"Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə evsahibliyi etməyə hazırdır".
2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızın adıçəkilən təşkilata üzv ölkələrlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafı üçün əyani müstəvidə apardığı fəal iş öz uğurlu bəhrələrini verir. Azərbaycanın mühüm təşəbbüsləri, ortaq tranzit layihələrin həyata keçirilməsi ilə bağlı ölkəmizdə yaradılan yüksək şərait təşkilata üzv ölkələrlə hərtərəfli əlaqələrə, eyni zamanda ECO-nun inkişafına təkan verir. Ölkəmizin bu təşkilatda uğurlu təmsilçiliyi respublikamızın regional və beynəlxalq iqtisadi sistemdəki vacib rolunu bir daha vurğulayır.
Azərbaycanın ECO üzvü olaraq təşkilat çərçivəsində aktiv fəaliyyət göstərməsi, mühüm layihələr həyata keçirməsi və vacib təşəbbüslərlə çıxış etməsi onun regionda və beynəlxalq müstəvidə siyasi, iqtisadi mövqeyini daha da gücləndirir. Bu amil isə birbaşa regionda sabitliyin və tərəqqinin inkişafına mühüm zəmin yaradır.
Azərbaycan həqiqətlərinin bəyanı
Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın evsahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçirilməsi özlüyündə bir çox rəmzi məna ehtiva edir. Bu, ilk növbədə Azərbaycan həqiqətlərinin ECO Zirvəsi vasitəsilə bir daha dünyaya bəyanı deməkdir. Azadlığından sonra ilk dəfədir ki, Xankəndidə bu cür yüksəksəviyyəli beynəlxalq tədbir keçirilir və bununla tarixi Azərbaycan şəhərinin siyasi, iqtisadi, ümumiyyətlə, hərtərəfli dirçəlişinin mesajı verilir.
Diqqətçəkən digər mühüm məqam isə Ermənistan və ona havadarlıq edən xarici qüvvələrin 30 il ərzində "boz zona"ya çevirdikləri Qarabağın cəmi ilyarım ərzində yaşıl bölgəyə çevrilməsidir. Yenidən həyata qaytarılan Qarabağ və Şərqi Zəngəzur yüksək potensialına görə dünyanın müasir çağırışlarına uyğun olaraq "yaşıl enerji" zonası elan edilib və bu istiqamətdə mühüm işlər reallaşdırılır. Təsadüfi deyil ki, Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün mövzusu da elə dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır.
ECO-ya üzv ölkələrin dövlət və hökumət başçıları Qarabağ və Şərqi Zəngəzura səfər edərək həm işğal dövründə burada törədilən vandalizm aktlarının şahidi olurlar, həm də Azərbaycan dövlətinin qısa zaman çərçivəsində bu ərazilərdə həyata keçirdiyi mühüm quruculuq işlərini görürlər.
Xatırladaq ki, bu təşkilata üzv olan türkdilli ölkələrin liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov bu Zirvə görüşünə qədər də Qarabağ və Şərqi Zəngəzurda səfərdə olublar. Sözügedən ölkələr işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə dəstəklərini də göstərirlər. Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəb və yaradıcılıq mərkəzi inşa edilərək istifadəyə verilib.
ECO-nun Xankəndidəki tarixi Zirvəsi ərəfəsində isə ötən il Ağdamın Xıdırlı kəndində Qırğızıstan tərəfindən inşa edilən və Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə təməlqoyma mərasimi keçirilən "Aykol Manas" məktəbinin açılışı oldu.
Eyni zamanda ECO-ya üzv ölkələr Türkiyə və Pakistanın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdikləri mühüm siyasi, mənəvi dəstəkləri qeyd etmək yerinə düşər.
5 oktyabr 2023-cü ildə İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Ötən il bununla bağlı Prezident "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam" imzalayıb.
Bütün bunlar, ümumilikdə ECO-da birləşən ölkələrin Azərbaycan nümunəsində bir-birlərinə dayaq durduqlarını, haqq işlərinə dəstək verdiklərini, dost davranışı sərgilədiklərini göstərir.
Bu infrastruktur ECO-nun üzv dövlətləri üçün açıqdır
1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən "Regional İnkişaf üçün Əməkdaşlıq" adı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyətini daha da genişləndirib. ECO-ya üzv olduqdan sonrakı illər ərzində Azərbaycan təşkilatın fəal iştirakçılarından birinə çevrilib, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olub. Hazırda ECO-ya 10 dövlət daxildir: Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan.
Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və "Cənub qaz dəhlizi" kimi layihələr buna misaldır.
Təşkilatın ötənilki Zirvə görüşündə dövlətimizin başçısı İlham Əliyev bildirmişdi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır: "Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik".
Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli yer tutur. Azərbaycanın geostrateji mövqeyi onu həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevirir. ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın danılmaz rolu var.
Xankəndidə keçirilən 17-ci Zirvə görüşü Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında artan rolunu və fəallığını, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini özündə əks etdirir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"