Bakıda Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı birinci panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib ki, bu gün məhkəmə sistemində süni intellektin tətbiqi məsələsi yalnız texnologiya məsələsi deyil, artıq institusional məsuliyyət məsələsidir. Hazırda "Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi üzrə işlərin yekunlaşmaq üzrə olduğunu qeyd edən Kərəm Mansurov qeyd edib ki, süni intellekt hakim qərarını əvəz etmir, onu daha keyfiyyətli və əsaslandırılmış edir, hakimin analitik imkanlarını genişləndirir.
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev vurğulayıb ki, tam elektron icraata keçid regionlarda yaşayan vətəndaşların məhkəmələrə fiziki müraciət ehtiyacını azaldacaq, eyni zamanda, hakimlər arasında iş yükünün daha balanslı bölüşdürülməsinə şərait yaradacaq. O qeyd edib ki, məhkəmə qərarlarının və icraat materiallarının vahid elektron data bazasında toplanması süni intellekt texnologiyalarının tətbiqini mümkün edəcək.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva diqqətə çatdırıb ki, 2018-ci ildən elektron icraat mexanizmləri ilk dəfə sistemli şəkildə tətbiq olunmağa başlanıb və bu proses mərhələli şəkildə genişləndirilib. Bildirilib ki, elektronlaşma məhkəmə icraatının sürətləndirilməsi, işlərə baxılma müddətinin azaldılması və vətəndaşların məhkəməyə müraciət xərclərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib ki, elektron icra informasiya sistemi vasitəsilə qərarların icrası sürətlənib, məlumat mübadiləsi operativləşib və şəffaflıq təmin olunub. Onun sözlərinə görə, 2025-ci ilin mayında qüvvəyə minmiş qanunvericilik dəyişiklikləri isə icra sənədlərinin yalnız elektron qaydada qəbulunu və icra prosesinin tam rəqəmsal əsasda aparılmasını mümkün edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun sözlərinə görə, yeni texnologiyalar iqtisadiyyatın ənənəvi sektorları ilə müqayisədə üç dəfə daha yüksək artım tempinə malikdir: "Buna görə də dünya dövlətləri bu istiqamətdə irəliləyişi təmin etmək üçün müxtəlif imkanlar formalaşdırır, insan kapitalını gücləndirir və infrastruktur layihələrinə ciddi investisiyalar yatırır. Azərbaycanda son illərdə həyata keçirilən islahatlar da məhz texnoloji inkişaf sıçrayışı üçün baza formalaşdırmağa xidmət edir".
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib ki, elektron prokurorluq informasiya sisteminin tətbiqi cinayət təqibindən kənar icraatların səmərəliliyinin artırılmasında mühüm rol oynayır və cinayətkarlıq vəziyyətinin real vaxt rejimində təhlilinə imkan yaradır.
Daha sonra Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov Azərbaycan Hakimlər İttifaqının illik hesabatını təqdim edib. Onun sözlərinə görə, hakimlərin peşə nüfuzunun qorunması, onların hüquqlarının müdafiəsi və peşəkar inkişafının təmin edilməsi ittifaqın fəaliyyətində prioritet istiqamətlərdən biridir. Ələddin Cəfərov qeyd edib ki, hakimlərin nüfuzunun müdafiəsi istiqamətində görülən tədbirlər 2026-cı il üçün də təsdiqlənmiş fəaliyyət planında öz əksini tapıb. Bu tədbirlər sistemli və məqsədyönlü şəkildə həyata keçiriləcək.
Tədbir ikinci panel müzakirələrlə davam edir.