12 Fevral 2025 09:20
782
Mədəniyyət
A- A+
Xıdır Nəbi bayramı

Xıdır Nəbi bayramı


Türksoylu xalqların mifik düşüncəsində təbiətin oyanışını müjdələyən, yazın səbirsizliklə gözlənilməsini  tərənnüm  edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzi kimi  uzun əsrlər boyu yurdumuzda  keçirilən  qədim bayramlardan biri "Yazağzı Xızır", "Xıdır Nəbi", "Xıdır İlyas", yaxud "Qışyarısı" bayramıdır. Bu bayram əsasən Kiçik çillənin hökm sürdüyü ərəfədə, fevralın ilk ongünlüyündə, təqribən fevralın 9-10-11-ci günlərində, bəzi bölgələrimizdə  isə fevralın sonlarında keçirilmişdir.

Xıdır Nəbi bayramının yaradıcısı və  iştirakçısı olan Xıdır və ya Xızır  türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən  və ölməzlik qazanan bir obrazı simvolizə edir.  Mifik qaynaqlarda Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. 

Xızır və onunla  bağlı inanclar  Orta əsrlərdən başlayaraq istər türk, istərsə də  Avropa  və digər xalqların elmi-tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Xıdır Nəbi bayramının mifik rəmzi olan Xıdır, yaxud Xızır barədə islam qaynaqlarında müxtəlif mülahizələr söylənir. Bəzi mənbələrə görə, hətta Xızırın məzarının bir neçə yerdə olması, yaxud onun əbədiyaşar şəxsiyyəti haqqında fikirlər də rast gəlmək mümkündü. Bu obraz  xalq tərəfindən sevilmiş və onun haqqında müxtəlif əfsanə və rəvayətlər dolaşmışdır. Rəvayətlərdən birində deyilir: "Xızır və İlyas iki qardaş olmuşdur. Makedoniyalı İsgəndər Zülqərneyn bu qardaşlarla birlikdə "abi-həyatı" - dirilik suyunu tapmaq üçün qaranlıq dünyaya səfər edir, müəyyən müddət keçəndən sonra qaranlıq dünyada fırtına qopur və onların hərəsi bir tərəfə düşüb dirilik suyunu axtarmalı olurlar. Xızır suyun üzərində, İlyas isə quruda gəzib-dolaşır. Bir gün qardaşlar rastlaşır və "abi-həyatı" birlikdə axtarmağa başlayırlar. Yorulub əldən düşəndə dincəlmək üçün su kənarında dayanırlar. Quru balığı təmizləmək üçün suya salarkən balıq dirilir. Qardaşlar bunun axtardıqları dirilik suyu olduğunu bilir, həmin sudan doyunca içib əbədi həyat qazanırlar. Makedoniyalı İsgəndər Zülqərneyn isə nə qardaşları, nə də dirilik suyunu tapa bilir, qeybə çəkilir".

İnanca görə, Xıdır Nəbi mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalı, süfrələr açılmalıdır.  İnama görə, "əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaqdır". Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Erkən etiqadlara görə, Xıdır əlini qovuta çəkir,  bununla da Yer üzünə özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir.

Xıdır Nəbi mərasiminin əsas amalı  insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gərməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir. Xıdır Nəbi mərasimi ilə bağlı folklor mətnləri  xalq arasında bu günümüzədək qorunub saxlanılıb. Onlardan birinə diqqət yetirək:


Xıdır, Xıdır xıd gətir,

Dar-dərədən od gətir.

Mən Xıdırın nəyiyəm,

Bircə belə dayıyam,

Ayağının nalıyam,

Başının torbasıyam.

Xıdıra Xıdır deyəllər, 

Xıdıra çıraq qoyallar,

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam...


Araşdırmalarda Xızır, yaxud Xıdır sözlərinin etimologiyası ilə bağlı müxtəlif  fikirlər vardır. Mirəli Seyidova görə, "Xızır" türkdilli xalqlara məxsus sözdür və yazın istisini, odunu, qüvvəsini, "qut"unu gətirən  qəhrəman deməkdir. Türk xalqları arasında "xız-qor, alov, ir-ər" isə insan mənalarını ifadə edir, bəzən də "oyanıb ayağa qalxmış insan" mənasında qəbul edilir. Həmçinin  bəzi  ensiklopedik lüğətlərdə "yaşıl" mənasını ifadə edən ərəb mənşəli   söz kimi təqdim olunur. Bundan əlavə, mənbələrdə  fəsil bölgüsü ilə bağlı "Xızır" sözünün işlənməsi barədə məlumatlara da rast gəlmək olur. Türklərdə ilin iki hissəyə bölünməsi, xüsusən də  ilin birinci hissəsinin Xızır (altı aylıq yay mövsümü)  və Qasım  (altı aylıq qış mövsümü) adlanan digər  hissəni əhatə edən mərhələləri   hesab edilməsi  bu qəbildən sayıla bilər.

