Prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunması, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə fevralın 20-də jurnalistlər üçün “İstintaq sirri və media: İctimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusunda treninq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Treninqdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığının cəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımından əhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.
Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatların mahiyyəti, bu məlumatların vaxtından əvvəl və ya qanunsuz yayılmasının yaratdığı hüquqi və ictimai fəsadlar barədə çıxış edib.
Tədbir çərçivəsində Real Televiziyasının baş direktoru Mirşahin Ağayev “Azərbaycan informasiya sahəsində milli maraqlar və media” mövzusunda çıxış edərək informasiya mühitində milli maraqların qorunması, ictimai rəyin formalaşmasında medianın rolu və bu sahədə mövcud çağırışlara toxunub.
Eyni zamanda, 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev “2026-cı il “Şəhərsalma və Memarlıq ili’ kontekstində ictimai kommunikasiya və media savadlılığı” mövzusunda təqdimatla çıxış edərək, müasir kommunikasiya mədəniyyətinin formalaşmasında media savadlılığının rolunu qeyd edib.
Bundan əlavə, “Sosial məsələlərin həllinə dəstək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli media, dövlət və vətəndaş cəmiyyəti münasibətləri, ictimai faydalı təşəbbüslərin təşviqində informasiya platformalarının rolu və sosial məsuliyyət prinsipləri barədə çıxış edib.
Treninq interaktiv formada keçib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.