Azərbaycan mediasının tarixində birəsrlik səs, 70 illik ekran salnaməsi - Azərbaycan Teleradiosunun 100 illiyi və Azərbaycan Televiziyasının 70 illik yubileyi qeyd olunur. Bu yubiley xalqın düşüncəsinin, tarix yaddaşının, milli kimliyin, mədəniyyət və maarifçilik ənənələrinin inkişaf tarixidir.
1926-cı ildə efirə yayılan ilk radio siqnalı Azərbaycan insanının dünyaya yetişən səsinə çevrildi. O səs ki, çətin illərdə ümid, müharibə illərində ruh yüksəkliyi, quruculuq dövründə inam, çağdaş dövrdə müstəqillik ideallarının carçısı oldu. Radio dalğaları vasitəsilə yayılan söz milli şüurun formalaşmasında, dilimizin saflığının qorunmasında və inkişafında əvəzsiz rol oynadı.
1956-cı ildə Azərbaycan Televiziyasının ilk yayımı isə artıq səsə görüntü qataraq ekranı xalqın güzgüsünə çevirdi. Bu ekran illər boyu tarixi hadisələri lentə aldı, sənəti, ədəbiyyatı, elmi, ictimai-siyasi prosesləri tamaşaçıya dolğun şəkildə çatdırdı. Azərbaycan Televiziyası milli-mənəvi dəyərlərin qoruyucusu, maarifçilik missiyasının daşıyıcısı oldu.
Azərbaycan Televiziyası son illər yenilənmə görkəmi, çağdaşçı mövqeyi, vizual tərəqqisi və milli ənənələrə sadiqliyi ilə öz missiyasına yeni tərz qazandırıb. Milli-mənəvi dəyərlərimizi ehtiva edərək 50 milyonluq bütöv bir xalqın aynasına, təkcə yaxın keçmişimizin deyil, həm də bu günümüzün haqq səsinə çevrilib. Mənəvi irsimizin layiqli daşıyıcısı olan milli teleradio dövlət-millət vəhdətini təcəssüm etdirməklə, xalqımızın tarixində birəsrlik salnamə, mədəni irsimizi əks etdirən ekran yaddaşıdır.
Ana televiziyamız 44 günlük Zəfər savaşımızda ən dəqiq operativ xəbər mənbəyi kimi çıxış etdi. Xalqımıza gecə-gündüz cəbhə bölgələrindən alınan yeniliklər çatdırdı, Azərbaycan auditoriyasını işğaldan azad edilmiş torpaqlarımızla qovuşdurmağa nail oldu. Vətən müharibəsindən sonra Azərbaycan Televiziyasında yayımlanan sənədli filmlər Zəfər salnaməsinin ekran təcəssümüdür. Bu filmlər şəhidlərin xatirəsini əbədiləşdirir, qazilərin qəhrəmanlığını, ordumuzun şücaətini, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin strateji və siyasi əhəmiyyətini tamaşaçıya yüksək peşəkarlıqla təqdim edir. Zəfər tariximizin sənədlərə, faktlara əsaslanan formada təqdim olunması həm gələcək nəsillər üçün arxiv materialı, həm də milli qürur mənbəyidir. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən bu ekran əsərləri vətənpərvərlik ruhunu hər keçən gün daha da gücləndirir.
Bu gün "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC müasir texniki imkanlar, peşəkar jurnalist və yaradıcı heyətlə dövlətçilik ənənələrinə sadiq qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, milli maraqların qorunması, tariximizin düzgün təqdimatı, vətənpərvərlik ruhunun gücləndirilməsi, multikultural dəyərlərin təşviqi, televiziya və radio proqramlarında öz əksini tapır. Efir siyasətində milli ideologiyanın təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması prioritet istiqamət kimi müəyyənləşdirilir.
Azərbaycan Teleradiosu müasir dövrdə dövlətçilik mövqeyini qoruyaraq informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qlobal informasiya müharibələrinin getdiyi bir dövrdə milli medianın məsuliyyəti daha da artır. Bu baxımdan, Azərbaycan Televiziyası obyektivlik, operativlik və milli maraqlar prinsipi çərçivəsində fəaliyyət göstərir və dövlətin informasiya siyasətinin etibarlı dayaqlarından biri kimi çıxış edir. Xüsusilə informasiya-analitik proqramlar sırasında "Həftə", "Hədəf", "Tarixin izi ilə" və digər verilişlər ictimai-siyasi proseslərin obyektiv təhlili və milli məfkurəsi ilə seçilir. Faktların sənədli materiallar və mütəxəssis rəyləri əsasında təqdim olunması bu istiqamətli proqramları elmi əsaslı və etibarlı mənbəyə çevirir. Ortaq türk kimliyi, mədəni bağlar və tarixi irs kontekstində geniş auditoriyanın marağına səbəb olan "Türk yurdu", "Anın tarixi" kimi verilişlər, sənədli layihələr türk dünyası ilə inteqrasiyanın ideoloji əsaslarını möhkəmləndirir. Bundan başqa, milli kimlik və vətəndaşlıq şüurunun formalaşmasına mühüm töhfə verir.
Eyni zamanda mədəniyyətin, musiqinin, ədəbiyyatın, teatr və kino sənətinin təbliği istiqamətində həyata keçirilən layihələr milli irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Radio və televiziya fondunda qorunan arxiv materialları Azərbaycan tarixinin canlı yaddaşıdır. Bu arxivlər tədqiqatçılar, tarixçilər və mədəniyyət xadimləri üçün qiymətli mənbə, qızıl fond dəyərindədir.
70 illik televiziya və 100 illik radio yolunun hər mərhələsində onlarla jurnalist, aparıcı, rejissor, operator, səs mühəndisi və digər yaradıcı insanın zəhməti dayanır. Onların peşəkarlığı nəticəsində Azərbaycan Teleradiosu bu gün də xalqın etimadını qoruyub saxlayır.
Əlibala MƏHƏRRƏMZADƏ,
Milli Məclisin deputatı, professor