ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar LED ekranlı avtomobillərin iştirakı ilə genişmiqyaslı maarifləndirici aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Xocalı faciəsi ilə bağlı dolğun məlumatları əks etdirən LED ekranlı avtomobillər Vaşinqtonun mərkəzi küçələri boyunca hərəkət ediblər. Avtomobillər Kapitoli binası, Ağ Ev, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Pentaqon və digər dövlət əhəmiyyətli obyektlərin qarşısından keçərək yerli ictimaiyyətin diqqətini 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinə yönəldib.
LED ekranlarda Xocalı soyqırımı qurbanlarının fotoları, faciənin dəhşətlərini əks etdirən vizual materiallar, ədalətə çağırış mesajları, eləcə də Xocalı həqiqətləri barədə tarixi faktlarla tanış olmağa imkan verən QR kodlar nümayiş etdirilib.
Aksiya zamanı “Xatırla, hörmət et, düşün – Xocalı 1992”, “34 il sonra, biz hər bir ruhu xatırlayırıq”, “Xocalı 1992 faciəsi – dünya bunu unutmamalıdır”, “Xocalı – onların cəsarəti və ağrısı bizimlədir”, “Xocalı qurbanlarını anır, xatirələrini əziz tuturuq”, “Xocalı soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik”, “Xocalı üçün ədalət”, “Faciədən xatirəyə – Xocalı yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə – minlərlə itki”, “34 il sonra da Xocalı danışır” kimi şüarlar şəhər sakinlərinin diqqətinə çatdırılıb.
Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalı faciəsini unutmamağa, soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmağa və ədalətin bərqərar olunmasına dəstək verməyə çağırıblar.
Qeyd edək ki, eyni vaxtda ABŞ-nin Nyu York və Boston şəhərlərində də Xocalı faciəsinə həsr olunmuş oxşar məlumatlandırıcı aksiyalar keçirilib.