Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Afrika Mənzil Maliyyələşdirmə Birliyinin təşkilatçılığı ilə Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mənzil sektorunda dövlət qurumları, özəl şirkətlər, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və icmalar arasında davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələləri müzakirə olunub.
Sessiyada çıxış edən Nigeriyanın “Family Homes Funds Limited” şirkətinin idarəedici direktoru və baş icraçı direktorunun texniki müşaviri Ahmed Baba bildirib ki, UN-Habitat-ın 2026-cı ilə olan məlumatlarına görə, dünyada qeyri-qənaətbəxş mənzil şəraitində yaşayan insanların sayı təxminən 3,4 milyard nəfərə çatıb. Bu göstəricinin 70 faizdən çoxunu isə Qlobal Cənub ölkələri təşkil edir.
O bildirib ki, əvvəllər problemin əsas hissəsi daha çox Şərq regionlarında müşahidə olunsa da, Yaxın Şərqdə baş verən son böhranlar vəziyyətə ciddi təsir göstərib.
“Qeyri-qənaətbəxş mənzil şəraitində yaşayan əhalinin böyük əksəriyyəti Afrika qitəsinin payına düşür. Sürətli urbanizasiya, maliyyə resurslarının məhdudluğu və əlçatan mənzil siyasətinin zəifliyi Qlobal Cənub ölkələrində mənzil problemini daha da dərinləşdirir”,- deyə o əlavə edib.
O qeyd edib ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu göstərici 100 milyondan çox insanın mənzil problemi ilə üzləşməsi deməkdir.
“Bu rəqəmin Cənubi Afrika və Qananın ümumi əhalisinə bərabər olduğu vurğulanıb. Bildirilib ki, Nigeriyada ipoteka kreditlərinin ÜDM-ə nisbəti 1 faizdən də azdır. Mənzil maliyyələşdirilməsi üzrə faiz dərəcələri isə 20-32 faiz arasında dəyişir ki, bu da vətəndaşların əlçatan mənzil əldə etməsini çətinləşdirir.
Mütəxəssislər qeyd ediblər ki, mövcud maliyyə çatışmazlığı mənzil sektorunun bütün dəyər zəncirinə təsir göstərir. Bu səbəbdən risklərin düzgün idarə olunmasına və maliyyə mexanizmlərinin daha dəqiq qurulmasına əsaslanan yeni maliyyə arxitekturasının formalaşdırılması vacib hesab olunur”,- deyə o əlavə edib.
Cənubi Afrikada “Moladi Development” şirkətinin idarəedici direktoru Hennie Botes çıxışında bildirib ki, hazırda Cənubi Afrikada işsizlik 62–65 milyon əhali arasında təxminən 16 milyon nəfər səviyyəsində qiymətləndirilir, eyni zamanda, təxminən 3 milyon yeni mənzilə ehtiyac var.
Onun sözlərinə görə, rəqəmlərin təhlili göstərir ki, mövcud dövlət mənzil tikinti proqramları ildə təxminən 24 min evin inşasını nəzərdə tutur.
“Bu tempdə 3 milyon mənzil ehtiyacının ödənilməsi təxminən 125 il vaxt tələb edəcək ki, bu da problemin miqyasını daha aydın ortaya qoyur.
Mütəxəssislər hesab edirlər ki, işsizlik və mənzil çatışmazlığı ayrı-ayrı deyil, bir-biri ilə əlaqəli problemlərdir və onların həlli üçün kompleks yanaşma tələb olunur. Eyni zamanda, kənd ərazilərinin inkişafına daha çox diqqət yetirilməsinin şəhərlərə miqrasiyanı azalda biləcəyi və urbanizasiyanı balanslaşdıracağı vurğulanır”,- deyə o əlavə edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Gender və İqtisadi İnklüzivlik üzrə baş mütəxəssisi (Principal) Pawel Krasny vurğulayıb ki, mənzil və əlçatan yaşayış məsələlərində mürəkkəb maliyyə alətləri və müxtəlif sosial qrupların prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, əsas məqsəd daha səmərəli nəticələr əldə etməkdir və bunun üçün bütün tərəflərin ortaq maraqlar ətrafında birləşməsi vacibdir.
“Layihələrin hazırlanması və ekosistem müzakirələri bir-biri ilə əlaqəlidir və bu sahədə müzakirələrin düzgün idarə olunması və ekosistemin gücləndirilməsi miqyaslı nəticələr üçün əsas şərtdir”,- deyə o bildirib.
Tədbirdə, həmçinin beynəlxalq və regional qurumlar, maliyyə və daşınmaz əmlak şəbəkələri, yerli idarəetmə strukturları və inkişaf tərəfdaşları arasında uzunmüddətli dialoqun qurulması, WUF13 kimi qlobal platformaların real və yerli nəticələrə çevrilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.