Vikipediya
qlobal məlumat bazasına və sosial şəbəkəyə çevrilib
Daim yeni
məlumat axtarışındayıq. Ancaq müraciət etdiyimiz mənbənin də mötəbərliyi mütləqdir.
Ona görə də bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi vikipediyanın
mövqeləri daha da möhkəmləndirilir. Vikipediya istənilən mövzuda müzakirə aparmaq,
bildiklərini paylaşmaq, məsləhət almaq, yeniliklərdən xəbərdar olmaq və milyonlarla insanın yaradıcılığını izləmək, yaşadığın ölkəni
tanıtmaq üçün asan vasitədir. Ən əsası isə artıq internetin ən böyük mənbə və məlumat
bazasına çevrilir.
Cəld və bildiyimiz
qədər...
Dünyanın
300-ə yaxın dilində yayımlanan vikipediya virtual, açıq ensiklopediyadır. Könüllülər
tərəfindən zənginləşdirilən bu resursa dünyada internetə çıxışı olan hər bir kəs
daxil olaraq səhifələrdə dəyişiklik apara bilər. Vikipediya yalnız bilik mənbəyi
deyil, həm də nəhəng sosial şəbəkədir. Və beləliklə, dünyada yeni bir cəmiyyətin
- vikicəmiyyətin yaranmasına təkan verib.
Vikipediyanın
yaradıcıları Cimmi Ueyls və Larri Sanger biliklərini paylaşmaq istəyən insanların
birgə təşəbbüsü ilə dünyanın ən dolğun internet ensiklopediyasını yaratmaq qərarına
gəlirlər. 2001-ci ilin yanvar aynın 10-da vikipediyanın ilk bölməsi işıq üzü görür.
Bundan 5 gün sonra vikipediya müstəqil sayt kimi fəaliyyətə başlayır.
Qısa müddətdə
dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olan vikipediya 100-dən çox
dildə olan "Vikimedia Fondu” tərəfindən yaradılmış onlayn ensiklopediyadır. Onun
əsas tələbi yazılan məqalələr və əlavə edilən məlumatların qərəzsiz olmasıdır.
Vikipediya
sözünün mahiyyəti barədə bir neçə versiya var. Bəzi iddialara görə, havaylıların
dilində "wiki” (wihiwihi) sözü "tez”, "cəld” mənasını verir. Bəziləri isə deyir
ki, "wiki” sözü "What I Know Is..” ifadəsinin baş hərfləridir. Mənası "bildiyim
qədər” deməkdir.
300-ə yaxın
dil qrupu arasında Azərbaycan Vikipediyası 52-cidir
Azərbaycanca
vikipediya 2004-cü ildən etibarən fəaliyyət göstərir və artıq 140.093 məqalə dərc
edib.
Bəs Azərbaycan
vikipediyası necə zənginləşdirilir? Bu işlə
kimlər məşğuldur? Bizi maraqlandıran bu və ya digər suallara cavab tapmaq üçün Azərbaycan
vikipediyasının "qərargah”ı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yollandıq.
Gün ərzində
vikipediyanın Azərbaycan bölməsində 60-a yaxın məqalə hazırlanıb yerləşdirildiyini
deyən Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron
resursları şöbəsinin müdiri Elnur Eltürk bildirir ki, iş fəaliyyətlərinin əsası
Azərbaycan dilində olan materialları zənginləşdirməkdir.
İşçi heyətinin
bütünlüklə vikipediyanın milli versiyasının inkişafı üçün çalışdığını diqqətə çatdıran
Elnur Eltürkün sözlərinə görə, Azərbaycan bölməsində fəaliyyət göstərən idarəçilər,
istifadəçilər tərəfindən istər azərbaycanca vikipediyada, istərsə də digər dillərdə
olan bu resursda ölkəmizlə bağlı maraqlı məqalələr hazırlanır: "Gündəlik olaraq bir çox sahələri əhatə edən məqalələr yazılır,
yarımçıq məqalələr redaktə edilir, ingilis-rus dillərindən Azərbaycan dilinə məqalələr
tərcümə edilir. Vikipediyanın 300-dən artıq dil qrupu var ki, Azərbaycan bölməsi
hazırda məqalələrin sayına görə bu siyahıda 52-ci yerdədir və bu, böyük uğur sayılır.
AMEA MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən xaricidilli vikipediyalarda
məqalələrin yaradılması prosesi sürətlə davam edir. Onlarla məqalə tərcümə olunaraq
vikipediyalara yerləşdirilir”.