Xıdır Nəbi bayramında əcdadlarımız havaların tədricən yumşalması, sərt, soyuq qışın getdikcə başa çatması ümidi ilə  Xızırı  layiqincə qarşılamaq,  bir-birinə kömək etmək, paylaşmaq amalı ilə mərasimlər keçirər, Xızıra belə müraciət edərdilər:


Xızır baba çıx çölə,

Od gətir bizim elə...


Mifoloji təsəvvürlərə görə, Xızır bu müraciətləri eşidəcək, səmada "Xızır yolu" açılacaq və Xızır Boz atının belində əlində "od butası" ilə birlikdə Yerə enəcək, insanların arzularını yerinə yetirəcək, onlara sağlamlıq, səadət və xoş həyat bəxş edəcək, hər evdə onun üçün ayrılmış nemətlərin üzərində iz qoyub yenidən səmaya qalxacaqdır. İnama görə, Xızırın gəldiyi "Xızır yolu"nu görənlərin  bütün arzu-istəkləri həyata keçər. Etiqada  görə,  hər evdə ailə başçısı sübh tezdən yüksək bir yerdə qoyulmuş un və ya qovut üzərində "iz" görərsə, deməli, gecə Xızır gəlib və mübarək izini həmin una, qovuta çəkmiş, beləliklə də, özü ilə xeyir, bərəkət, xoşbəxtlik gətirmişdir. Həmin undan, qovutdan bir qədər götürüb səpin vaxtı buğdaya qarışdırıb səpmək üçün saxlayardılar ki, Xızırın xeyir-duası ilə torpaq bərəkətli olsun.  Diqqətçəkən rituallardan biri də budur ki, bu bayram gecəsində  şehdən  xəmir yoğrulardı ki, bu da bolluq-bərəkətə yozulardı.

Mənbələr göstərir ki, vaxtilə Azərbaycana gəlmiş  səyyahlar, o cümlədən XIII əsrdə italiyalı Marko  Polo, XVIII əsrdə alman Adam Oleari Xıdır Nəbi bayramını seyr etmiş və  öz yazılarında bəzi ayin və adətləri də təsvir etmişlər. Marko Poloya görə, bu bayram  türklərin "Bəyaz" adı altında keçirdiyi bayramdır. Bayram adətlərindən danışarkən göstərmişdir ki, bayram axşamı bir sıra inanc və ayinlər  icra olunurdu. Məsələn, yerə  ağ süfrə sərilir, onun üzərinə un səpilir, səhərisi isə həmin süfrədəki unun üzərində Xızırın,  yaxud Boz atın nalının izi axtarılır, izin olduğunu yəqinlədikdən sonra isə həmin  süfrənin üstündəki undan çörək, yaxud kömbə bişirib hamıya paylayardılar.

Bəzi araşdırmalara görə, Xıdır Nəbi bayramı  həm də "taxıl və müqəddəs ağaclara pərəstiş" bayramı kimi qəbul edilir. Bu da təsadüfi deyildir, çünki erkən dövrlərdən Yaxın Şərqdə taxıla, buğda kultuna, dənli bitkilərə inam mövcud olmuşdur.  Bəllidir ki, yunan filosofu Plutarx (bizim eranın təqribən 46-127-ci illəri) Midiyada - qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq adətinin olduğunu göstərmişdir. 

Əski məxəzlərə görə, Xıdır Nəbi bayramında icra olunan ayinlər arasında buğdaya həsr olunmuş  arxaik bir ritual diqqəti xüsusilə cəlb edir. Bu ayin bilavasitə buğdanın torpağa səpilməsi, taxılın yetişdirilməsi və  biçinilə bağlı görülən işlərin ümumi məzmununu  əhatə edir. Bu ayinin icrası zamanı  Xızırın səmadan Yerə enib taxıla əl basması digər inamlarla  paralellik təşkil edir.

Təsadüfi deyildir ki, islam qaynaqlarında Xızırın şəxsiyyəti ilə bağlı   fikirlər arasında  onun ibtidai dinlərdə bitki  Tanrısı kimi qəbul edilməsi də yer  almaqdadır. Araşdırmalar nəticəsində Xızır bir kult olaraq türk təfəkkürünün məhsulu kimi dəyərləndirilmişdir. İnisasiya (ölüb-dirilmə) hadisəsi ilə bağlı olan Xızır tanrıçılıq görüşlərinin əsasında  yaranan obrazdır.

Şərq - İslam dini sistemində Xızır  dirilik suyunu içdiyinə görə peyğəmbər statusu qazanmışdır. Hətta islamda onun Məhəmməd  Peyğəmbər (s.ə.s.) və Həzrət Əli ilə görüşməsi haqqında müxtəlif mülahizələr də vardır.  1647-ci ildə Azərbaycana gələn türk səyyahı Övliya Çələbi Xıdır-Zində pirini ziyarət etdikdən sonra "həmin türbədə yatan Xızırın bədəninin təzəliyinin  hələ də qorunduğunu" qeyd etmişdir. 1858-1859-cu illərdə Qafqaza gəlmiş fransız Aleksandr Düma da həmin türbəni ziyarət etmiş və onu şirvanlıların müqəddəs hesab etdikləri bir ziyarətgah olduğunu yazmışdır. 

