14 Fevral 2026 08:30
153
SİYASƏT
A- A+
Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb


Fevralın 14-ü Azərbaycan üçün həm rəmzi, həm də tarixi əhəmiyyəti ilə seçilən bir gündür. Həmin gün ölkənin ali rəhbəri, Müzəffər Ali Baş Komandan və dünyada sözünün bütövlüyü, qətiyyəti ilə seçilən və hörmət edilən nüfuzlu dövlət xadimi İlham Əliyevin növbəti prezidentlik dövrünün başlanğıcı kimi yaddaşlara yazıldı. Cənab İlham Əliyevin andiçmə mərasimi yalnız konstitusion prosedur deyil, müstəqil Azərbaycanın son illərdə inkişaf yolunun siyasi hesabatı və yeni mərhələnin başlanğıcının manifesti kimi qiymətləndirilməlidir.

Azərbaycanın zəfərlə başa çatan mübarizə mərhələsindən quruculuq və qlobal təşəbbüskarlıq mərhələsinə keçidi məhz bu çıxışda aydın konturlarla ifadə olundu. Burada dövlətin gücünün mənbəyi göstərilməklə gələcəyin prioritetləri müəyyən edildi. Bu baxımdan həmin mərasim təkcə bir siyasi hadisə deyil, Azərbaycan tarixində yeni dövrün ideoloji və strateji başlanğıc nöqtəsi kimi dəyərləndirilə bilər.

Birmənalı şəkildə qeyd edə bilərik ki, cənab İlham Əliyevin xarakterindəki qətiyyət, prinsipiallıq və xalqına olan dərin inam onun siyasətinin əsasını təşkil edir. Hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlətimizin başçısı açıq bəyan etmişdir ki, Azərbaycan xalqı öz torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək, öz torpaqlarını azad edəcək. Bunun üçün ölkənin güclü iqtisadiyyatı, möhkəm ordusu və strateji diplomatiyası olduğunu əsas götürən dövlətimizin başçısı bütün fəaliyyətini məhz bu prinsip üzərində quraraq hər bir addımını və strategiyasını Azərbaycanın müstəqilliyi və xalqının təhlükəsizliyi üçün istiqamətləndirdi.

Ötən illər ərzində İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrində regionun lider dövləti kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar ataraq, ölkəmizi dünya arenasında ləyaqətlə təmsil etmişdir. Bu illər ərzində qazanılan tarixi zəfərlər, işğaldan azad edilmiş torpaqlar və ordumuzun döyüş meydanındakı qətiyyətli qələbəsi, 44 günlük Vətən müharibəsində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, İlham Əliyevin uzaqgörənliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin ən parlaq nümunəsidir.

2024-cü ilin Zəfər seçkisi sadəcə siyasi bir hadisə deyildi. Bu, dövlətimizin başçısının xalqın qarşısında gördüyü işlərin hesabatı, xalqın isə ona olan sevgisinin, etimadının və dəstəyinin açıq ifadəsi idi. Bu illər Azərbaycan xalqının iradəsi ilə Prezidentin liderliyinin və qətiyyətinin birləşdiyi, dövlətçilik maraqlarının hər zaman ön planda saxlandığı bir dövr kimi tarixə düşdü. Cənab İlham Əliyev sözlə deyil, əməli fəaliyyəti ilə təsdiq etmişdir ki, Azərbaycan xalqının, dövlətinin maraqları onun üçün hər zaman hər şeydən üstündür. Onun qətiyyətli, uzaqgörən və prinsipial rəhbərliyi Azərbaycanı bu gün müstəqil, güclü və etibarlı dövlət kimi dünya xəritəsində möhkəmləndirmişdir.

Növbəti andiçmə mərasiminə sadəcə hakimiyyətin davamlılığı kimi yanaşmaq hadisənin mahiyyətini kiçiltmək olardı. Əslində, burada söhbət bir dövrün yekunlaşmasından və başqa bir tarixi mərhələnin başlanmasından gedir. 2003-cü ildən bu günə qədər formalaşan siyasi kurs, iqtisadi inkişaf modeli, hərbi quruculuq strategiyası və milli birlik konsepsiyası artıq öz real nəticəsini verərək Azərbaycanı regionun güc mərkəzinə çevirmişdir. Bu baxımdan, andiçmə mərasimi həm siyasi sabitliyin təsdiqi, həm də gələcəyin proqram sənədinin müəyyənləşdirilməsi idi. Səslənən fikirlər keçilmiş yolun xronikası olmaqla yanaşı, qarşıdakı illərin strateji xəritəsini də müəyyən edirdi.

Fevralın 14-ü həm də bir xatırlatmadır: Azərbaycan xalqı və onun Ali Baş Komandanı birlikdə güclü, əzmkar və məqsədyönlüdür. Bu gün biz yalnız tarixə nəzər yetirmirik, gələcəyə, müstəqil, ləyaqətli, etibarlı və parlaq Azərbaycanın perspektivinə baxırıq.