İstənilən
şəxs vikipediyada məqalə yerləşdirə bilər
Elnur Eltürk
qeyd edir ki, Azərbaycan Vikipediyasına öz töhfəsini vermək arzusunda olanlara da
təlimlər keçilir. AMEA-nın müxtəlif institutlarının
əməkdaşları, ali təhsil müəssisələrinin tələbələri, QHT təşkilatlarının nümayəndələri
üçün təlimlər təşkil olunur. Onlar da burada öyrəndiklərini tətbiq edərək maraq
dairələrinə uyğun məqalələr hazırlaya bilərlər:
"Bu gün Azərbaycan
Vikipediyasında böyük işlər görülür. AMEA Mərkəzi Elmi Kitabxanasında vikipediyanın
şərtləri və prinsipləri, həmçinin məqalə yaradılması ilə bağlı təlimlər keçilir. 2015-ci ildən etibarən 40-dan
çox təlim keçilib. Sonda onlara sertifikatlar verilir. Təlim iştirakçıları sistemli
şəkildə məqalələr hazırlayırlar, yarımçıq materialları redaktə edib genişləndirirlər.
Fəaliyyətlərini daim izləyirik. İstənilən şəxs vikipediya üçün məqalə hazırlaya
bilər. Burada əsas şərt məqalənin ensiklopedik olmasıdır. Əgər məqalə şərtlərə cavab
vermirsə, müzakirəyə çıxarılır və səsvermə yolu ilə silinir”.
Mənbə mötəbər
olmalıdır
Mərkəzi Elmi
Kitabxananın Sərbəst elektron resursları şöbəsinin təlimlər üzrə bölmə rəhbəri Günay
Məmmədova isə bildirir ki, məqalə yaradarkən istinad etdikləri əsas mənbə ensiklopediyadır.
Bundan başqa, rəsmi qəzet, sayt, kitab, jurnal, akademik kitablardan da mənbə kimi
istifadə edilir.
Günay Məmmədova
deyir ki, hər şəxs haqqında vikipediyada məqalə yerləşdirilə bilməz. O, müəyyən
şərtləri ödəməli və ən əsası, ensiklopedik şəxs olmalıdır: "Ən başlıcası, həmin
şəxsin tanınmış olmasına diqqət edirik. Alimdirsə, elmi dərəcəsi, məqalələri, kitabları
olmalıdır. Xalq arasında, beynəlxalq aləmdə tanınmış olmalıdır. Onunla bağlı məlumatları
toplayarkən sağdırsa, lazımi məlumatları özündən soruşuruq, həyatda deyilsə, kitablardan,
haqqında çıxan materiallardan, bəzən gərəkdirsə, ailə üzvlərindən toplayırıq. Məqaləni
yerləşdirdikdən sonra onun fəaliyyətini izləməliyik ki, yeni bir məlumat olduğu halda məqaləyə düzəliş
edək. Dünyasını dəyişərsə, ölümü barədə informasiya
yayılarsa, dəqiqləşdirib biz də məqaləyə əlavə edirik”.
Məqalələrə
necə nəzarət edilir?
Bəzən məqalələrə
qərəzli müdaxilələr edildiyini vurğulayan Günay Məmmədova deyir ki, belə halda
16 nəfərdən ibarət idarə heyəti tərəfindən məsələ müzakirəyə çıxarılır, aydınlaşdırılır.
Düzəlişin istinad edildiyi doğru mənbə tapılarsa, redaktə saxlanılır, əks halda
isə düzəliş silinir. Əgər vandalizm törədilibsə, o halda həmin material mühafizəyə
alınır. Yəni bundan sonra ancaq məqalənin müəllifi və idarə heyətinin üzvləri həmin
məqaləyə daxil olub redaktə edə bilər.
Vikipediyanın
prinsiplərini sadalayan Günay Məmmədova deyir ki, burada məqalə hazırlayarkən obyektiv
olmaq lazımdır. Digər prinsip isə məqalənin vikiləşdirilməsidir. Həmçinin istinadlara
diqqət yetirilməlidir.
Mövzular maraq
dairəsinə uyğun seçilir
Azərbaycanın
Milli qəhrəmanları haqqında ingilisdilli vikipediyada məqalələrin yaradılması prosesi
də davam edir. Bu işdə Sərbəst elektron resursları şöbəsinin əməkdaşı olan Jalə
Babazadənin böyük töhfəsi var.
İş prosesi,
gördüyü işlə bağlı məlumat verən Jalə indiyə qədər ingilisdilli vikipediyada Əliyar
Əliyev, Səfiyar Behbudov, Şikar Şikarov, Raquf Orucov, Fərid Əhmədov və digər azərbaycanlı
qəhrəmanlar haqda 37 məqalə hazırlayıb. Onun sözlərinə görə, bu fəaliyyət artıq
daha intensivliklə davam edəcək.
