Qlobal internet infrastrukturu müharibə və geosiyasi münaqişələr qarşısında tamamilə müdafiəsiz qalıb. Dünyada baş verən qarşıdurmalar səbəbindən rəqəmsal şəbəkələrin hədəfə alınması dünya iqtisadiyyatının onurğa sütununu təşkil edən sualtı fiber-optik kabellərin və data mərkəzlərinin (məlumat bazalarının) fiziki təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Müasir dövrdə rəqəmsal asılılığın pik həddə çatması bu infrastruktura yönələn hər bir təhdidi lokallıqdan çıxararaq qlobal xarakterli böhrana çevirir.
Böyük Britaniyanın Açıq Məlumat İnstitutunun baş tədqiqatçısı Kalum İnveraritinin təhlilinə əsasən, bu strateji sahədə beynəlxalq hüquqi tənzimləmə sistemləri hələ də XIX əsr səviyyəsində qalıb. Texnoloji inkişafın sürəti ilə hüquqi tənzimləmə sistemləri arasındakı bu kəskin uçurum transmilli cinayətkar qruplar üçün nəzarətsiz bir fəaliyyət meydanı yaradır. Ümumiyyətlə, rəqəmsal sistemlər çökəndə zərər həm böyük texnologiya şirkətlərinə, həm də gündəlik həyatı bu xidmətlərdən birbaşa asılı olan sıravi vətəndaşlara dəyir. Bank xidmətlərindən tutmuş təbii fəlakətlər zamanı xəbərdarlıq sistemlərinə qədər hər şey bu şəbəkənin sabitliyindən asılıdır.
Dünya üzrə internet trafikinin və rəqəmsal maliyyə əməliyyatlarının əsas hissəsi okeanların dibi ilə uzanan kabellər vasitəsilə ötürülür. Hər gün bu sualtı naqillər vasitəsilə təxminən 10 trilyon dollar dəyərində maliyyə əməliyyatı həyata keçirilir. Bu rəqəm qlobal ticarət dövriyyəsinin və banklararası köçürmələrin tamamilə sualtı magistrallardan asılı olduğunu nümayiş etdirir.
Qlobal internet trafikinin 17 faizi, Avropa ilə Asiya arasındakı data mübadiləsinin isə 90 faizi məhz Qırmızı dənizdən keçir. Bu dar coğrafi keçid rəqəmsal dünyanın ən həssas və kritik nöqtəsi hesab olunur. Bölgədəki hərbi gərginlik və geosiyasi eskalasiya səbəbindən kabellər zədələndiyi təqdirdə, xüsusi təmir gəmiləri təhlükəsizlik mülahizələrinə görə hadisə yerinə daxil ola bilmirlər. Bu isə rəqəmsal kəsintilərin və internet sürətinin kəskin şəkildə düşməsinin aylarla uzanması riskini yaradır.
Digər ciddi problem isə qlobal internet şəbəkəsinin bir neçə özəl şirkətin inhisarında olmasıdır. Tədqiqatlara görə, "Google", "Meta", "Microsoft" və "Amazon" dünyadakı uzaq məsafəli sualtı kabellərin demək olar ki, hamısına sahibdir. Digər tərəfdən, bulud texnologiyaları sahəsində də oxşar mənzərə müşahidə olunur: "AWS" (Amazon Web Services), "Azure" (Microsoft) və "Google Cloud" qlobal məlumat mərkəzlərinin yarıdan çoxuna birbaşa nəzarət edir. Bu kabellər və mərkəzlər özəl mülkiyyət olsa da, dövlətlərin suveren sərhədlərini və beynəlxalq suları aşır. Sualtı kabellərin qorunması ilə bağlı əsas beynəlxalq müqavilə isə 1884-cü ilə təsadüf edir. Mövcud hüquqi boşluqlar səbəbindən texnologiya nəhənglərinin hibrid hüquqi və fiziki hücumlara, kiber-təxribatlara qarşı heç bir hüquqi müdafiə sistemi və beynəlxalq təminatı yoxdur.
Müasir münaqişələrdə tərəflərin rəqibi iflic etmək üçün ilk növbədə bu magistralları hədəfə alması real hərbi doktrinaların tərkib hissəsidir. Şimal dənizində, Baltik hövzəsində və Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, sualtı infrastruktura edilən gizli müdaxilələrin müəlliflərini müəyyən etmək son dərəcə çətindir. Bu zəiflikdən istifadə edərək rəsmi olaraq müharibə elan olunmadan qarşı tərəfin iqtisadi və sosial həyatını tam daxili xaosla üz-üzə qoymaq mümkündür.
Ekspertlər və hətta indiyə qədər azad bazar prinsiplərini əsas gətirərək dövlət tənzimləmələrinə və nəzarətinə qarşı çıxan texnologiya şirkətləri artıq mövqelərini dəyişiblər. Onlar beynəlxalq birlikdən və dövlətlərdən rəqəmsal infrastrukturun qorunması üçün qəti, kollektiv addımlar tələb edirlər. Avropa İttifaqının tətbiq etməyə başladığı "Kabel Təhlükəsizliyi üzrə Fəaliyyət Planı" və Böyük Britaniyada parlamentdən keçən yeni qanun layihələri bu istiqamətdə atılan ilkin addımlar olsa da, qlobal təhlükənin miqyası qarşısında yetərsizdir.
Məlumat infrastrukturuna, sadəcə, fərdi kommersiya aktivi kimi baxmaq qlobal riski həndəsi silsilə ilə artırır. Bu, bəşəriyyətin ortaq taleyini bir neçə idarə heyətinin qərarından asılı vəziyyətə salır. Yeganə səmərəli çıxış yolu sualtı kabellərə və data mərkəzlərinə eynilə neft kəmərləri, strateji boğazlar və ya beynəlxalq dəniz yolları kimi "ortaq ictimai infrastruktur" statusunun verilməsidir. Bu obyektlərin toxunulmazlığını təmin etmək və beynəlxalq suların hüquqi rejimini müasir çağırışlara uyğunlaşdırmaq lazımdır. Hücum edən tərəflərə qarşı ağır sanksiyalar nəzərdə tutan yeni beynəlxalq hüquqi konvensiyanın qurulması artıq zamanın təxirəsalınmaz tələbidir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"