Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Bahria Universiteti ilə birgə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan seminar və fotosərgi təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə diplomatlar, Pakistanın beyin mərkəzlərinin və universitetlərinin rəhbərləri, alimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Pakistanın Dövlət himnləri səsləndirilib.
Səfir Xəzər Fərhadov bildirib ki, ötən əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Diplomat törədilən qətliamın Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib, onun beynəlxalq hüquq baxımından qəsdən törədilmiş soyqırımı aktı olduğunu deyib.
Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə danışan səfir Pakistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi ilə yanaşı, Xocalı soyqırımının dövlət səviyyəsində tanımasını və bu xüsusda Pakistan Milli Assambleyası ilə Senatının müvafiq qətnamələr qəbul etməsini qardaşlıq münasibətlərimizin bariz nümunəsi olduğunu qeyd edib.
Bahria Universitetinin humanitar və sosial elmlər fakültəsinin dekanı, professor Fərrux Şahzad, fakültənin direktoru, professor Adam Saud və Pakistanın ən nüfuzlu beyin mərkəzlərindən olan Muslim İnstitutunun nümayəndəsi Asif Tanver Avan öz çıxışlarında Xocalıda erməni silahlılarının xüsusi amansızlıqla törətdiyi soyqırımın sadəcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı bir cinayət olduğunu ifadə ediblər. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə görə Pakistan uzun illər Ermənistanı bir dövlət olaraq tanımayıb və Azərbaycanı bütün regional və beynəlxalq platformalarda dəstəkləyib.
Sonda məruzəçilər bu mənfur əməllərə görə beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıblar.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş şeirlər oxunub.