Jalə deyir
ki, bəzən ermənilər Dağlıq Qarabağ münaqişəsinə dair ingilisdilli vikipediyada yerləşdirilən
məqalələrə müdaxilə də edirlər.
"Yanlış məlumatların
qarşısını almağa çalışırıq”
Gülarə Səbzəliyeva isə əsasən ədəbiyyat sahəsində məqalələr hazırlayır.
Mövzuları maraq dairəsinə uyğun seçir. Hazırda
Azərbaycanda XX əsr repressiya qurbanı olan şəxslər haqda məqalələrin redaktəsi
ilə məşğuldur. Fərqli mənbələrdən istifadə edərək mövcud məqalələri daha da dolğun
vəziyyətə gətirir. Gülarə deyir ki, vikipediya nə qədər açıq ensiklopediya olsa
da, müəyyən qaydaları var və o qaydalar pozulduğu halda xəbərdarlıq edilir. Xəbərdarlığa
əməl edilmədikdə isə həmin istifadəçi sistemdən çıxarılıb bloka atılır: "Məqsədimiz
bizi oxuyanların düzgün məlumatlanmasıdır. Yanlış məlumatların qarşısını almağa
çalışırıq. İşimiz buna görə daha məsuliyyətlidir”.
Məqalə yazarkən
bir neçə kitabdan mənbə kimi istifadə edilir
Təlimçi Sura
Məmmədova məqalələri redaktə etməklə məşğuldur. Dediyinə görə, işinin maraqlı tərəfi
odur ki, həm özü öyrənir, həm də oxucuları məlumatlandırır. Məqalə hazırlayarkən bir neçə kitabdan mənbə kimi
istifadə edir: "Yaxşı məqalə hazırlanması bir neçə gün çəkir. Mənbələrin əldə olunması,
onu araşdırmaq, istifadə etmək çox vaxt tələb edir. Daha çox filologiya, siyasətçilər,
aktyorlar haqqında məqalələr yazıram. Geniş
məqalə olanda bir ay ərzində 30-35, kiçik ölçüdə olanda isə 50-ə qədər məqalə
hazırlayıram”.
Azərbaycana
dair məqalələr müxtəlif dillərə tərcümə edilir
Bakı Dövlət
Universitetinin Hüquq fakültəsi üzrə magistr təhsili alan Firuzə Nəsibli elə öz
sahəsinə uyğun da məqalələr hazırlamaqla məşğuldur. Azərbaycandilli vikipediyada
hüquqla bağlı məqalələrin məhdud olduğunu deyən Firuzə təxminən 100-ə yaxın məqalə
hazırlayıb.
Səbinə Abizadə
və Nuray Tanrıverdiyeva da Azərbaycanı rus və ingilisdilli vikipediyalarda təbliğ
etməyə çalışır. Səbinə əsasən tarix, coğrafiya
mövzularında məqalələr yazır. Nuray isə Azərbaycana dair məqalələri rusdilli vikipediyada
yerləşdirir. Bununla yanaşı, yüzlərlə məqalədə dəyişikliklər edib zənginləşdirməklə
məşğuldur.
Mahirə Niftullayeva
isə Azərbaycan və dünya tarixinə dair müxtəlif məqalələr hazırlayıb. Hazırda isə
Macarıstan tarixi ilə bağlı məqalələrin həm yaradılması, həm də redaktəsi
ilə məşğuldur. Fəaliyyəti dövründə tarixi şəxsiyyətlər, tarixi hadisələr, dövlət
adamları, o cümlədən incəsənət xadimləri ilə bağlı 30-a yaxın məqalə hazırlayıb. Məqsədi Macarıstanla bağlı məqalələrin sayını
daha da artırmaqdır.
Qulamhüseyn
Məmmədov işə qəbul olunduğu müddətdən indiyədək 600-ə yaxın tarixi məqalə yazıb,
redaktə edib. Xüsusən Azərbaycan tarixinə dair məqalələr yaradıb. Dediyinə görə, təkcə Azərbaycan Xalq Cümhuriyyəti
mövzusunda 150 məqaləsi var. 10 məqaləni isə əsaslı formada redaktə edib. Bundan
başqa, Qarabağın qədim dövr tarixi ilə bağlı müxtəlif məqalələr hazırlamaqla da
məşğuldur.
Vikipediya
artıq gündəlik müraciət etdiyimiz, məlumat aldığımız, biliyimizi zənginləşdirdiyimiz
qlobal şəbəkəyə çevrilib. Bu ümumdünya informasiya bazasının təkmilləşdirilməsində,
orada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində isə hamımız iştirak edə bilərik.
Vikipediya bu imkanı bizə verir.
Fərizə ƏHMƏDOVA,
Ağaəli MƏMMƏDOV
(foto),
"Azərbaycan”