Cənab İlham Əliyevin təkrar prezident seçilməsi yalnız seçkinin nəticəsi deyil, bu, xalqın dövlət başçısına verdiyi siyasi etimadın, görülən işlərin dəyərləndirilməsinin və gələcəyə olan inamın ifadəsi idi. Bu etimadın əsasını son illər həyata keçirilən böyük layihələr, bərpaolunan ərazilər, güclənən ordu və müstəqil xarici siyasət xətti təşkil edir. 

2003-cü ildə siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi, sosial rifahın yüksəldilməsi, ən əsası, ərazi bütövlüyünün bərpası qarşıda duran başlıca  vəzifələr idi. Bu, dövlətin konkret  planlı və mərhələli strategiyası idi. Sözsüz ki, güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi. Güclü diplomatiya olmadan beynəlxalq dəstək və neytrallıq təmin edilə bilməzdi. Daxili sabitlik olmadan isə heç bir milli məqsəd reallaşmır. Məhz bu ardıcıl məntiq bizi 2020-ci ildə tarixi Zəfərə gətirib çıxardı. Azərbaycan dövləti illər boyu iqtisadi resurslarını gücləndirdi, ordu quruculuğuna investisiya yatırdı, hərbi sənayeni inkişaf etdirdi və diplomatik müstəvidə mövqelərini möhkəmləndirdi. Müharibə başladığı gün Azərbaycan artıq zəif tərəf deyildi. O, regionun ən güclü iqtisadiyyatına, müasir ordusuna və möhkəm siyasi iradəyə malik dövlət idi. Qələbə yalnız hərbi üstünlük deyil, həm də siyasi liderliyin, xalq-ordu birliyinin və milli həmrəyliyin təntənəsi idi. Ərazi bütövlüyünün bərpası ilə Azərbaycan yeni, işğaldan azad olunan ərazilərimizdə  quruculuq mərhələsinə qədəm qoydu.

Azad edilmiş ərazilərdəki mənzərə yalnız fiziki dağıntı deyildi. Bu, illərlə aparılmış vandalizmin nəticəsi idi. Şəhərlər, kəndlər, tarixi abidələr, məscidlər və qəbiristanlıqlar dağıdılmışdı. Buna baxmayaraq, Prezident İlham Əliyev siyasətini intiqam üzərində deyil, quruculuq üzərində qurdu. 

Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər tarixi zəfərin fəlsəfəsini ortaya qoyur: "İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir... Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur". Dövlətimizin başçısının ilk gündən qarşıya qoyduğu əsas vəzifə - ölkəmizin ərazi bütövlüyünün bərpası, qətiyyətli siyasət, güclü iqtisadi təməl və möhkəm ordu quruculuğu sayəsində reallığa çevrildi. Məhz iqtisadi gücün artması, sosial proqramların genişlənməsi, vətəndaş rifahının yüksəlməsi, infrastruktur layihələrinin uğurla icrası Azərbaycanı böyük Zəfərə aparan strateji dayaqlar oldu. 

Cənab İlham Əliyevin andiçmə mərasimində vurğuladığı kimi: "Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir… bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir". Həqiqətən də bu gün azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri miqyasına və tempinə görə dünya təcrübəsində nadir nümunələrdəndir. Qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulmuş, beynəlxalq hava limanları istifadəyə verilmiş, yollar, tunellər, elektrik stansiyaları, məktəblər və xəstəxanalar inşa edilmiş, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılmışdır. Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına dönür, bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər yenidən dirçələrək əsl cənnət məkanına çevrilir. Bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız bərpaolunan ərazi deyil, həm də turistlərin və xarici qonaqların görmək istədiyi müasir, abad və təhlükəsiz bölgədir. Vaxtilə separatizm yuvası kimi təqdim edilən Xankəndi artıq yeni inkişaf mərhələsinə qədəm qoyaraq tələbə şəhəri statusu qazanmış, elm və təhsilin mərkəzinə çevrilməkdədir. Bütün bunlar Azərbaycanın siyasi iradəsinin, iqtisadi gücünün və milli həmrəyliyinin təntənəsidir.

Müasir dünya yeni çağırışlarla üz-üzədir. Enerji təhlükəsizliyi və ekoloji davamlılıq artıq qlobal siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan isə bu prosesdə passiv müşahidəçi deyil, fəal iştirakçıdır. Prezident İlham Əliyevin andiçmə mərasimində vurğuladığı kimi, "2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır" hədəfi artıq real layihələr və konkret müqavilələrlə gerçəkləşməkdədir. Qarabağın "yaşıl enerji zonası" elan edilməsi strateji qərardır. Günəş, külək və su-elektrik stansiyalarının qurulması ölkənin enerji balansını şaxələndirir və gələcək nəsillər üçün dayanıqlı model formalaşdırır.

2030-cu ilə qədər minlərlə meqavat bərpaolunan enerji gücünün yaradılması planı Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də "yaşıl transformasiya"nın iştirakçısı olduğunu göstərir. Bu siyasət iqtisadi gəlir, ekoloji məsuliyyət və texnoloji inkişafın sintezidir.