Mənbələrə görə, hər 500 ildən bir Xızırın cismi yenilənir, təzələnir,  o, yaşıl geyimdə, boz at belində səma məclislərinə qoşulan bir obraz kimi təsvir edilir. 

Milli xalq inanclarında Xızırla bağlı çoxsaylı mətn vardır ki, onların əksəriyyətində  Xızır çətinlikdə qalmış insanları dardan qurtaran mübarək üzlü xeyirxah bir varlıq kimi təqdim edilir. M.Təhmasibə görə, "hətta Xaqaniyə, Nizamiyə yol göstərən, Xətainin əlindən tutan, Füzuliyə ilham və təxəllüs verən də Xızır övliyadır". XV əsrə aid Osmanlı mənbələrində "yolboyu ən azı bir dəfə Xızırın yardımını görməyən heç olmazsa bircə adama rast gəlməmək mümkün deyil" fikri göstərilməkdədir.

Xızır  həm də xalq yaradıcılığında geniş yayılmış mifoloji obrazdır. İnama görə, Xızır  şəfa verən,  xeyirxah varlıqdır. "Kitabi-Dədə Qorqud" eposunda "Dirsə xan oğlu Buğac" boyunda  Xızır  təsvir olunur. 

Qırğızların "Manas" dastanında  Manasın dünyaya gəldiyi gündən Xızırın  ona dualar etməyinin şahidi oluruq. Xalq dastanlarında, o cümlədən "Şah İsmayıl və Gülzar", "Tahir və Zöhrə" dastanlarında Xızır qəhrəmanları müşküllükdən xilas edir.  Digər xalq yaradıcılığı nümunələrində də Xızır xilaskar, qoruyucu mifik obraz kimi iştirak edir.

Xızır yaxud Xıdır obrazı  Novruz çərşənbələrində də mifoloji təsəvvür və süjetlərdə iştirak edən xeyirxah bir varlıq olaraq diqqəti cəlb edir.

Xıdır Nəbi bayramında "Xızır süfrəsi" açılar, müxtəlif xəmir xörəkləri bişirilərdi. İnanclara görə, "Xızır gəlsin ocağına, şadlıq versin bucağına" deməklə bayrama hazırlıq görülər,  xüsusən də Xıdır Nəbi günlərində səməni bişirilər,  adətə görə, oğlan evindən qız evinə "Xızır xonçası" gedərdi.

Təqdirəlayiqdir ki, qədim tarixi köklərə malik Xıdır Nəbi bayramı çağdaş dövrdə həm Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda,  Naxçıvanda, həm də  Cənubi Azərbaycanda yaşayan   həmvətənlərimiz, həm də Anadolu türkləri tərəfindən  qeyd olunur. Bu qədim bayram Təbrizdə  "Nəbi bayramı" adı altında keçirilər, "girdə" çörəyi də xüsusi olaraq bayram süfrəsi üçün hazırlanardı. Anadoluda fevralın ortalarında "Xızır Cəmi" yaxud "Cəmrə", may  ayının 5-6-da isə "Xızırəlləz" mərasimləri xüsusi təmtəraqla keçirilir. 

Göründüyü kimi, Xıdır Nəbi  bayramı yazın gəlişi ilə bağlı  əkinçilik inanc və etiqadları ilə zəngin olan, türk mifik təfəkkürünün ulu qaynaqlarından xəbər verən  mövsüm mərasimlərinin toplusu kimi çağdaş dövrümüzdə də öz aktuallığını itirməmiş  və əbədiyyət  qazanmışdır. 


Ülkər NƏBİYEVA, 

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Valentina Matviyenko: Xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır  

15:38
17 Mart

Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

15:38
17 Mart

Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir  

15:37
17 Mart

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB  

15:36
17 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

15:34
17 Mart

Əhalinin gəlirləri açıqlanıb

15:34
17 Mart

“AzerGold” və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib  

15:32
17 Mart

Manatla olan əmanətlərin həcmi artıb

15:31
17 Mart

ANAMA: Ötən həftə 1651,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

14:54
17 Mart

Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır

14:53
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

14:51
17 Mart

Bayram günlərində “ASAN xidmət”in iş rejimi necə olacaq?

14:45
17 Mart

Avarçəkmə üzrə Azərbaycan birinciliyi yekunlaşıb, qaliblər mükafatlandırılıblar  

14:45
17 Mart

Agentlik: Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq

14:34
17 Mart

Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib  

14:22
17 Mart

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb

14:01
17 Mart

Fransanın nüvə arsenalı böyüklüyünə görə Qərbi təəccübləndirməyib

13:41
17 Mart

İlaxır çərşənbədə hava necə olacaq?

13:40
17 Mart

Laçına ilk ekotur təşkil olunub

13:11
17 Mart

Media: ABŞ-Aİ ticarət qarşıdurması biznesə 9,5 trilyon dollar zərər vura bilər  

12:29
17 Mart

Mixeil Saakaşvili 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

12:14
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!