Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini təmin etməklə Cənubi Qafqazda yaratdığı reallıqlar Qərbin müəyyən siyasi dairələrində hələ də həzm olunmur. Regionda sülh prosesinin getdiyi, inteqrasiya və qlobal nəqliyyat layihələrinin müzakirə edildiyi bir vaxtda bəzi beynəlxalq təsisatlar hüquqi prinsipləri kənara qoyaraq aşkar siyasi təzyiq alətinə çevrilirlər.
Bunun növbəti nümunəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 iyun 2026-cı il tarixdə "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə qəbul etdiyi ədalətsiz və birtərəfli qərardır. Heç bir ciddi və obyektiv araşdırmaya söykənməyən bu qərar erməni lobbisinin və korporativ maraqların diktəsinə xidmət edir.
Avropa strukturlarının bu qərəzli addımı Azərbaycan tərəfinin haqlı etirazına səbəb olub. İyunun 22-də Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağrılaraq rəsmi Bakının kəskin etirazı onun diqqətinə çatdırılıb. Məlum qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüquq normaları ilə tamamilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Qeyd olunub ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi presedent qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu, qondarma rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu hüquqi təsbitini tapmışdı. Məhkəmənin yeni qərarda beynəlxalq hüquq tərəfindən heç vaxt tanınmamış və hazırda tarixin arxivinə gömülmüş qanunsuz separatçı strukturu "müstəqil subyekt" kimi təqdim etməyə çalışması heç bir məntiqə sığmır.
Avropa Məhkəməsinin qərarında istifadə olunan terminologiya da qurumun obyektivliyini tamamilə şübhə altına qoyur. Sənəddə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilərək "Azərbaycanla qondarma rejim arasında təmas xətti", eləcə də separatçıların "ordusu", "baş prokuroru" və "ombudsmanı" kimi qondarma ifadələrə yer verilib. Bu, faktiki olaraq qanunsuz bir strukturu legitimləşdirmək və Azərbaycan ilə cinayətkar rejim arasında saxta bərabərlik təsəvvürü yaratmaq cəhdidir.
Avropa Məhkəməsi məqsədyönlü şəkildə Ermənistan vətəndaşı olan və bu ölkədə doğulan bir hərbçinin Azərbaycanın suveren ərazilərində hansı əsasla yerləşməsi məsələsinə aydınlıq gətirməyib. Çünki beynəlxalq humanitar hüququ tətbiq etsəydi, bu şəxslərin işğalçı ordunun üzvləri olduğunu etiraf etməli olacaqdı. Lakin məhkəmə istədiyi qərəzli nəticəni əldə etmək üçün bu faktın üzərindən sükutla keçib. Üstəlik, iş üzrə "sübut" kimi təqdim olunan sənədlərin ərizəçilər tərəfindən deyil, birbaşa Ermənistan dövləti tərəfindən təqdim edilməsi prosesin siyasi koordinasiya olunduğunu təsdiqləyir.
Avropa institutlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin birtərəfli yanaşması Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir. Onilliklər ərzində doğma yurd-yuvalarından didərgin salınmış, əmlakları talan edilmiş, hüquqları kütləvi şəkildə pozulmuş yüz minlərlə azərbaycanlının müraciətlərinə qarşı Avropa Məhkəməsi heç vaxt prinsipial mövqe nümayiş etdirməyib. Xocalı soyqırımı kimi bəşəri cinayətlərə, işğal dövründə dağıdılan mədəni-dini irsimizə göz yumanların bu gün uydurma şəxslərin əsassız iddiası və qondarma hesabatlar əsasında hökm çıxarması aşkar ədalətsizlik və riyakarlıqdır. Bu yanaşma beynəlxalq ədalət mühakiməsinin təməl prinsiplərini sarsıdır və hüququn universal xarakterini itirərək siyasi maraqlara görə necə manipulyasiya olunduğunu göstərir. Dünyanın bir çox yerində törədilən hərbi cinayətlərə və insan itkilərinə kor-kar kəsilən bir təsisatın Azərbaycanla bağlı saxta iddialara xüsusi həvəs göstərməsi bu orqanın neo-müstəmləkəçi dairələrin iradəsini icra edən siyasi qurum olmasından xəbər verir. Son illər bəzi Avropa strukturlarında baş verən korrupsiya və lobbiçilik qalmaqalları da bu təsisatların qərarlarının hansı şəraitdə və hansı sifarişlərlə qəbul edildiyini aydın göstərir.
Şübhəsiz, Azərbaycan tərəfi öz qanuni maraqlarını, dövlət suverenliyini qorumaq məqsədilə hüquqi müstəvidə bütün zəruri addımları atacaq və ədalətsizliyə qarşı prinsipial mübarizəsini davam etdirəcək. Lakin Avropadakı bəzi revanşist dairələr anlamalıdırlar ki, müstəqil inkişaf modelini quran, regionun lider dövləti olan və öz suverenliyini hərbi-siyasi müstəvidə təmin edən Azərbaycana təzyiq göstərmək mümkün deyil.
İsmayıl QOCAYEV,
"Azərbaycan"