Güclü dövlət güclü iqtisadiyyata söykənir. Son illər həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatını daha şaxəli və davamlı etmişdir. Neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasəti və kənd təsərrüfatının modernləşdirilməsi ölkənin iqtisadi dayaqlarını möhkəmləndirib. Regionların sosial-iqtisadi inkişaf proqramları infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəlməsinə xidmət edir. Sosial layihələr - maaş və pensiyaların artırılması, şəhid ailələrinə və qazilərə göstərilən dəstək dövlət siyasətinin insan mərkəzli olduğunu göstərir. İqtisadi sabitlik siyasi müstəqilliyin əsas şərtidir. Azərbaycan bu balansı qorumağı bacaran nadir ölkələrdəndir.

Qloballaşan dünyada milli kimliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti modernləşmə ilə milli-mənəvi dəyərlərin vəhdətini təmin etməyi bacarıb. Ailə institutu, milli adət-ənənələr, dini tolerantlıq və multikultural dəyərlər cəmiyyətin ideoloji dayağıdır. Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, tarixə və milli kimliyə bağlılığın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Xalq-Prezident birliyi məhz bu dəyərlər üzərində formalaşıb. 44 günlük müharibə dövründə cəmiyyətin bir amal ətrafında birləşməsi bunun ən parlaq sübutu oldu.

Azərbaycan xarici siyasətdə praqmatik və balanslı xətt yürüdür. Müxtəlif siyasi qütblər arasında körpü rolunu oynamaq bacarığı ölkənin beynəlxalq nüfuzunu artırıb. Azərbaycan həm Şərq, həm Qərb, həm də regional tərəfdaşlarla qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurur. Bu siyasət asılılıq deyil, milli maraqlara əsaslanan müstəqil qərarvermə modelidir. Beynəlxalq təşkilatlarda fəal iştirak, qlobal tədbirlərə evsahibliyi və humanitar təşəbbüslər ölkəmizin diplomatik çəkisini artırıb. Azərbaycan artıq təkcə regional deyil, qlobal proseslərdə də söz sahibi olan dövlətdir.

Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi "Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq… siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq" fikirləri Azərbaycanın müdafiə strategiyasının mahiyyətini aydın şəkildə ortaya qoyur. Müharibədən sonra da ordu quruculuğu prosesi dayanmadı. Yeni hərbi hissələr, "Komando" birlikləri, müdafiə sənayesinin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi Azərbaycanın təhlükəsizlik strategiyasının davamlı olduğunu göstərir.

Hərbi güc təcavüz üçün deyil, sülhün qorunması üçün əsas vasitədir. Güclü ordu regionda sabitliyin təminatçısına çevrilir. Prezident İlham Əliyevin andiçmə mərasimində vurğuladığı kimi, Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Prezidentin "Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir" fikirləri ölkəmizin artan geostrateji əhəmiyyətini bir daha ifadə edir. İftixarla qeyd edə bilərik ki, Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri ölkəni beynəlxalq tranzit mərkəzinə çevirir. Bu bir həqiqətdir ki, Bakı limanı, dəmir yolu layihələri və logistika infrastrukturu regionun iqtisadi xəritəsini dəyişir. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Azərbaycan qlobal ticarət zəncirində mühüm halqaya çevrilir və regional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir.

2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu hadisə uzun illər davam edən münaqişə mərhələsinin hüquqi və siyasi cəhətdən tamamilə bağlanması demək idi. Artıq ölkə qarşısında duran əsas vəzifə postmünaqişə dövrünün quruculuq və inteqrasiya mərhələsini uğurla başa çatdırmaqdır. Dövlətin məqsədi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasıdır.

Andiçmə mərasimində səslənən fikirlər bir daha göstərdi ki, qarşıdakı illərin əsas prioritetləri aydındır - Qarabağın tam bərpası, "yaşıl enerji" strategiyasının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, hərbi modernləşmənin davamı, milli-mənəvi dəyərlərin qorunması. Bu prioritetlər Azərbaycanın uzunmüddətli inkişaf modelini formalaşdırır.

Son illərin təcrübəsi göstərdi ki, səbir, siyasi qətiyyət və milli birlik böyük nəticələr doğurur. Azərbaycan bu illər ərzində münaqişə vəziyyətində olan ölkədən qalib dövlətə, regional iştirakçıdan regional liderə çevrildi. 

Bu gün Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, bərpaolunan torpaqlara, artan beynəlxalq nüfuza, ən əsası, öz liderinə inanan xalqa malikdir. Xalq-Prezident birliyi isə bütün bu uğurların əsas təminatıdır. Tarix artıq öz hökmünü verib - Azərbaycan qalib dövlətdir. İndi isə qarşıda duran vəzifə bu qələbəni davamlı inkişaf, sosial rifah və uzunmüddətli sabitliklə möhkəmləndirməkdir. Bu yol inam yoludur. Bu yol quruculuq yoludur. Bu yol güclü və suveren Azərbaycanın yoludur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!