Dost ölkənin bu layihəyə qoşulmasında Azərbaycanın əvəzsiz rolu olub
Orta dəhlizlə daha çox yük daşınmasında Türkmənistanın ərazi cəhətdən xüsusi əhəmiyyəti var. Dəniz qonşumuz Qazaxıstandan sonra Xəzər üzərindən yük daşımaq üçün geniş imkana malikdir. Türkmənistanın Türkmənbaşı (keçmiş Krasnovodsk) limanı hələ sovetlər dönəmindən iki respublika arasında logistika əlaqələrində önəmli rol oynayıb.
Türkmənistan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında aparılan səmərəli danışıqlarda logistika əlaqələrinin genişləndirilməsi də müzakirə olundu. Məqsəd ölkələrimiz və geniş coğrafiya üçün nəqliyyat əlaqələrini daha da dərinləşdirməkdir. Bununla bağlı Prezident İlham Əliyev türkmənistanlı həmkarı ilə görüşündə demişdir: "Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".
Məlum olduğu kimi, Orta dəhlizin beynəlxalq ticarət marşrutuna çevrilməsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında Trans-Xəzər Nəqliyyat Marşrutunun yaradılması barədə müqavilə bağlanmışdır. Bu tarixi sənəd Orta dəhlizin qlobal ticarət marşrutuna çevrilməsində önəmli rol oynayır. Ancaq bu marşrut üzərindən daha çox həcmdə yük daşınması üçün Türkmənistanın da bu müqaviləyə qoşulması vacib idi. Məhz Prezident İlham Əliyevin Türkmənistan tərəfi ilə apardığı səmərəli danışıqlar dost ölkənin bu layihəyə qoşulmasını təmin etdi. İki ölkənin müvafiq qurumları mövcud imkanları dəyərləndirərək ümumi razılığa gəldilər. Cari ilin yanvar ayında ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Parahat Æumayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi arasında görüş oldu.
Görüşdə Bakı (Ələt) və Türkmənbaşı limanlarının Xəzər dənizində "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizinə xidmət edən əsas logistika mərkəzlərinə çevrilməsi müzakirə olundu. Qeyd edildi ki, hazırda bu marşrut üzrə neft, müxtəlif yüklər və dəmir yolu vaqonlarının daşınması həyata keçirilir. Modernləşdirmədən sonra Türkmənbaşı limanı iri nəqliyyat qovşağına çevrilib, Bakı limanı isə Ələt qəsəbəsində infrastrukturunu genişləndirərək yük və sərnişin daşımalarında rolunu artırıb.
Müzakirələrdə Xəzər dənizi-Qara dəniz beynəlxalq tranzit və nəqliyyat dəhlizinin inkişafı, Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yükdaşımaların artırılması perspektivləri barədə də geniş fikir mübadiləsi aparıldı.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsinə və dünya bazarında mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Azərbaycan və Türkmənistan dövlət başçılarının əldə etdikləri razılaşmalardan sonra Türkmənistan tərəfi Türkmənbaşı dəniz limanı üzərindən daha çox yük daşınması üçün fəal addımlar atır. İlk növbədə tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi də daxil olmaqla müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr işləyir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Bunlardan əlavə, dost ölkə tərəfindən qərar qəbul edilib və həmin qərara görə, Türkmənbaşı limanında "gömrük anbarı" rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir.
Onu da vurğulayaq ki, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən biridir. Liman Orta dəhlizin yükdaşıma imkanlarının artırılmasında önəmli rol oynayır. O, "Şərq-Qərb" dəhlizinin əsas halqası kimi Mərkəzi Asiyanın tranzit sistemində 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan tək limandır.
Ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu" 3 ölkə arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu sənəd imzalandıqdan sonra adları çəkilən ölkələr arasında nəqliyyat əlaqələrini genişləndirmək üçün yeni layihələr icra olunur.
Son illər dünya logistika sistemində baş verən hadisələr beynəlxalq yükdaşımaların istiqamətini ciddi şəkildə dəyişdirib. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında yaranmış təhlükəsizlik problemləri, eləcə də ənənəvi nəqliyyat marşrutlarında artan risklər yük sahiblərini alternativ və daha etibarlı marşrutlar axtarmağa məcbur edib. Bu gün həmçinin Çin, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha sürətli və etibarlı çıxış əldə etməyə çalışırlar. Eyni zamanda Avropa ölkələri də öz məhsullarını, texnologiyalarını və investisiyalarını bu regionlara çatdırmaq üçün yeni marşrutlara ehtiyac duyurlar. Ona görə də Orta dəhliz birtərəfli deyil, Şərqlə Qərbi birləşdirən iki istiqamətli strateji ticarət marşrutudur. Həmin əlaqələrin yüksəlməsində isə Türkmənistan limanı önəmli rola malikdir. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat, logistika və tranzit infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən siyasət sayəsində ölkəmiz Orta dəhlizin əsas iştirakçılarından biri olaraq qalır. Limanların, dəmir yollarının, gömrük infrastrukturunun və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirib. Amma Orta dəhliz üzrə yük axınının davamlı artması mövcud infrastrukturun modernləşdirilməsini və yeni texnoloji həllərin tətbiqini zəruri edir. Azərbaycanın tranzit və logistika potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr də məhz bu məqsədə xidmət edir.
Rüstəm KAMAL,
"Azərbaycan"