakı Şirvanşahlar sarayı kompleksinin, Naxçıvandakı Möminə Xatun türbəsinin, Yusif Kuseyir oğlu türbəsinin və Qarabağlar türbəsi ilə yanındakı minarəli zəfər tağının, Qarabağın Bərdə şəhərindəki "Nüşabə" türbəsinin, Ordubadın qədim yaşayış binalarının və yüzlərlə digər Orta əsr memarlıq abidələrinin ilk tədqiqatçıları onlar olub.
1929-1933-cü illərdə Sadıq Dadaşov 23 tikilinin layihə müəllifi olub. Belə ki, o, 1932-ci ildə Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1933-cü ildə incəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası həmin layihələrdəndir.
Sadıq Dadaşov 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olub.
Onun 1944-1945-ci illərdə layihələndirdiyi 8 bina - Bilgəhdə istirahət evi, Şüvəlanda yaşayış binası, Zaqulbada istirahət evi, Şüvəlanda bağ evi, Bilgəhdə bağ evi, I mükafata layiq görülmüş kinoteatr, Bakıda "Buzovnaneft" yaşayış binası da böyük memarlıq nümunələri hesab edilir.
Memar Sadıq Dadaşov tərəfindən Mikayıl Hüseynovla birlikdə layihələndirilən "Nizami" kinoteatrı və üzbəüz inzibati bina Azərbaycan memarlığının klassik nümunələrindən hesab edilir. Bu binalar Bakının mərkəzində, xüsusən də Nizami küçəsindəki ansamblın ayrılmaz hissəsi kimi klassik və müasir elementləri özündə birləşdirən yüksəkdəyərli memarlıq əsərləridir.
Bakı Musiqi Akademiyasının binasını 1938-ci ildə Sadıq Dadaşov layihələndirib. Binanın önündə dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin ucaldılması memarlıqla heykəltaraşlığın həm məzmun, həm də sənətkarlıq nöqteyi-nəzərdən bitkin kompozisiyasıdır.
Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonu Sadıq Dadaşovun ən tanınmış layihələrindən biri olub. Həmkarı Mikayıl Hüseynovla birgə işi olan, 1939-cu ildə həyata keçirilən həmin layihə keçmiş SSRİ-də böyük maraqla qarşılanıb. Bu uğura görə hər iki memar SSRİ Dövlət mükafatına layiq görülüb.
Onun növbəti uğuru 1940-cı ildə Mikayıl Hüseynovla birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasını layihələndirməsi olub. Bu bina Azərbaycan milli memarlığının ən dəyərli nümunələrindən biri sayılmaqla yanaşı, onun yaradıcılığında xüsusi yer tutub.
Respublikamızın paytaxtında və digər şəhərlərində Sadıq Dadaşovun layihəsi əsasında çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları inşa olunub. Bu memarlıq nümunələri Azərbaycan memarlığının inkişafında böyük rol oynayıb.
Sadıq Dadaşovun elmi fəaliyyəti də diqqətçəkən olub. O, Azərbaycan memarlıq tarixinin ilk elmi tədqiqatçılarından biri idi. Sadıq Dadaşov 1934-1940-cı və 1944-1946-cı illərdə respublikamızın bir sıra rayonlarında elmi səfərlər təşkil edərək memarlıq tariximizin öyrənilməsində mühüm işlər görüb.
Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş Sadıq Dadaşovun nəzəri və elmi əsərləri bu gün də Azərbaycan memarlığında dəyərli mənbə kimi istifadə edilir.
Sadıq Dadaşovun əsas işləri arasında "Nizami" kinoteatrının binası (1934), Azərbaycan Texniki Universitetinin binası (1935), Bakı Musiqi Akademiyasının binası (1936), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və digər memarlıq nümunələri yer alıb. O həm də Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə, 1949-cu ildə isə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir.
Sadıq Dadaşovun fəaliyyəti yüksək qiymətləndirilib. 1940-cı ildə ona Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilib. 1941-ci ildə isə o, SSRİ Dövlət mükafatı laureatı olub. O, "Lenin", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallarla təltif edilib.
1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) həqiqi üzvü seçilib.
Azərbaycan sovet memarlığının banilərindən biri professor Sadıq Dadaşov 1946-cı il dekabrın 24-də Moskvada dünyasını dəyişib. Doğma şəhərində - Bakıda dəfn olunub.
Onun əsərləri və elmi fəaliyyəti bu gün də Azərbaycan memarlığının inkişafında əvəzsiz rol oynayır. Sadıq Dadaşovun yaradıcılığı göstərir ki, memarlıq yalnız binalar tikmək deyil, eyni zamanda xalqın mədəni irsini yaşatmaqdır. Onun memarlıq irsi həm gözəlliyi, həm də məzmunu ilə bu amala xidmət edir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"