Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə WUF13-ün bağlanışına həsr olunan videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.
Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Mohammed Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyində göstərdikləri qonaqpərvərliyə və liderliyə görə Azərbaycan Hökumətinə, xalqına ən dərin minnətdarlığını bildirərək deyib: "Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb".
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün təcrübəsini WUF14-ə hazırlıq prosesində bölüşməyə hazır olduqlarını qeyd edib. "WUF14-ə gedən yolda şəhərsalma gündəliyini irəli aparmaq və mənzil problemlərini işıqlandırmaq üçün əlimizdə daha bir mühüm platforma olacaq. Bu da Türkiyədə keçiriləcək olan COP31-dir", - deyə milli koordinator əlavə edib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rekord sayda iştirakçını bir araya gətirdiyini və güclü, vahid bir mesaj verdiyini qeyd edib. "Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Artıq hərəkət vaxtıdır. Dünya cüzi tərəqqidən sistemli transformasiyaya doğru addımlamalıdır.
Bakıda verilən mesaj aydındır. Növbəti onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçüləbilən müsbət təsirlərlə xarakterizə olunmalıdır", - deyə A.Rossbax vurğulayıb.
Qambiyanın Banjul şəhərinin meri və “REFELA” Afrika şirkətinin prezidenti Rohey Malick Lowe deyib: “Bakıdan açıq şəkildə bəyan edirik ki, mənzil təminatı insan hüququdur. Bu, demokratik bir vəzifədir. Universal, əlçatan və ədalətli ictimai xidmətlər olmadan ləyaqətli mənzil şəraiti mövcud ola bilməz. Yerli və regional hakimiyyətlərin hər gün daşıdıqları nəhəng məsuliyyətə uyğun gücə, maliyyəyə və siyasi tanınmaya ehtiyacı var”.
Argentinanın Kordoba Milli Universitetinin professoru, Latın Amerikası Qadınlar və Mənzil Şəbəkəsinin həmtəsisçisi Ana Falu qadınların siyasət subyekti kimi nəzərə alınmamasının bərabərsizliyi daha da pisləşdirdiyini qeyd edərək deyib: "Bu, xüsusilə qadınlara və onlardan asılı olanların həyatına təsir edən gərginliklər və ziddiyyətlər dünyasıdır. Buna görə də bu siyasəti təşviq etmək, dünyanın genişlənməsini nəzərə alaraq hərtərəfli bir sistem qurmaq lazımdır".
UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some bildirib ki, "Bakı Fəaliyyətə Çağırış” sənədi ehtiyac duyduğumuz transformativ dəyişikliyə yol göstərə biləcək praktik, əlçatan və aydın bir yol xəritəsi təqdim edir. Bu, bizə xatırladır ki, fəaliyyətsiz baxışlar nə ev, nə şəhər, nə də gələcək qura bilər.
“LUMANTI” Sığınacaq Dəstək Qrupunun və Asiya Mənzil Hüquqları Koalisiyasının icraçı direktoru Lajana Manandhar Azərbaycan Hökumətinə və xalqına göstərdiyi sevgi, qayğı və çox səmimi qonaqpərvərliyə görə təşəkkür edərək WUF13 çərçivəsində dünyanın gözəl şəhərlərindən biri olan Bakıda dünyanı təhlükəsiz və dözümlü şəhərlər, icmalarla təmin etmək mövzusunun müzakirə edildiyini vurğulayıb.
ADA Universitetinin dosenti Anar Vəliyev mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyasının qətiyyətli, birgə və təxirəsalınmaz cavab tədbirləri tələb etdiyini deyib. O, bu fəaliyyətə çağırışın mərkəzində mənzil təminatının yenidən prioritetləşdirilməsinin dayandığını qeyd edib.
Mexiko şəhərinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Maria del Rosario Lombera Gonzalez şəhər hökuməti və Meksika nümayəndə heyəti adından, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını təşkil etdiklərinə görə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərini çatdıraraq, Bakının qonaqları böyük səxavət, istilik, əzəmət və heyranedici qətiyyətlə qarşıladığını bildirib.
Göstərilən səylərin xüsusi təşəkkürə layiq olduğunu vurğulayan baş koordinator bu işin asan olmadığını, lakin Azərbaycan Hökumətinin buna baxmayaraq onu nümunəvi şəkildə həyata keçirdiyini qeyd edib.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun növbəti Sessiyasına (WUF13) sədrlik Azərbaycandan Meksikaya təhvil verilib.
Sonda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını bağlı elan edib.